Barış Manço
Türk rok, pop musiqisi deyiləndə ağıla ilk olaraq qeyri-adi imici ilə diqqətçəkən uzunsaçlı, qalın bığlı, dərviş çuxalı müasir dövrümüzün ozanı Barış Mançonun adı gəlir...Beş dildə danışmağı bacaran və ona "ən gözəl dil hansıdır?" dedikdə "ən şirin dil ana dilimdir" cavabını verən, pulunun çox hissəsini uşaqlara xərcləyən, kafedə qarsonluq, avtoparkda qarovulçuluq edən, prezidentlik arzusunda olan bu sənətkar müəmmalı ölümü ilə həyatdan vaxtsız köçsə də, milyonların qəlbində yaşayır, musiqiləri dinlənilir və unudulmur...
Əsl adı Mehmet Barış olan sənətkar Üsküdar əyalətində dünyaya gəlib. Onun üç yaşı olanda valideynləri ayrılır. Atasının himayəsində qalsa da gözəl türkülər oxuyan musiqi müəlliməsi - anası Riqqət xanımla tez-tez görüşür. Zəki Mürənin müəllimi olan Riqqət xanımın musiqiyə sonsuz məhəbbəti oğlunun canına hopur. Qalatasaray Liseyində oxuduğu müddətdən musiqi ilə maraqlanmağa başlayan Barış daha sonra Belçika Kral Akademiyasına daxil olur. O, burada rəsm, qrafika, memarlıq sənətini öyrənir, maddi təminatını ödəmək üçün isə avtomobil gözətçisi və kafedə ofisiant işləyir...
Türk musiqisini rok və cazla qarışdıraraq tamamilə yeni janr yaradan sənətkarın epik mahnılarının hər birində bir əfsanə, bir insan taleyi, bir dərviş əhvalatı yatırdı. Lakin mühafizəkar Türkiyə cəmiyyəti onun qeyri-adi imicini, uzun saçlarını qəbul edə bilmirdi. Hətta buna görə dəfələrlə ölüm təhlükəsi ilə üzləşib. Müğənninin həyatında üç qadın olub. İlk yaşadığı xanımla Belçikada təsadüfən tanış olublar. Bir neçə ildən sonra o, Türkiyə gözəllik yarışmasının kraliçası seçilmiş Əzra Balkanla evlənir. Təxminən bir ildən sonra bu münasibətə də son qoyulur. Üçüncü dəfə Lalə Çağlar ilə baş-başa verib yaşayan Barış ömrünün sonuna qədər ondan ayrılmır. Bu evlilikdən onların Batıxan və Doğuxan adlı iki oğlu dünyaya gəlir. Sənətçinin qızı olsa da, təəssüf ki, cəmi bir neçə ay yaşayır. Barış onun adını Gülpəmbə qoyubmuş. Dərvişin "Gülpəmbə" mahnısındakı yanğı da elə bu səbəbdən imiş.
O həm şair, həm bəstəkar, həm də oxuyan dərviş idi. Türkiyəni, türkləri, bütün insanları sevirdi. Ən kiçik bir insan xatirəsini belə gözəl nəğməyə çevirə bilirdi. Şeirləri özü yazır, musiqini özü bəstələyir, nəğmələrini özü oxuyurdu. Onu dünyanın hər yerində sevirdilər. Oxuduğu nəğmələrdə Şərqlə Qərb birləşir, qaynayıb-qarışırdı. Siyasətlə maraqlanmayan sənətkar heç bir partiyanın üzvü olmasa da prezident olmaq arzusunu dilə gətirməkdən çəkinməyib. Türkiyə ictimai-siyasi həyatına yeni çalar, rəng, ritm gətirmək istəyən müğənni "Xalq seçməli olsaydı, bilirəm ki, bütün Türkiyə məni seçərdi" deyib.
Deyilənə görə müğənni çox xəsis adam olub. Hətta onun şəriklik səbəbindən xeyli pulunu itirməsi stres keçirməsi ilə nəticələnib. Sənətçinin 19 il menecerliyini edən Tamer Şahin onun xəsisliyi ilə bağlı maraqlı fikirlər səsləndirib: "Barış Abi heç vaxt özü ilə pul götürməzdi. Harasa gedəndə də ödənişi yanındakılar edirdi. Bir dəfə Mersində konsert üçün getdiyimiz 5 ulduzlu otelin mağazasından aldığı çimərlik geyiminə ödədiyi pula çox heyifslənmişdi. Hovuza girib çıxdı, baxdım ki, çimərlik geyiminin etiketi hələ də üzərindədir. Bunu ona deyəndə mənə cavabı bu oldu: "O qədər pul vermişəm, bir az qalsın etiket. Bir çimərlik geyiminə o qədər pul ödədim, qoy mənə xəsis deyən hamı görsün".
Barış Manço bir dəfə Fransada qatıldığı bir televiziya proqramında spiker tərəfindən ələ salınır. Spiker "türklər... barbarlar... vəhşi xalq..." deyə ifadələr işlədir. Heç əhvalını pozmayan Barış Manço spikerdən cibindəki kağız pulları çıxarmağı xahiş edir. İlk əvvəl tərəddüd etsə də sonda müğənninin israrı ilə spiker cibindəki kağız pulları çıxarır. Barış Manço pulların üzərindəki şəxslərin kim olduğunu soruşmağa başlayır. Spiker "Bu generaldır, bu admiraldır, bu kapitandır" və s. deyə cavab verir. Bundan sonra Barış Manço da cibindəki pulları çıxardaraq spikerə göstərir və o zamanlar Türkiyə pul əskinazları üzərində təsvir edilən məşhur türk simalarını təqdim etməyə başlayır "Bu, Mehmet Akif Ersoydur - Şair. Bu, Mövlanadır, müdrik ruhanidir. Bu, "Yurdda sülh, dünyada sülh" deyən Atatürkdür" və s. Sonra Barış Manço yenə əlavə edər "Əsl siz fransızlar barbar, vəhşi olduğunuz üçün pullarınızda yalnız savaş adamlarının rəsmlərini göstərmisiniz"...Bu cavabdan sonra canlı yayım kəsilir və spiker dəyişdirilir. Növbəti gələn spiker isə həm müğənnidən, həm də bütün Türk xalqından üzr istəyir...
Həyatının çox hissəsini ürək xəstəliyindən əziyyət çəkən müğənni 54 yaşında infarkt səbəbindən dünyadan köçüb. Onun qəfil ölümü hamını sarsıdıb. Ölümü ilə bağlı bir çox şayiələr gəzib. Bir versiyaya görə buna onun aktiv eşq həyatı səbəb olub. Digər bir səbəb kimi isə şəriki və böyük qardaşı tərəfindən ondan xəbərsiz götürülən külli miqdarda pul üzündən yaşadığı stres göstərilib. Ancaq bu söz-söhbətlərin hamısı sadəcə şayiə olaraq qalıb...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.