Bəşir Səfəroğlu
Tramvaydan qorxub dili açılan görkəmli aktyor, gülüş ustası, Xalq artisti Bəşir Səfəroğlu...
Əslən Qubadan olan Bəşir Səfəroğlu Bakıda Səfər kişi və Qızılgül xanımın ailəsində doğulub. Ailədə üç qardaş, bir bacı olublar. Bəşir orta məktəbin yeddinci sinfində oxuyanda ailə vəziyyətinin ağırlaşması ucbatından məktəbdən uzaqlaşmalı olub. Ailəsinə maddi köməklik göstərmək üçün işləməli olan Bəşir on dörd yaşında şoferlər klubunun dram dərnəyinə gedib. Kiçik intermediyalarda, birpərdəli məsxərələrin tamaşalarında kiçik rollar oynayıb.
1941-ci ilin sonlarında müharibəyə yollanan aktyor Böyük Vətən müharibəsində iştirak edib və yaralanıb, kontuziya alaraq lal-kar kimi ordudan tərxis olunub. Ürəyi partlamasın deyə, o dövrün incəsənətə qiymət verməyi bacaran insanları onu teatra xora götürüblər ki, heç olmasa oxuyanların arasında ağzını açıb-yumsun. Bir dəfə evə gələndə az qalıb tramvayın altına düşsün və həmin anda qışqırıb, o hadisədən sonra dili açılıb, qulağı eşidib. Bu barədə başqa bir versiya da irəli sürülüb. Deyilənə görə, gərgin günlərdən birində o yuxuda bərk həyəcanlanıb və bununla da dili açılıb.
Bəşir Səfəroğlu iki dəfə ailə qurub. Birinci dəfə evləndiyi həyat yoldaşından qızı Afaq Bəşirqızı doğulub. Lakin aktyorun həyat yoldaşı gənc yaşında vəfat edib. Bundan sonra Bəşir Səfəroğlu ikinci dəfə evlənib. Afaq xanım bir müddət nənəsinin himayəsində yaşasa da, Bəşir bu ayrılığa dözməyib, qızını evinə, öz yanına gətirib.
Çox sərt xasiyyəti olub. Qızı Afaqın aktrisa olmasını istəməyib. Amma deyilənə görə, Afaq səhnəyə çıxanda tamaşa vaxtı bir neçə dəfə onu səhnənin kənarından izləyib, bunu gizlin edib ki, qızı xəbər tutmasın.
Əsl azərbaycanlı kişisinə xas olan bütün keyfiyyətləri özündə birləşdirən Bəşir Səfəroğlu komik aktyor olsa da, ailədə çox ciddi olub. Çox az dostu olan aktyor hər adamla yoldaşlıq etməz, hər kəsi evinə qonaq gətirməzmiş. Evdə uşaqlarına qarşı çox sərt olub, onları öpüb əzizləməyi xoşlamayıb. Qızı Afaq xanım müsahibələrinin birində deyir ki, işi nə qədər çox olsa belə hər həftənin şənbə günü mütləq onun gündəliyini yoxlayıb nəzarət edirmiş. Aktrisa atasının cəmi bir dəfə ona şillə vurmasından danışıb: "Bir dəfə 20 qəpik verib parta yoldaşımın sapandını almışdım. Uşaqlıqda sapanddan xoşum gəlirdi. Bayaq dediyim kimi, atam hər həftənin şənbə günü gündəliklərimizdəki qiymətləri yoxlayıb imzalayardı. Tərslikdən həmin gün dərsimdən "4" almışdım. Və o günün səhərisi atam gündəliyimə baxmaq üçün məktəb çantamı açanda sapandı görüb soruşdu ki, məndə hardandır. Cavab verdim ki, əmək dərsində düzəltmişəm. Lakin sapandın səliqə ilə düzəlməsindən başa düşdü ki, mənim işim deyil. Sonra məktəbə gedib, o işin axırına çıxdı və mənə bir şillə vurdu. O şillədən sonra bir daha mənə əl qaldırmadı. Çünki məni çox istəyirdi. Mən hələ də o şilləni üzümdə hiss edirəm".
Aktyorun ailəsi çox kasıb olub. Müharibəyə gedib-gələndən sonra mədəsi ağrımağa başlayıb, amma kasıb olduqlarına görə yaxşı müalicə ala bilməyib. Mədəsində yara əmələ gəlib. Bu yara isə sonradan xərçəngə çevrilib. Bunu onun özünə bildirməsələr də sağalmaz xəstəliyə tutulduğundan xəbərdar imiş. O, günü-gündən zəifləyib, heç nə yeyə bilməyib. Bəşir Səfəroğlu xəstəxanada yatanda Lütfəli Abdullayevlə Şəmsi Bədəlbəyli Mərkəzi Komitəyə zəng edib ona xalq artisti adının verilməsini xahiş edirlər. Şəmsi müəllim "Özünüz bilərsiniz, siyahıda Bəşirin adı var, ya yox. Biz bu gün səhnədə tamaşadan sonra onu Xalq artisti kimi təqdim edəcəyik", - deyib dəstəyi asır. Bəşiri xəstəxanadan gətirirlər. Üstündən bir az keçməmiş Xalq artisti təqdimatı da hazır olur.
Ömrünün son günlərində Afaq xanıma pis təsir etməsin deyə qızını onun yanına buraxmayıblar. Qızı 44 yaşında dünyadan köçən atasının ölümünü Novruz bayramından iki gün sonra martın 23-də televiziyadan eşidib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.