25 oktyabr, 2024
Paylaş:

Azərbaycanın mədəni, elmi həyatındakı tərəqqi və Naxçıvan

Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir.

Heydər ƏLİYEV,

Ümummilli Lider

Şərqdə öz keşməkeşli tarixi, dahi şəxsiyyətləri ilə tanınan, dünyanın yaranışı qədər yaşı olan Naxçıvan torpağı əsrlərin sınağına sinə gərərək dövrümüzə qədər öz əzəmətini, vüqarını qorumuş, Türk torpağı olduğunu hifz edə bilmisdir. Bu diyarın sinəsini yağıya sipər edib Əlincələşən, həsrəti axıb Araza çevrilən, bir qarış torpaq uğrunda canından keçən övladları vətənin dar günündə daşa, şad günündə gülə dönərək əbədiləşiblər.Beləcə, zamanın çətinliklərinə sinə gərə-gərə doğma Azərbaycanından ayrı düşən övlada çevrildi Naxçıvan torpağı. Bir övlad kimi özünün də, anası Azərbaycanın da qürurunu qorudu, muxtar respublika oldu.

Azərbaycanın qədim, zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan mürəkkəb və çətin inkişaf yolu keçmiş, orta əsrlərdə Şərqin böyük elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış, dövlət sivilizasiyasına dəyərli töhfələr bəxş etmişdir. Azərbaycan Atabəyləri - Eldəgəzlər dövlətinin paytaxtı olan, əsası Əcəmi Naxçıvani tərəfindən qoyulan memarlıq məktəbi ilə bütün Şərqdə tanınan və yüksək bacarıqla, əsrarəngiz zövqlə inşa edilmiş tarixi abidələri ilə məşhur olan Naxçıvan torpağı bu gün də öz tarixiliyini, gözəlliyini qoruyub saxlayır və dünyanın ən əzəmətli, qədim diyarı kimi bura gələn insanları, qonaqları heyran edir.

                                              

Uzun illər gərgin siyasi mübarizələr meydanına çevrilən qədim Naxçıvanın muxtariyyatının əsası 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulmuşdur. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək ərazi hüdudları dəqiqləşdirilmişdir.

Azərbaycanın Şərqə açılan qapısı olmaqla zəngin dövlətçilik tarixinə malik Naxçıvan Muxtar Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır.

Qədim mədəniyyəti, zəngin sərvəti, dahi şəxsiyyətləri ilə Azərbaycan Respublikasında xüsusi payı və yeri olan Naxçıvan Muxtar Respublikası bu gün istər iqtisadi-siyasi, istərsə də elm və mədəniyyət sahəsində tərəqqinin ən yüksək pilləsində dayanır. Belə ki, 1883-cü ildən fəaliyyət göstərən Naxçıvan teatrı Azərbaycan teatr mədəniyyətinə böyük töhfələr bəxş etmişdir. Şərqdə ilk akademiyanı və rəsədxananı yaratmış Nəsirəddin Tusi, qüdrətli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadə, Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərli, ilk tarixi romanların müəllifi Məmməd Səid Ordubadi, böyük maarifçi və ədib Məhəmməd Tağı Sidqi, romantizm ədəbi cərəyanının görkəmli nümayəndəsi Hüseyn Cavid, dünyaca məşhur kimyaçı-alim, akademik Yusif Məmmədəliyev, görkəmli publisist, dilçi-alim Məhəmməd ağa Şahtaxtlı, Xalq şairi Məmməd Araz, Xalq yazıçısı Hüseyn İbrahimov bu diyarın yetirmələridir. Qüdrətli sənətkar və alim kimi tanınan Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Məmməd Səid Ordubadinin, akademik Yusif Məmmədəliyevin ev-muzeyləri, ədəbiyyat, tarix və xalça muzeyləri Naxçıvanın mədəni həyatında mühüm yer tutur.

Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas elm, mədəniyyət, təhsil və ictimai fikir mərkəzlərindən biridir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidentləri, görkəmli kimyaçı-alim Yusif Məmmədəliyev, yarımkeçiricilər fizikası məktəbinin yaradıcısı Həsən Abdullayev, məşhur riyaziyyatçı Fərəməz Maqsudov, informatika-radiasiya üzrə elm xadimi, professor Mahmud Kərimov, akademik Məmməd Cəfər Cəfərov, professor Abbas Zamanov, akademik Teymur Kərimli və onlarla başqa görkəmli elm xadimləri Azərbaycan elminə, təhsilinə, ictimai fikrinin inkişafına yeni səhifələr yazmış, öz elmi potensialları və bacarıqları ilə Naxçıvanı tək Azərbaycanda deyil, bütün dünyada tanıtmışlar.

Böyük tarixi şəxsiyyətlər, alimlər, yazıçı və şairlər vətəni olan Naxçıvan Azərbaycanın elmi və mədəni inkişafına güclü təkan vermiş, görkəmli liderləri və elm adamları ilə məşhurlaşmışdır. Azərbaycan poeziyasına dəyərli sənət inciləri bəxş edən görkəmli şair Məmməd Arazın Naxçıvanın tarixindən, əsrarəngiz təbiətindən, təbii sərvətlərindən bəhs edən "Naxçıvanım mənim" adlı şeiri ana laylası qədər şirin, doğma və əzizdir:

Sinəmdə o yerin dağ havasıdır.

Qaynar bulaqları qaynar qanımda.

Mənim ürəyimin bir parçasıdır

Doğma Şahbuzum da,

Naxçıvanım da.

Böyük tarixi hadisələrin, keşməkeşli günlərin şahidi olan qədim diyarımız həmişə olduğu kimi, son illərdə də bütün çətinliklərə sinə gərərək düşmənlərin caynağından, məkrindən özünü qoruya bildi. Belə bir ağır şəraitdə Naxçıvan əhalisi mərdlik, şücaət və yenilməzlik nümayış etdirərək bu qədim diyarı düşmənlərdən - mənfur erməni təcavüzkarlarından öz canları bahasına qorudu.

Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin 1990-cı il iyul ayının 22-də canından çox sevdiyi Naxçıvanına dönməsi, doğma el-obasına qayıtması çətin günlərini yaşayan muxtar respublikanı dirçəltdi, insanlarda sabaha, gələcəyə böyük inam hissi yaratdı. Bu illər Naxçıvan Azərbaycanda gedən siyasi proseslərə, o cümlədən milli azadlıq mübarizəsinə böyük təkan verdi. Müstəqilliyimizin möhkəmləndirilməsinə, dövlətimizin gücləndirilməsinə və tərəqqisinə, ərazilərimizin azad olunmasına Naxçıvandan başlanan böyük siyasi dalğanın təkanı daha təsirli oldu. Bunu xalqımızın ümummilli lideri Heydər Əliyevin dərin, məzmunlu nitqində də görmək mümkündür: "Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur. Azərbaycanda dövlət müstəqilliyi, milli azadlıq yolunda gedən mübarizənin dayağı olmuşdur və bu gün də dayağıdır, gələcəkdə də belə olacaqdır" Bu gün Naxçıvan Muxtar Respublikası özünün ən dəyərli, yaddaqalan günlərini yaşayır. Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən əsasını qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsi ilə daha da çiçəklənir, möhkəmlənir və inkişaf, tərəqqi yolunda inamlı addımlar atır. Ötən illərlə müqayisə etsək görərik ki, bu gün də Azərbaycanın mədəni və elmi həyatının tərəqqisinə Naxçıvan öz dəyərli töhfələrini verir, tarixi-mədəni irsin qorunması və təbliği, mədəni-elmi potensialın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.       

 

          

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvanda səfərdə olarkən bütün sahələrdə tərəqqi və inkişafı yüksək qiymətləndirərək demişdir: "...Naxçıvanın türk dünyasında çox böyük xüsusi yeri vardır. Naxçıvan çox böyük tarixə malik olan diyardır. Naxçıvanın strateji əhəmiyyəti, tarixi, mədəniyyəti, tarixi abidələri, bizim böyük dəyərlərimizdir, böyük sərvətimizdir. O da həqiqətdir ki, Azərbaycanın müstəqilliyinin formalaşması, müstəqilliyinin bünövrəsinin qoyulması da məhz Naxçıvanda həyata keçirilmişdir. O vaxt, hələ Sovet İttifaqının zamanında Heydər Əliyevin fəaliyyəti nəticəsində Naxçıvanda, burada görülən işlər bütövlükdə Azərbaycanın müstəqilliyi üçün çox böyük əhəmiyyət daşıyırdı...".

Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərpa olunmasında və 2023-cü il sentyabrın 19-20-si tarixlərində Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərində Naxçıvanın vətənpərvər, igid övladları şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazmışlar. Onların şücaəti, qəhrəmanlığı kiçikdən-böyüyə hər kəsin dilində dastana dönmüş, məzarları isə bütün azərbaycanlılar, o cümlədən naxçıvanlılar üçün and yerinə, ziyarətgaha çevrilmişdir.

 

Qarabağda qazandığımız Şanlı Zəfərdən sonra 2021-ci il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri ilə bağlı təəssüratlarını bölüşən dövlətimizin başçısı İlham Əliyev demişdir: "Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, buradakı inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm. Naxçıvan sürətlə inkişaf edir... Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır".

Prezident İlham Əliyev muxtar respublikaya səfərlərində qədim Naxçıvanımızın sosial-iqtisadi və mədəni inkişafının sürətləndirilməsinə dair müxtəlif sərəncamlar, Dövlət proqramları imzalayıb. Ölkə başçısı tərəfindən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" və 2023-cü il 30 dekabr tarixli "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı qədim diyarımız Naxçıvanın zəngin dövlətçilik tarixində, ölkəmizin inkişafında mühüm yer tutduğunun bariz göstəricisidir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil müasir Azərbaycan Respublikası və onun ayrılmaz parçası olan Naxçıvan daim öz müstəqilliyini, azadlığını, bütövlüyünü qoruyub saxlayacaq, dünyada gedən bütün siyasi-iqtisadi və mədəni proseslərdə fəal, öndər olacaq. Elm, təhsil, idman, iqtisadi, siyasi, mədəni, demək olar ki, bütün sahələrdə üçrəngli bayrağımız dünyanın hər yerində vüqarla, qürurla dalğalanacaq, bizlərin, bizi sevənlərin və gələcək nəsillərin birlik, azadlıq, bütövlük simvoluna çevriləcək.

Samirə Həsənova,

“Respublika”qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()