13 oktyabr, 2023
Paylaş:

“Belə çıxır ki, Azərbaycana mərkəzi hökumət lazım deyil?”

İstiqamət: Azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"

Müstəqillik dövrünün bizə qazandırdığı ən ali dəyərlərdən biri də Azərbaycançılıq ideologiyası oldu. Düzdür, sovetlərin zamanında, Azərbaycanın keçmiş SSRİ-nin tərkibində olduğu illərdə bu ideologiya bu və ya digər formada, daha dəqiq desək pərdə arxasında həyata keçirilir, inkişaf etdirilməyə çalışılırdı. Lakin bunu açıq şəkildə büruzə vermək, ortaya qoymaq həmin dövr üçün çətin olduğu qədər də, risqli bir iş idi. Ancaq bütün işlərin öhdəsindən ustalıqla gələn, onları həyata keçirməyi, qarşıya qoyulan hədəf və vəzifələri reallaşdırmağı bacaran ümummilli lider Heydər Əliyev elə sovetlərin zamanında da Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi, onun yayılması istiqamətində müvafiq addımlar atırdı.

Azərbaycançılıq ideologiyasının formalaşıb inkişaf etməsi, bu prosesdə ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan ictimai fəal, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Ramil Mehdili qeyd edib ki, tarixin ən qədim dövrlərinə səyahət edərkən coğrafi regionumuzda onlarla dövlətin mövcud olduğunun şahidinə çevrilirik.  Onun sözlərinə görə, bu dövlətlər millətimizin regionun ən qədim xalqlarından olduğunu bir daha sübut edir:

"Tarixi dövlətlərimizin mövcudluğu ilə bərabər Azərbaycançılıq ideologiyasının nə zaman yaranması və inkişafı da bizim üçün önəmlidir. İdeoloji təfəkkürün cəmiyyətdə formalaşması üçün 3 mühüm amil olmalıdır. Xalq, coğrafi ərazi və dövlətçilik. Azərbaycan tarixinə nəzər yetirdikdə bu üç amilin ilk dəfə özündə birləşdiyi dövlət kimi Səfəvilər dövlətini görə bilərik. Artıq bu zamandan etibarən Şimalda Dərbənddən, cənubda Zəncana, Həmədəna qədər, şərqdə Xəzər dənizindən qərbdə Şərqi Anadoluya qədər olan torpaqlarda Azərbaycan xalqı öz dövlətçilik ənənələrini, milli ideologiyasını inkişaf etdirməyə başlamışdır".

Ramil Mehdili deyib ki, türkdilli xalqlar qrupuna aid edilən Azərbaycan xalqı öz milli kimliyini unutmamış, günümüzə qədər qoruyub saxlamışdır:

"Azərbaycançılıq ideologiyasının ən önəmli mərhələlərindən biri Azərbaycan Xalq Cümhuriyyətidir. AXC dövründən başlayaraq xalqımız 3 rəngli bayrağın altında müstəqiliyin nə olduğunu hiss etdi, milli kimliyin vacibliyini anladı. Buna görə də  Azərbaycançılıq ideologiyası dedikdə güclü, müstəqil, dayanıqlı dövlət yada düşür. 1920-ci ildə bolşevik işğalı ilə AXC süqut etdi. Ruslar 70 ildən artıq bir dövürdə milli kimliyimizi yox etməyə, Azərbaycançılıq ideologiyasının üstündən xətt çəkməyə çalışmışdır. Azərbaycan adının işlənməsi, Azərbaycan dilində danışmaq qadağan edilmiş, insanlara rəhbər kimi erməni və digər qeyri-türk millətlərin nümayəndələri təyin edilmişdir. Cəmi 18 ay müstəqilliyi dadmış bir xalq Azərbaycançılıq ideologiyasını özündə daşımağı bacardı".

Natiq qeyd edib ki, Sovet Rusiyasının amansız represiyalarından, qadağalarından sonra milli dövlətçiliyi, milli ideologiyanı bərpa etmək üçün dahi bir şəxsiyyətə ehtiyac var idi:

"Hər bir dövlətin tarixində unudulmaz şəxslər tarixən mövcud olmuşdur. Bəzi şəxslər isə ümumiyyətlə tarixin istənilən dövründə bir neçə ölkənin yaddaşında silinməz iz qoymuşdur. Əlbəttə bunun üçün nələrdənsə keçməli, xalq uğurunda, millət uğrunda hər şeyindən keçməyə hazır olmalısan. Azərbaycan tarixinin unudulmaz şəxsiyyətinə çevrilən şəxsiyyət Heydər Əliyev idi. Həm birinci dəfə hakimiyyətə gəldiyi dövrdə, həmçinin prezident olduğu zamanda Azərbaycançılıq ideologiyasının inkişafına, xalqın milli kimliyinin, ana dilinin bərpasına görə Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Heydər Əliyevin dövründə Azərbaycançılıq ideologiyası təkcə siyasi elitada deyil, praktiki olaraq ümum-Azərbaycan ideologiyasına çevrilmə imkanı əldə edib".

Ramil Mehdilinin sözlərinə görə, Heydər Əliyev milli ideologiyanı elə bir mükəmməl şəkildə əlaqələndirmişdir ki, bu gələcək nəsillərin də bəhrələnməsinə gətirib çıxaracaqdır:

"Ümumilli liderin özünün dediyi kimi "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin bir ideya ətrafında birləşməsinə yol açmalıdır". Heydər Əliyev xalqını düşünən öndər olaraq 70 illik fasilədən, əzablı günlərdən sonra Azərbaycan xalqına milli kimliyini qaytarmağı bacardı. Azərbaycançılıq ideologiyasının bərpasına mühüm önəm verən Heydər Əliyev Ana Dili məsələsini daim diqqətdə saxlayıb. Hələ 1978-ci ildə güclü siyasi təzyiqlərə baxmayaraq Azərbaycan dilini Azərbaycan SSRİ-in konstitusiyasına daxil etməyi bacardı. Bəllidir ki, Azərbaycan dilini bilmədən azərbaycançı olmaq mümkün deyil. Bu işin nə dərəcədə çətin olduğunu Heydər Əliyev özü sonrakı çıxışlarının birində deyir: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".

Ramil Mehdili qeyd edib ki, Heydər Əliyev təkcə ölkə hüdudları daxilində yaşayan azərbaycanlıların deyil, xaricdə yaşayan soydaşlarımızın da vətənpərvər ruhda yaşamasında maraqlı olmuş, dünya azərbaycanlılarına Azərbaycançılıq ideologiyasını daha dərindən aşılamaq üçün 2001-ci ildə Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi haqqında müvafiq sənəd imzalamışdı. Ümummilli Lider dünya azərbaycanlılarına üzünü tutaraq demişdir ki "Siz hər biriniz yaşadığınız ölkənin dilini bilməlisiniz, o ölkənin adət-ənənələrini mənimsəməli və ona hörmət etməlisiniz. Amma bununla belə harada yaşamağınızdan asılı olmayaraq Azərbaycan dilini unutmamalı, onu yaşatmalı və inkişaf etdirməlisiniz".  Milli-mənəvidəyərlərimizə hörmət, tarıxi keçmişimizə maraq, gələcəyimizin uğurlu təminatı Heydər Əliyev üçün başlıca məsələlər idi".

Sonda natiq bildirib ki, XX əsrin son rübündən başlayaraq milli kimlik, Azərbaycançılıq ideologiyası inkişaf etməyə başladı:

"Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin dövründə milli-mənəvi dəyərlər, əxlaqi keyfiyyətlər Azərbaycançılıq ideologiyasının əsas təməl prinsiplərini təşkil edir. Prezident İlham Əliyevin əsas məqsədlərindən biri Azərbaycançılıq ideologiyasını dünyanın dörd bir tərəfində inkişaf etdirmək idi. Azərbaycançılıq ideologiyası Prezident İlham Əliyev tərəfindən uğurla tətbiq edildi. Bunun nəticəsində biz öz milli kimliyimizi unutmadıq, ərazi bütövlüyümüzü təmin etdik, tariximizə aid olan faktları dünya ictimaiyyətinə sübut etdik. Azərbaycan adlı coğrafiyada yaşayan xalqlar öz adət-ənənələrini qoruyub, inkişaf etdirməklə bərabər ümumilli dəyərlərimizi də qoruyub saxlayırlar. Prezident İlham Əliyev öz çıxışlarında bildirmişdir ki ,  "Azərbaycançılıq fəlsəfəsi bizim mənəvi dayağımızdır. Bizim siyasətimizin əsas təməl prinsipləri Azərbaycan dövlətinin milli maraqlarının qorunmasıdır. Biz bu işdə böyük uğurlara nail olmuşuq. Bizim bütün siyasətimiz, bütün siyasi addımlarımız bir məqsəd güdür. Bu da Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, siyasi islahatların dərinləşməsi və Azərbaycan xalqının təhlükəsizlik şəraitində, rifah içində yaşamasıdır". Bəli, müasir Azərbaycan xalqı  öz milli kimliyinə dərindən bilir, Azərbaycançılığı daima inkişaf etdirir və etdirəcəkdir!".

  Süleyman İsmayılbəyli.

                                                                           “Olaylar” qəzeti.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()