15 mart, 2024
Paylaş:

Azərbaycan sürətlə bərpaolunan enerji istehsalçısına çevrilir

Azərbaycan noyabrda COP29-a evsahibliyi edəcək - bu, böyük etimaddır, inamdır və onu göstərir ki, ölkəmiz "yaşıl enerji", iqlim dəyişikliyi gündəliyi  və dekarbonizasiya planlarına sadiqdir, "yaşıl enerji" və enerji səmərəliliyi ilə bağlı təşəbbüslərə  çəkinmədən, tərəddüdsüz qoşulub.

2027-ci ilədək 2 QVt "yaşıl enerji" istehsal güclərinin enerji sisteminə inteqrasiyası nəticəsində qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 33 faizə çatacağı planlaşdırılıb. Bu baxımdan ölkəmiz sosial-iqtisadi inkişaf strategiyası, azad edilmiş ərazilər və Naxçıvanın "yaşıl enerji zonası"na çevrilməsinin "yaşıl enerji" keçidini təşviq edir. Azərbaycan zəngin  bərpaolunan enerji potensialını ölkənin enerji keçidinə və Avropanın enerji təchizatını şaxələndirməyə yönəldib. Bu, özünü Prezident İlham Əliyevin  "yaşıl enerji"nin inkişafına güclü dəstəyində aydın büruzə verir. 

Hazırda Azərbaycanın  neft-qazdan sonra bərpaolunan enerjinin təchizatçısına çevrilməsi, bu enerjinin də Avropaya nəql edilməsi üçün nəhəng "yaşıl enerji" dəhlizi yaratmaq istiqamətində mühüm addımlar atılıb. Azad edilmiş ərazilərin "yaşıl enerji zonası" kimi inkişafı, sənaye miqyaslı "yaşıl enerji" layihələrinin beynəlxalq enerji şirkətləri ilə reallaşması üçün həyata keçirilən tədbirlər bunun sübutudur. Energetika sahəsində köklü dəyişiklikləri təşviq edən islahatların aparılması, habelə ölkəmizin emissiyaların azaldılması ilə bağlı təşəbbüslərə qoşulması  da Azərbaycanın "yaşıl gündəliy"in icrasında qərarlı olduğunu göstərir.

Bu məsələlər energetika  naziri Pərviz Şahbazovun bir neçə gün əvvəl ABŞ-yə səfəri zamanı əlaqədar qurumların rəhbərləri ilə görüşlərində müzakirə mövzusu olub. Görüşlərdə ikitərəfli enerji əməkdaşlığının yeni mərhələdə inkişafı, təbii qaz və "yaşıl enerji"nin tədarükü, həmçinin COP29-la bağlı məsələlərdən danışılıb, Azərbaycanın ənənəvi enerji təchizatçısı kimi həyata keçirdiyi enerji təhlükəsizliyi layihələri, eləcə də "Xəzər-Qara dəniz-Avropa" və "Mərkəzi Asiya-Azərbaycan-Avropa" "yaşıl enerji" dəhlizlərinin inkişafına dair fikir mübadiləsi aparılıb, bu dəhlizlərin əhəmiyyəti regionlararası inteqrasiya, enerji təhlükəsizliyi və enerji keçidi aspektində dəyərləndirilib. Görüşlərdə COP29-a evsahibliyi edən ölkə kimi Azərbaycanın bərpaolunan enerji və enerji keçidi istiqamətlərində gördüyü tədbirlərdən, qlobal iqlim məqsədlərinə nail olmaq üçün səylərindən də danışılıb. Nazir bildirib ki, Azərbaycan "yaşıl enerji"nin inkişafının sürətləndirilməsi və ekoloji tarazlığın qorunması üzrə beynəlxalq səylərə uğurla rəhbərlik edəcək.

Xəbər verildiyi kimi, Azərbaycanda "yaşıl inkişaf"a nail olmaq məqsədilə qısa müddətdə enerji sahəsində yeni qanunvericilik bazasının yaradılması, elektrik enerjisində bərpaolunan enerjinin payının artırılması və neft-qaz əməliyyatlarının, o cümlədən Səngəçal terminalının karbonsuzlaşdırılması üçün 2027-ci ilədək 8 sənaye miqyaslı elektrik stansiyası istismara veriləcək. Xatırladaq ki, hazırda Xəzər dənizinin 157 QVt külək enerjisi potensialı əsasında "yaşıl elektrik enerjisi" və "yaşıl qaz"ların ixracı məqsədilə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı əhatə edən "yaşıl enerji" dəhlizi icra olunur. Qeyd etdiyimiz danışıqlarda ABŞ ilə bu enerji dəhlizi üzrə əməkdaşlıq imkanları da nəzərdən keçirilib. Bundan başqa, SOCAR-ın "Neft və Qazın Dekarbonizasiyası Xartiyası"na (OGDC) qoşulması, məşəldə yandırmaları sıfra endirmək, sıfır metana çatmaqla bağlı hədəfləri ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə sadiqliyinin göstəricisi kimi dəyərləndirilib.

Neft  Araşdırmaları  Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, bu görüşlər səfər proqramının əhatəli olduğundan xəbər verir. Ümumilikdə energetika nazirinin ABŞ-yə səfəri zamanı hər iki ölkə arasında enerji sahəsi üzrə çoxşaxəli əməkdaşlıq məsələləri müzakirə olunub.  Azərbaycanın alternativ enerji istehsalı potensialına dair tədqiqatlarının nəticələri diqqətə çatdırılıb. Bunlar dənizdə 157 QVt külək enerjisi, quruda 30 QVt günəş və külək enerjisi, azad olunan ərazilərdə 10 QVt alternativ enerji istehsalı potensialıdır. Bunları beynəlxalq sahə qurumları hesablayıblar. Azərbaycan 2027-ci ilədək 8 iri bərpaolunan enerji istehsalı stansiyasını işə salacağını bəyan edir. Bunun biri 2023-cü ildə açılıb. 2025-ci ilədək 2 yeni stansiya istifadəyə veriləcək:  Səudiyyə Ərəbistanının ACWA Power şirkətinin qurduğu 240 MVt-lıq "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası və Cəbrayılda bp-nin qurduğu "Şəfəq" Günəş-Elektrik Stansiyası. Növbəti 2 ildə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə müqavilələr əsasında qurulacaq 3 stansiya da istifadəyə veriləcək. Bundan əlavə, 2024-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərdə 32 kiçik SES istismar olunacaq. Üstəlik, Sərsəng su anbarındakı stansiyanın gücündən də istifadə ediləcək. Bütün bunları nəzərə alsaq, yaxın 3 ildə Azərbaycanın alternativ mənbələrdən aldığı enerjinin həcmi ən pis halda 3 milyard kVt/saat olacaq.

Bunlar onu deməyə əsas verir ki, hazırda Azərbaycanın enerji sektorunda həm ənənəvi, həm də bərpaolunan enerji mənbələri ilə bağlı ölkədə həyata keçirilən irəliləyiş enerji siyasətinin müsbət nəticəsidir. Bu isə davamlı və ekoloji cəhətdən təmiz enerji əldə etmək üçün durmadan çalışmaq, yeni yollar axtarmaqdan ibarətdir.

                                                                               Züleyxa Əliyeva

                                                                             "Azərbaycan"qəzeti

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()