Beynəlxalq Əlillər günü münasibəti ilə “Əlillərə dəstək” adı altında görüş

16 noyabr, 2018
Paylaş:

Beynəlxalq Əlillər günü münasibəti ilə “Əlillərə dəstək” adı altında görüş

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 16 noyabr 2018-ci il tarixdə Beynəlxalq Əlillər günü münasibəti ilə “Əlillərə dəstək” adı altında görüş keçirildi.

Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdii ki, 14 oktyabr 1992-ci il tarixdə Əlillər Onilliyinin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün əsas məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır. Azərbaycanda əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Dövlət tərəfindən belə insanların sosial rifahının yüksəldilməsi, sosial təminatı istiqamətində mühüm addımlar atılır.

Kitabxananın direktoru Oruc Quliyev çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, fiziki sağlamlığını itirən insanlara, onların problemlərinə böyük həssaslıqla yanaşmasından, dahi rəhbərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də əlillərin sosial müdafiəsini daim diqqət mərkəzində saxlamasından, əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmasından danışdı.

BDU-nun müəllimi İradə Əlili fiziki sağlamlığını itirən Mətanət Qüdsi adlı gənc əlil qızın gözəl rəsm əsərləri yaratmasından, şerlər müəllifi olmasından danışdı. Əlillərin həyat şəraitinin yaxşılaşmasının, onların ictimai hüquqlarının qorunmasının vacibliyini qeyd etdi.

38 saylı Uşaqlar Üçün Gözdən Əlillər Musuqi Məktəbinin direktoru, I qrup gözdən əlil Əsab Əliyev əlilliyi olan musiqiçilərin işlə təmin olunma problemlərini açıqladı.

Hüquqşünas, SSRİ idman ustası, I qrup gözdən əlil Camal Cabbarov əlillərin ali təhsil məktəblərində ödənişsiz təhsillərinin həyata keçirilməsini, həmçinin, əlillər üçün istirahət zonalarının artırılmasını təklif etdi.

Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Samirə Cəlilova, Azərbaycan Pedaqoji Universitetinin filologiya fakültəsinin gənclər təşkilatının sədri Sənan İmanov, Respublika Gözdən Əlillər Kitabxanasının kitabxanaçısı Mahirə Şəmsiyeva, Gəncə MKS-nin şöbə müdiri Gülünaz İskəndərova, kitabxananın informasiya-resurs şöbəsinin müdiri Yeganə Qarayeva Azərbaycanın BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulmasından, respublikada əlillərə göstərilən qayğı və diqqətdən danışdılar.

Əlil gənc artistlərin tamaşasını əks etdirən video çarx nümayiş olundu. Tədirdə həmçinin, Yasamal rayonu İcra Hakimiyyətinin aparıcı mütəxəssisi Aytən Piriyeva, Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin baş metodisti Kəmalə Şahverdiyeva, Respublika Gözdən Əlillər Kitabxanasının əməkdaşları Mehriban Qurbani, Gülşən Babayeva, Şəki, Gəncə şəhər, Qax, Ağcabədi, Göyçay, Səbail, Zərdab, Quba, Ucar, Astara, Ağdaş, Nəsimi, Qusar, Binəqədi, Nərimanov, Yasamal, Xətai rayon MKS- lərinin əməkdaşları da iştirak edirdilər.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()