28 noyabr, 2025
Paylaş:

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il keçir (II hissə)

Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Konstitusiyanın 71-ci maddəsinin I və X hissələrinə və 80-ci maddəsinə, qanunçuluq və hüquqi müəyyənlik prinsiplərinə, Cinayət Məcəlləsinin 5.1 və 12.5-ci maddələrinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən həmin Məcəllənin 12.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir.

Bu gün bir çox digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemi qarşısında yeni çağırışlar və tələblər dayanır. Müasir dövrdə məhkəmə-hüquq sisteminin, o cümlədən ədalət mühakiməsinin inkişafı hüquqi islahatlarla yanaşı, həm də texnoloji inkişafdan çox asılıdır. Ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, eyni zamanda innovativ texnologiyaların tətbiqi müasir dövrün tələbidir. Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçılarına müraciətində qarşıda duran vəzifələr və hədəflər barədə müvafiq fəaliyyət istiqamətləri müəyyən edilmişdir: “Müasir dövrün çağırışları, qlobal miqyasda baş verən sosial-iqtisadi transformasiya, sürətlə inkişaf edən rəqəmsallaşma, yeni texnologiyaların, xüsusilə də süni intellektin tətbiqi məhkəmə sistemlərindən daim adaptasiya olunmağı, yeni yanaşmaları tətbiq etməyi tələb edir”.

Qeyd edilməlidir ki, konstitusiya ədalət mühakiməsi orqanları qarşısında da duran mühüm vəzifələrdən biri bu sahədəki mütərəqqi milli təcrübə ilə yanaşı, müasir inkişaf meyillərinin davamlı olaraq izlənilməsi, təhlili və fəaliyyətdə tətbiq edilməsidir. Öz növbəsində, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yarandığı gündən xarici ölkələrin Konstitusiya məhkəmələri və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasına və bu əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Vurğulanmalıdır ki, həyata keçirilən beynəlxalq əməkdaşlıq informasiya mübadiləsinin genişləndirilməsi, hüquqi bilik və təcrübənin paylaşılması baxımından əhəmiyyətli rol oynayır.

Bu sahədə mötəbər beynəlxalq tədbirlərdən biri cari ilin 28-30 oktyabr tarixlərində Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının “Gələcək nəsillərin insan hüquqları” mövzusunda İspaniyanın Madrid şəhərində keçirilmiş VI Konqresi oldu. Konqresin işi “Təbii ehtiyatların və ətraf mühitin qorunması, “Bəşəriyyətin mədəni irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”, “Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı dörd sessiyadan ibarət olmuş, tədbir çərçivəsində bir sıra mühüm və aktual mövzular ətrafında fikir mübadiləsi aparılmış, məruzələr dinlənilmişdir.

Beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı çərçivəsində bu cür tədbirlərin keçirilməsi konstitusiya ədalət mühakiməsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi baxımından əlverişli imkanlar yaradır, həmçinin yeni əməkdaşlıq münasibətlərinin qurulması üçün mühüm platforma qismində çıxış edir.

Hər bir xalqın tarixində elə vacib əhəmiyyət kəsb edən hadisələr olur ki, onlar həmin xalqın, dövlətin gələcək müqəddəratını müəyyən edən mühüm başlanğıcların əsasını qoyur. Bir daha vurğulanmalıdır ki, 2025-ci il bizim hər birimiz üçün ikiqat əlamətdardır. 1995-ci il Konstitusiyasının qəbulunun 30-cu və İkinci Qarabağ müharibəsində parlaq Qələbənin 5-ci ildönümü bu ili olduqca əlamətdar edir. Əminliklə demək olar ki, 2025-ci il hüquqi dövlət quruculuğunun mühüm mərhələsini simvolizə edir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı hərbi-siyasi Zəfər müasir tariximizin ən mühüm hadisəsidir. 44 gün davam edən və 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələnən İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətimizin ərazi bütövlüyü uğrunda cəsarət və şərəflə mübarizə apararaq tarixi Qələbə qazandı, xalqımızı Zəfərə qovuşduran Vətən müharibəsi tariximizə qızıl hərflərlə yazıldı.

44 günlük Vətən müharibəsində qazanılan Zəfərin davamı olaraq, 2023-cü ilin sentyabrında 24 saatdan az müddətdə davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunan bütün ərazilərimizdə bərqərar oldu. 2023-cü il sentyabrın 20-də ölkəmizin bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edildi.

2023-cü il oktyabrın 15-də Dövlət başçısı cənab İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması müasir dövlətçilik tariximizin dönüş nöqtəsi oldu. Bu addım yalnız siyasi-ideoloji mahiyyət kəsb etməməklə, eyni zamanda, suverenliyin bütün ölkə ərazisində bərpa olunduğunu hüquqi-siyasi müstəvidə təsdiq etdi. Uzun illər ərzində işğal altında olan ərazilərimizdə Konstitusiyada təsbit edilən hüquqların tətbiqi mümkün deyildi. 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi nəticəsində respublikamızın ərazisi ilə bağlı bir sıra mühüm konstitusiya müddəalarının yerinə yetirilməsi tam şəkildə təmin olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2025-ci il 14 sentyabr tarixində Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşü zamanı qeyd etmişdir: “Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik”.

Qazanılan Qələbə Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin prinsipial mövqeyi, uzaqgörən siyasəti, o cümlədən əsgər və zabitlərimizin qəhrəmanlığı, mübarizə əzmi, xalqımızın birliyi, milli ruhu və vətən sevgisi nəticəsində mümkün oldu.

Hazırda Cənubi Qafqaz regionu yeni tarixi inkişaf mərhələsindədir. Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir. Cari ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a rəsmi səfəri ölkə diplomatiyası tarixində mühüm hadisə oldu. Vaşinqtonda keçirilən yüksək səviyyəli görüşlər, imzalanan əhəmiyyətli sənədlər və əldə olunan razılaşmalar sadəcə region üçün deyil, eyni zamanda qlobal geosiyasi müstəvidə dövlətimiz üçün mühüm üstünlüklər yaratdı.

Vaşinqton görüşünün mühüm nəticələrindən biri də regional bağlantıları möhkəmləndirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”dur (TRIPP). Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində TRIPP marşrutunun əhəmiyyətini vurğulayaraq qeyd etmişdir: “...Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaqdır. TRIPP, eyni zamanda gələcəkdə enerji resurslarının daşınması, elektrik enerjisinin, xüsusilə də bərpa olunan enerjinin ixracı, o cümlədən fiber-optik xətlərin çəkilməsi üçün də geniş imkanlar təqdim edərək regionun beynəlxalq ticarət və rəqəmsal kommunikasiya habına çevrilməsinə təkan verə bilər...”

Qeyd edilməlidir ki, Vaşinqton razılaşmaları, əldə olunan tarixi nəticələr müasir tariximizin mühüm siyasi hadisələrindən biri kimi nəzərdən keçirilir. Bu razılaşmalar dövlətçiliyimizin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli diplomatiyasının və müdrik liderliyinin ən bariz göstəricisidir. Bu səfər həm ikitərəfli münasibətlərin inkişafı, həm də regional sabitliyin təmin olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Vaşinqtonda əldə edilən razılaşmalar Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan mühüm tarixi nailiyyətlərdən biridir və onun məhz “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməsi dərin rəmzi xarakter daşıyır.

Bu gün dövlətimiz bir çox sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Azərbaycanın dövlət suverenliyi tam, ərazisi bütöv, sərhədləri isə toxunulmazdır. Hazırda qarşıda duran ən önəmli məsələlərdən biri işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin həyata keçirilməsidir.

Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bütövlükdə regionun iqtisadi və sosial inkişafında yeni mərhələnin əsasını qoyub. Bu ərazilər bütün əsas infrastruktur, yollar, elektrik, su, rabitə və digər zəruri xidmətlərlə təmin edilir. Qarabağın zəngin təbiəti, əlverişli iqlimi, kənd təsərrüfatı üçün geniş imkanları, turizm və sənaye sahələrində böyük potensialı bu əraziləri investisiya baxımından cəlbedici məkana çevirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesi sayəsində Qarabağ və Şərqi Zəngəzurda qabaqcıl texnologiyalara əsaslanan yeni inkişaf modeli reallaşdırılır. Bu prosesin ayrılmaz hissəsi kimi, yüzlərlə kilometr avtomobil və dəmir yolları salınır, yeni tunellər, körpülər inşa olunur, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, beynəlxalq hava limanları inşa olunaraq istifadəyə verilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur eyni zamanda “yaşıl enerji zonası” elan edilərək, burada günəş, külək və hidroenerji layihələri sürətlə icra olunur.

Mühüm məqamlardan biri də işğaldan azad edilmiş ərazilərdə tarixi, dini və mədəni abidələrimizin bərpa edilməsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə görülən işlər bu ərazilərin dirçəlişinə, inkişafına, eyni zamanda milli yaddaşımızın bərpasına mühüm töhfədir.

Həmçinin bölgədəki mədəni tədbirlərin keçirilməsi ənənələri bərpa edilir. Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı, Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunması, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi, bu il “Mədəniyyət rüzgarı” adı altında silsilə və digər bir sıra tədbirlərin keçirilməsi işğaldan azad edilmiş torpaqlarda həyatın bərpası, mədəniyyətin yenidən canlandırılması işinin mühüm hissəsidir.

İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinin aparılması ilə bərabər, bu torpaqlara yerli əhalinin qayıtması, burada əhalinin dayanıqlı məskunlaşması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlər uzun illər boyu həsrətini çəkdikləri doğma yurd-yuvalarına qayıdır. Artıq minlərlə insan doğma torpaqlarına qayıdıb, yaşayış üçün zəruri olan sosial xidmət və kommunikasiya infrastrukturu ilə təmin olunub.

Bu gün Azərbaycan gələcəyə doğru inamla addımlayır. Regionun lideri olan ölkəmiz beynəlxalq müstəvidə də söz sahibi olan dövlətlər sırasına daxildir. Vətən müharibəsindən sonra yaranmış yeni tarixi-siyasi reallıq Azərbaycanın regional, eyni zamanda beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Dövlət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.”.

Ölkəmiz regiondakı iqtisadi-siyasi proseslərin əsas iştirakçısıdır. Məhz Azərbaycanın təşəbbüsü və iştirakı ilə uğurla həyata keçirilən bütün irimiqyaslı layihələr ümumilikdə regionun təhlükəsizliyinə, iqtisadi inkişafına öz mühüm töhfəsini verir. Dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət nəticəsində beynəlxalq aləmdə nüfuzu daha da artan ölkəmizlə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək istəyində olan ölkələrin sayı da getdikcə artır.

Azərbaycan bir sıra mötəbər beynəlxalq tədbirlərin, qlobal forumların, konfransların keçirildiyi unikal məkana çevrilib. Ölkəmizin mühüm tədbirlərə ev sahibliyi etməsi baxımından bir nümunə olduğunu deyə bilərik. Bu cür beynəlxalq əhəmiyyətli tədbirlərdən biri bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunları oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışında qeyd etmişdir ki, bu qəbildən tədbirlər MDB məkanında və onun hüdudlarından kənarda dostluğu, əməkdaşlığı möhkəmləndirir, bərabərhüquqlu, qarşılıqlı maraqlara və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin güclənməsinə kömək edir.

Əminliklə demək olar ki, son beş ildə Azərbaycan öz inkişafının tamamilə yeni mərhələsinə daxil olmuşdur. Tarixi Zəfər qazanmaqla ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlətimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gündən-günə daha da güclənərək özünün qüdrətli dövrünü yaşayır.

Dünya nizamının özünün çətin dövrünü yaşadığı, beynəlxalq müstəvidə mürəkkəb proseslərin baş verdiyi zamanda, Azərbaycan əlaqələrini davamlı şəkildə şaxələndirir, dünya ölkələri sırasında tərəfdaşlarının sayını artırır. Ölkəmiz beynəlxalq miqyasda siyasi dialoqun, əməkdaşlığın və strateji tərəfdaşlığın fəal iştirakçısı və eyni zamanda təşəbbüskarıdır.

Bütövlükdə 2025-ci ilin bir sıra mühüm siyasi hadisələri bir daha göstərdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçilik prinsiplərinə sadiq lider olmaqla, milli maraqlara əsaslanaraq həyata keçirdiyi xarici siyasət, diplomatiya və strateji baxışlar sayəsində Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib.

Vətən müharibəsinin regionda yaratdığı yeni geosiyasi reallıqlar dövründə ölkəmizin çoxvektorlu xarici siyasət kursunda Türk dünyası ilə əməkdaşlıq, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyət prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Böyük coğrafiyanı əhatə edən Türk dövlətləri və xalqları ümumi tarixi köklər, ortaq zəngin mədəni irs, ədəbiyyat, adət-ənənə, milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlıdır. Ortaq tarixi və etnik köklər, dəyərlər, ənənələr üzərində təşəkkül tapmış bu dostluq və qardaşlıq münasibətləri dünyada bənzəri olmayan həmrəylik nümunəsidir.

Türk dövlətləri arasında müxtəlif sahələri əhatə edən əlaqələr ildən-ilə daha da genişlənir və möhkəmlənir. Bu əlaqələrinin genişləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu olduqca böyükdür. Ölkəmiz təməli 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında qoyulan Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşır və bu Təşkilatı üzv və müşahidəçi ölkələrlə səmərəli əməkdaşlıq üçün mühüm platforma olaraq qəbul edir.

Dövlətimizin başçısı cənab İlham Əliyev cari il oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündəki çıxışında təşkilatın beynəlxalq səviyyədə nüfuzunun artmasının məmnunluq doğurduğunu qeyd edərək, bu gün Türk Dövlətləri Təşkilatının, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşdığını vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev həmçinin qeyd etmişdir ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, müsbət demoqrafiya və gənc əhali, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir.

Qəbələ Zirvə görüşündə gələcək illər üçün əməkdaşlıq prioritetlərini, strateji hədəfləri müəyyən edən Qəbələ Bəyannaməsinin imzalanması, həmçinin “TDT+” formatının təsis edilməsi, Beynəlxalq Türksoy Təşkilatının gücləndirilməsi qərarı xüsusi əhəmiyyət kəsb etdi.

Qeyd edilməlidir ki, Azərbaycan dövlətinin dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Bir çox xarici dövlətlərlə, mötəbər beynəlxalq təşkilatlarla milli maraqları qorumaqla qarşılıqlı hörmət və ehtiram əsasında qurulan əməkdaşlıq münasibətləri ölkəmizə etibarlı tərəfdaş imicini qazandırıb. Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir sıra mühüm əhəmiyyət kəsb edən qərarların qəbulunda və icrasında yaxından iştirak edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə cari il avqustun sonu – sentyabrın əvvəlində Çin Xalq Respublikasına işgüzar səfəri, keçirdiyi görüşlər, “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçirilən təntənəli tədbirlərdə və hərbi paradda iştirakı bir daha onu göstərdi ki, dövlət başçısı cənab İlham Əliyev beynəlxalq miqyasda böyük ehtiramla qarşılanan siyasi lider, Azərbaycan isə yüksək nüfuza malik dövlətdir.

Həmçinin, dövlət başçısı cənab İlham Əliyev cari il oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagen şəhərində “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirak edib. Dövlətimizin başçısı sammit çərçivəsində bir sıra dövlət, hökumət başçıları, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti və Avropa Komissiyasının Prezidenti ilə görüşlər keçirdi. Mühüm məqamlardan biri odur ki, keçirilən görüşlər qarşı tərəflərin təşəbbüsü ilə həyata keçirilib. Bu ölkəmizin artan geosiyasi əhəmiyyətinin, Avropa liderlərinin Azərbaycana olan marağının, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi nüfuzuna, həyata keçirdiyi siyasətə etimadın və ehtiramın bariz nümunəsidir.

Ölkəmiz ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ilə hər zaman ən yüksək tribunalardan ikili standartlara əsaslanan siyasətin yaratdığı problemləri vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışı mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısı çıxışında bu reallığı da qeyd edib ki, son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur.

Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qlobal təhlükəsizliklə bağlı beynəlxalq ictimaiyyətə mühüm çağırışları səsləndirərək xüsusilə vurğuladı: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq”.

Bir daha qeyd edilməlidir ki, 2025-ci il dövlətçilik tariximizdə “Konstitusiya və Suverenlik İli” kimi xüsusi əhəmiyyət və məna daşıyır. Bu il ölkənin milli müstəqilliyi, ərazi bütövlüyü və qanunvericilik prinsiplərinin gücləndirilməsi baxımından yeni mərhələnin başlanğıcıdır. Ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçiliyimizin möhkəmlənməsinə, milli suverenliyimizin bərqərar olmasına verilən xüsusi önəmin göstəricisidir. Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı xalqımızın birliyi və həmrəyliyinin ifadəsi, yüzilliklərin dövlətçilik ənənələrinin məntiqi davamı olmaqla, milli şüurun, milli dəyərlərin qorunmasına xidmət edir. Möhtərəm cənab Prezidentin bu Sərəncamı eyni zamanda hüquqi dövlətə sadiq qalmaq, ölkə Konstitusiyasına hörmətlə yanaşmaq, onun müddəalarını həyata keçirməklə bağlı gələcək nəsillərə ünvanlanmış bir çağırışdır.

Olduqca qürurverici haldır ki, bizim qədim tarixə, zəngin mədəniyyətə malik olan Azərbaycan kimi vətənimiz var. Xalqımız bu gün öz müstəqil və suveren dövlətinə sahibdir, mübarizə ilə əldə edilən suverenlik onun milli sərvətinə çevrilmişdir. Hər bir azərbaycanlı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsinin, ölkənin bütün ərazilərində Konstitusiyanın hüquqi qüvvəsinin tam bərqərar olunmasının sonsuz sevincini, qürurunu yaşayır. Bu böyük Qələbə hər birimizi yeni nailiyyətlərə ruhlandırır.

Tam əminliklə bildirmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütöv və suveren dövlətimiz tarixi uğurlara imza atmaqda davam edəcək, növbəti dövrdə də inkişafının mühüm mərhələsini yaşayacaq. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də öz növbəsində, müəllifi ulu öndər Heydər Əliyev olan Azərbaycan Respublikası Konstitusiyasının aliliyinin təmin edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində Dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu fəaliyyətə dəstək olaraq, üzərinə düşən məsuliyyətli vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.

Fürsətdən istifadə edərək, Azərbaycan xalqını bu il beşinci ildönümünü qeyd etdiyimiz 8 Noyabr – Zəfər Günü, həmçinin 9 Noyabr – Dövlət Bayrağı Günü və 12 Noyabr – Konstitusiya Günü münasibətilə Konstitusiya Məhkəməsi adından təbrik edir, xalqımıza xoşbəxt və firavan həyat arzulayıram.

 

Fərhad Abdullayev,

“Xalq qəzeti”

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()