Barat Şəkinskaya
Xalq artisti Barat Şəkinskaya... Daha çox "O olmasın, bu olsun" filmindəki qulluqçu Sənəm obrazı ilə məşhurlaşan bu aktrisanın həyatı rolları kimi rəngarəng olmayıb...
Barat Şəkinskaya Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı idi. Aktrisa ilk təhsilini Şuşada alıb, daha sonra ailəsi ilə birgə Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib.
Klubun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anasının bütün etirazlarına baxmayaraq, Barat rejissorla evlənir. Daha doğrusu, qoşulub qaçırlar. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. Amma ailə həyatının ömrü cəmi iki il çəkir. Çünki bir gün Barat xanım qucağında körpəsi Solmazla yay teatrına gələrkən ərini skamyada bir qadınla görür.
Barat xanım ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. Bu nikahdan isə onların Rövşanə adlı bir qızı doğulur. Onun doğulduğu günün maraqlı tarixçəsi var. Belə ki, Barat xanım "Romeo və Cülyetta" tamaşası zamanı hamilə olur. Tamaşada Cülyettanın anası sinyora Kapuletti (Qəmər Topuriya) ağlaya-ağlaya yerə uzanmış Cülyettanı qucaqlayır. Barat xanım güclə ona pıçıldayır ki, möhkəm sancılanmışam, elə et tamaşaçılar sifətimi görməsinlər. Qəmər xanım rolda ağlaya-ağlaya plaşını çıxarıb onun üstünə salır. Yanında fənər tutanlardan birinə yavaşca deyir ki, səhnədən çıx, oradakılara de, təcili maşın hazırlasınlar, Baratın halı pisdir, xəstəxanaya aparmaq lazımdır. Hərənin bir tərəfə qaçışdığı, hay-küy qopduğu epizodda fənər tutan aktyorun səhnədən çıxması təbii hal kimi qəbul olunur. Tamaşa qurtarır. Gurultulu alqışlar qopur. Barat xanım yıxılmasın deyə Ülvi Rəcəb və Qəmər xanım hərəsi onun bir qolundan yapışır. Nəhayət, pərdə axırıncı dəfə bağlanır. Aktrisanı xəstəxanaya aparırlar və onun qızı dünyaya gəlir.
Aktrisanın üçüncü evliliyi isə teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu Elçin Məmmədov dünyaya gəlir. Lakin onun bu evliliyi də ərinin ona xəyanəti üzündən bitir. Mehdi Məmmədov aktrisa Şəfiqə Məmmədova ilə ailə qursa da, Barat xanım ömrünün sonuna qədər evlənmir.
Deyilənə görə, aktrisa çox mərhəmətli insan olub. O, bir dəfə şəhid anası ilə tanış olur. Öyrənir ki, qadının evi yoxdur. Barat xanım qadına söz verir ki, ona ev verilməsinə kömək edəcək. Dediyi kimi də edir. Dövlət rəsmilərindən biri ilə zəngləşəndən sonra həmin qadına ev verilir.
Aktrisa "O olmasın, bu olsun", "Görüş", "Qızmar günəş altında" kimi məşhur filmlərə çəkilib. Ona ən çox uğur gətirən isə "O olmasın, bu olsun" filmindəki qulluqçu Sənəm obrazı olub. Həmin filmin çəkilişləri zamanı Rüstəm bəy rolunu ifa edən Ağasadıq Gəraybəyli masanın üzərindəki stəkanı masaya çırpanda stəkanın qırıqları ətrafa səpələnir.
Çəkiliş zamanı baş verən bu hadisədə şüşə qırıqları Barat xanımın əlini kəsir. Çəkilişdən sonra ona təcili yardım çağırılır.
Aktrisanın səhnədən getməsinin səbəbi də sənətə olan hörməti olub. Belə ki, 70-ci illərdə artıq yaşlandığını hiss edən aktrisa səhnəni tərk etməli olduğunu bilib və bu reallığı belə ifadə edib: "Bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı".
Barat xanım ömrünün son illərində təsadüf nəticəsində bir gözünün nurunu itirir. Qızı Solmaz xanım müsahibələrinin birində bu haqda deyir: "Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən qlaukoma oldu. Çəkilişdə civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi. Anam bir gözünü cərrahiyyə əməliyyatı etdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim. Ya da deyirdi ki, bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi".
Aktrisa 84 yaşında dünyasını dəy
işib. Onun ölümündən iki il sonra isə oğlu Elçin Məmmədov 54 yaşında ürək tutmasından vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.