“Azərbaycanın Milli Dirçəliş yolu” mövzusunda tədbir

14 noyabr, 2018
Paylaş:

“Azərbaycanın Milli Dirçəliş yolu” mövzusunda tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 14 noyabr 2018-ci il tarixdə Yasamal rayonundakı 21 saylı orta məktəbdə Azərbaycanda Milli Dirçəliş gününün 26 illiyi münasibəti ilə “Azərbaycanın Milli Dirçəliş yolu” mövzusunda tədbir keçirdi.

Mədəni-kütləvi işlər şöbəsinin müdiri Qənirə Mustafayeva xalqın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri olan 17 noyabr Milli Dirçəliş gününün Azərbaycanın müstəqilliyinin bərpa olunmasında tarixi rolu haqqında şagirdlərə ətraflı məlumat verdi. Milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcının əsasının milli dirçəlişin yaranmasından keçdiyini dedi.

Məktəbin tarix müəllimi Leyla Məmmədova çıxış edərək bildirdi ki, 1988-ci ilin noyabrında Topxana hadisələri ilə mitinqlərin yeni dalğası olaraq Bakıda Meydan hərəkatı başladı. Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlandı. Xalqın azadlıq səsini ucaldaraq imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu.

Məktəbin tərbiyə işləri üzrə direktor müavini Zöhrə Yusifova Azərbaycanda 1988-ci ilin noyabr hadisələrinin əsl xalq hərəkatı, milli azadlıq hərəkatı olmasını bildirdi. Qeyd etdi ki, öz haqqı, azadlığı, torpaqlarına sahib çıxmaq arzusu xalqımızın bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Şagird Murad Məmmədov milli dirçəlişimizi vətənimizin istiqlaliyyət qazanmasında əsas amil kimi qiymətləndirdi. Bütün həmyaşıdlarını vətəni sevməyə, hər qarış torpağını qorumağa səslədi.

Şagird Fatimə Fərzəliyeva 1988-ci ilin meydan hərəkatını 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet İmperiyasına qarşı ilk kütləvi etiraz səsi adlandırdı.

Şagirdlərdən Ziyarət Allahverdiyeva, Oqtay Əhmədov da Milli Dirçəliş gününün tarixi, xalq hərəkatında birlik, mübarizlikdən danışandan sonra Azərbaycana, müstəqilliyə, dirçəliş günümüzə həsr olunan şerlər söylədilər, torpaqlarımıza yalnız sülh, əmin-amanlıq arzuladılar.

Tədbirin sonunda kitabxanada “17 noyabr Azərbaycanda Milli Dirçəliş günüdür” adlı kitab sərgisinə baxış keçirildi.
 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()