Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il keçir (I hissə)
“Bu Konstitusiya layihəsinin ən əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikasının tam müstəqilliyini təmin edir, ölkəmizin ərazi bütövlüyünü təmin edir, Azərbaycan xalqının hüquqlarının toxunulmazlığını təmin edir, vətəndaşlarımızın hər birinin hüquqlarının qorunmasını təmin edir və Azərbaycan xalqının, respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə bilməzliyini təmin edir”.
Heydər ƏLİYEV,
Azərbaycan xalqının Ümummilli Lideri
“Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bu il Azərbaycanın dövlətçilik tarixində olduqca mühüm əhəmiyyətə malik iki əsas hadisənin - İkinci Qarabağ müharibəsində tarixi Zəfərin 5-ci və müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümü tamam olur. Azərbaycan Respublikasının Konstitusiyası ilə bəyan edilmiş niyyətlərdən biri kimi ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən imzalanan bu sərəncam müasir dövlətçilik tariximizdə əldə edilən parlaq Zəfərin hüquqi-siyasi təsdiqidir.Bu sənədin imzalanması dövlətçilik ənənələrinin gücləndirilməsi, hüquqi dövlət quruculuğunun daha da təkmilləşdirilməsi, həmçinin konstitusiya dəyərlərinin qorunması, inkişaf etdirilməsi və təbliği istiqamətində atılan vacib addımlardandır. Eyni zamanda, cari ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi yaddaşla gələcəyə baxışın vəhdətini əks etdirməklə, milli birliyin möhkəmləndirilməsi və gələcək prioritetlərin müəyyən edilməsi üçün əlverişli şərait yaradır.
Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. Belə ki, milli dövlətçilik milli özünüdərkin ifadəsidir. Hər bir xalqın müstəqil dövlət quruculuğu yolunu bir sıra mühüm faktorlar müəyyən edir. Bizim tariximiz azadlıq, müstəqillik uğrunda çətin və eyni zamanda şərəfli mübarizə yolu ilə zəngindir. Azərbaycan xalqı müstəqillik uğrunda əzmlə mübarizə aparmış və bu yolda bir çox çətinliklərlə üzləşmişdir.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etsə də, bu illərdə ölkəmiz ciddi siyasi böhran, iqtisadi tənəzzül və çətinliklərlə üzləşdi. Müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Ölkəmizə qarşı hərbi təcavüz və torpaqlarımızın işğalı, digər tərəfdən ölkədaxili siyasi qeyri-sabitlik və idarəetmə böhranı Azərbaycan dövlətçiliyi üçün ciddi təhlükə yaratmışdı. O dövrdə ölkəmizdə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, həmçinin ölkəmizin müstəqilliyi üçün təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurmasının güclənməsi onu göstərdi ki, ölkəni yaranmış ağır vəziyyətdən yalnız ümummilli lider Heydər Əliyev kimi prinsipial, güclü və iradəli lider xilas edə bilər.
Məhz ulu öndər Heydər Əliyevin o böhranlı günlərdə xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə qayıdışından sonra bu mürəkkəb vəziyyətin qarşısını almaq mümkün oldu. Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas edən dahi şəxsiyyət Heydər Əliyev tərəfindən müstəqilliyin qorunması istiqamətində həlledici addımlar atıldı, ölkədə mövcud olan xaosun, özbaşınalığın qarşısı alındı, cəmiyyətdə ictimai-siyasi sabitlik təmin edildi, müasir dövlət quruculuğu üçün etibarlı zəmin formalaşdırıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu öndərin dövlətimiz və xalqımız üçün həlledici məqamlarda böyük liderlik nümayiş etdirərək həyata keçirdiyi xilaskarlıq missiyası haqqında demişdir: “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”.
Məlumdur ki, 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında ölkənin yeni Konstitusiyasının hazırlanması nəzərdə tutulsa da, ölkədə mövcud olan ictimai-siyasi qeyri-sabitlik, hakimiyyət uğrunda mübarizə, həmçinin vahid siyasi iradənin olmaması Əsas Qanunun hazırlanaraq qəbul edilməsini mümkünsüz etmişdir.
Xüsusilə vurğulanmalıdır ki, Əsas Qanunun qəbulu ideyasının irəli sürülməsində, eyni zamanda onun layihəsinin hazırlanmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni Konstitusiyanın hazırlanaraq qəbul edilməsi məsələsi ön plana çəkilmişdir. 1995-ci il mayın 2-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın tərkibi təsdiq edildi.
Ümummilli lider Heydər Əliyev yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın fəaliyyəti zamanı Əsas Qanunun layihəsinə dair öz dəyərli tövsiyələrini vermiş, Konstitusiyanın hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, layihənin açıq müzakirələrini təşkil etməklə onun ən təkmil şəkildə qəbul edilməsini təmin etmək üçün böyük əmək sərf etmişdir.
Yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında Komissiyanın sədri Heydər Əliyev qeyd etmişdir: “Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir. Bir sözlə, biz elan etmişik və mən bir daha bəyan edirəm ki, Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlət qururuq”.
Eyni zamanda, 1995-ci il 24 noyabr tarixində keçirilmiş Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında nitqi zamanı ulu öndər Heydər Əliyev Konstitusiyanın bəzi cəhətlərini xüsusilə vurğulamışdır: “Yeni qəbul olunmuş Konstitusiya Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü təmin edən Konstitusiyadır və əminəm ki, bu, daimi olacaqdır, xalqımız bu Konstitusiyanın müddəalarından daim istifadə edərək Azərbaycanın dövlət müstəqilliyini əbədi edəcəkdir. Yeni Konstitusiya Azərbaycanda demokratik hüquqi dövlətin qurulması, demokratik vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsasları yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir”.
Ulu öndər Heydər Əliyevin qeyd etdiyi bu vacib əsaslar mahiyyət etibarilə ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində ilkin təməl rolunu oynadı.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olmaqla 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilmiş, 1995-ci il noyabrın 27-də isə qüvvəyə minmişdir. Bu tarixi hadisə ölkəmizdə yeni konstitusionalizm nəzəriyyəsi və təcrübəsinin formalaşmasının əsasını qoydu.
O da vurğulanmalıdır ki, hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü hüquqi dövlətçilik ənənələrinin təbliği, hüquq mədəniyyətinin gücləndirilməsi və milli müstəqillik ideyalarının möhkəmləndirilməsi baxımından vacib əhəmiyyət kəsb edir.
Əsas Qanunun qəbulu müasir Azərbaycanın müstəqillik tarixində ən mühüm hadisələrdən biri olmaqla yanaşı, dövlətçiliyin möhkəmləndirilməsi baxımından çox vacib ictimai-siyasi hadisə oldu. Konstitusiya dövlətin və xalqın milli maraqlarını, həmçinin ölkəmizin özünəməxsus xüsusiyyətlərini özündə əks etdirməklə, dövrün çağırışlarına və tələblərinə tam cavab verən mükəmməl sənəd olaraq qəbul edildi. Gərgin əməyin məhsulu olan Konstitusiya dolğunluğu ilə seçilərək, ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin inkişafı üçün hərtərəfli zəmin yaratdı.
Konstitusiya ən mühüm, ali hüquqi sənəddir və ölkənin siyasi, iqtisadi və hüquqi inkişafını istiqamətləndirən əsas qaydaları müəyyən edir. Konstitusiyanın qəbul edilməsi ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olmaqla, gələcək nailiyyətlərin hüquqi bazası qismində çıxış etdi. Bu mühüm məqam ilə bağlı dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan 2024-cü il 28 dekabr tarixli sərəncamda qeyd edilmişdir: “Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.
Konstitusiya, suverenlik və dövlətçilik bir-birini tamamlayan anlayışlar olmaqla, dövlət quruculuğunun ayrılmaz dəyərləridir. Konstitusiya dövlətin hüquqi təməlini formalaşdırır, suverenlik və dövlətçilik amili isə dövlətin siyasi-hüquqi və siyasi-ideoloji əsaslarını, həmçinin milli kimliyini və birliyini ifadə edir. Suverenlik və dövlətçilik müstəqil dövlətin mövcudluğunu və tərəqqisini təmin edən mühüm prinsiplərdir.
Konstitusiyada öz əksini tapan prinsiplər, müddəalar dövlət və xalq birliyinin iradəsinin təcəssümüdür. Dövlətin qanunvericilik sisteminin bünövrəsini, əsasını təşkil edən, Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiya eyni zamanda ölkədə ictimai-siyasi sabitliyin, milli birliyin təminatı kimi çıxış edir. Bu Ali Qanun xalq hakimiyyəti, dövlətin əsasları, əsas insan və vətəndaş hüquqları və azadlıqları, vətəndaşların əsas vəzifələri, hakimiyyətlərin bölünməsi, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını və digər bir sıra mühüm müddəaları ehtiva edir.
Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Konstitusiyamızın preambulasında bəyan olunan ülvi niyyətlərdir. Burada əksini tapan müddəalar ümumilikdə Konstitusiyanın mütərəqqi dəyərlərini, gələcəklə bağlı niyyət və hədəfləri əks etdirir.
Konstitusiyada insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin Azərbaycan dövlətinin ali məqsədi olaraq müəyyənləşdirilməsi, dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verməsi ilə bağlı müddəalar xüsusi əhəmiyyət kəsb edir.
Konstitusiyada dövlət və cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən prinsiplər geniş şəkildə təsbit edilir. Əsas Qanun xalq hakimiyyətini bəyan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi kimi Azərbaycan xalqını elan edir, sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etməyi Azərbaycan xalqının suveren hüququ kimi təsbit edir. Həmçinin Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi, unitar respublika elan edir, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşdığını bəyan edir.
Vurğulanmalıdır ki, hüquqi dövlətdə insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Konstitusiyada həmin hüquqlar və azadlıqlar hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur. İnsan və vətəndaş hüquq və azadlıqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində əsas hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilmişdir.
Əsas Qanunda, həmçinin Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etdiyi, dövlətin bazar münasibətləri əsasında sosialyönümlü iqtisadiyyatın inkişafına şərait yaratması, azad sahibkarlığa təminat verilməsi və digər bir sıra mühüm müddəalar öz əksini tapmışdır.
Məlum olduğu kimi, konstitusiyaların əsas hüquqi əlamətlərindən biri onların stabilliyidir. Konstitusiyanın stabilliyi ölkədə qanunçuluq rejiminin sabitliyinin, dövlət hakimiyyətinin təşkili və həyata keçirilməsi sahəsində şəxs, dövlət və cəmiyyət arasındakı münasibətlərin əsas şərtlərindəndir. Bununla belə, konstitusiyaların qəbulu zamanı onların tənzimetmə predmetini təşkil edən münasibətlər və hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət dəyişir, cəmiyyət elmin və texnologiyaların inkişafı baxımından keyfiyyətcə yeni dövrə qədəm qoyur. Bu baxımdan, konstitusiyaların zərurət yarandığı təqdirdə təkmilləşdirilməsi, onlara müəyyən əlavə və dəyişikliklərin edilməsi labüd olur.
Ötən illər ərzində dəyişilən sosial-siyasi reallıq səbəbindən 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar nəticəsində Əsas Qanunun mətninə müvafiq əlavələr və dəyişikliklər edilmişdir. Konstitusiyaya edilmiş bu mühüm əlavə və dəyişikliklər hüquqi dövlət prinsip və dəyərlərinin bərqərar olmasının, insan hüquq və azadlıqlarının müdafiəsi və təminatına ən yüksək səviyyədə göstərilən diqqətin təzahürü olmaqla, ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsi, bütövlükdə dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsi və müasirləşdirilməsi məqsədlərinə xidmət etmişdir.
Qeyd edilməlidir ki, 1995-ci ildə qəbul edilmiş Konstitusiyanın mütərəqqi xüsusiyyətlərindən biri ali konstitusiya ədalət mühakiməsi orqanı – Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması olmuşdur. Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə yaradılan və artıq 27 ildir fəaliyyət göstərən Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir.
Qeyd edilməlidir ki, konstitusiya ədalət mühakiməsi hüququn aliliyinin təmin olunmasının səmərəli mexanizmlərindən biri olmaqla, həmçinin hüquqi dövlətin mühüm institutlarından biri olaraq qəbul edilir.
Fəaliyyət göstərdiyi müddət ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən ümumilikdə 604 qərar və 182 qərardad qəbul edilib. Bu qərar və qərardadlarda formalaşdırılan hüquqi mövqelər dövlətin Əsas Qanununun aliliyinin təmin olunmasına, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir. Bu qərarlardan və orada əks olunmuş hüquqi mövqelərdən bəziləri xüsusilə qeyd edilməlidir.
Belə ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında qəbul edilən “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli 354 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.24-cü və 2022-ci il 9 mart tarixli 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədrisin kredit sistemi ilə təşkili Qaydası”nın 3.2.25-ci yarımbəndlərinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III–V hissələrinə, 41-ci maddəsinin I hissəsinə, 42-ci maddəsinin I hissəsinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I, III və V hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2025-ci il 22 sentyabr tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, yalnız bilik əldə etmək imkanı ilə məhdudlaşmayaraq şəxsin cəmiyyətdə layiqli mövqe tutmasına şərait yaradan, fərdi inkişafı, eləcə də cəmiyyətin sosial-iqtisadi tərəqqisini təmin edən əsas vasitə kimi təhsil hüququnun qorunması və təmin edilməsi hüquqi dövlətin mühüm göstəricisidir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dərslərdə iştirak etməmənin üzrlü səbəblərdən də baş verə biləcəyinin mümkünlüyü nəzərə alınaraq “Təhsil haqqında” Qanunun 32.5.1-1-ci maddəsi ilə məhz üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verilməməsi təhsilalanların vəzifəsi kimi müəyyən olunmuşdur.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, üzrlü səbəbdən auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbədən fənni yenidən dinləməsi üçün ödəniş alınması Konstitusiyanın 42-ci maddəsinin I hissəsində təsbit edilən təhsil almaq hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına səbəb olur.
Qeyd edilmişdir ki, üzrlü səbəbə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbənin təhsil hüququnun təmin olunması məqsədilə Qərarda sadalanan Qaydalarda qeyd edilən məsələlərin aydın şəkildə və ətraflı tənzimlənməsi Konstitusiyadan irəli gələn tələblərə cavab vermiş olardı.
Həmçinin Qərarda əks olunmuşdur ki, milli yığma komandaların üzvləri olan idmançı-tələbələr beynəlxalq miqyaslı yarışlarda ölkəni təmsil etməklə idmanın inkişafında əhəmiyyətli rol oynayırlar. Bu baxımdan, idman yarışlarında iştirak edən tələbələrə dərslərə davamiyyətlə bağlı güzəştlərin tətbiq edilməsi fərdi imtiyazın müəyyən olunmasına deyil, ictimai əhəmiyyətli məqsədlərə xidmət edir.
Göstərilənlər belə qənaətə gəlməyə əsas verir ki, fərqli rəftar (milli yığma komandaların üzvləri olan idmançı-tələbələrə güzəştin müəyyən edilməsi) ilə qarşıya qoyulan qanuni məqsəd (yüksək dərəcəli idmançıların beynəlxalq miqyaslı yarışlarda ölkəni şərəflə təmsil etməsi üçün lazımi şəraitin yaradılması) arasında ağlabatan mütənasiblik olmaqla, həmin rəftar ayrı-seçkilik xarakteri daşımır.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu belə nəticələrə gəlmişdir ki, 2013-cü il 24 dekabr tarixli Qaydaların 3.2.23-cü, 2013-cü il 26 dekabr tarixli Qaydaların 3.2.24-cü və 2022-ci il 9 mart tarixli Qaydanın 3.2.25-ci yarımbəndləri Konstitusiyanın 25-ci maddəsinin I, III–V hissələri, 41-ci maddəsinin I hissəsi, 42-ci maddəsinin I hissəsi, 71-ci maddəsinin I və II hissələri və 149-cu maddəsinin I, III və V hissələri ilə ziddiyyət yaratmır.
Həmçinin, Konstitusiyanın 42-ci maddəsinin I, IV hissələrinin və 149-cu maddəsinin I hissəsinin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə əsasən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas və peşə təhsili müəssisələrində üzrlü səbəblərə görə fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbələrin təhsil hüquqlarının təmin edilməsi üçün yuxarıda qeyd olunan Qaydaların təkmilləşdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun digər qərarı, Azərbaycan Respublikasının Prokurorluğunun sorğusu əsasında qəbul edilən “Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I və X hissələri və 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair” 2025-ci il 30 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, cinayət qanunvericiliyində Azərbaycan Respublikasının vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xarici ölkədə törətmiş olduqları cinayətlərə görə məhkum edilərkən cəzanın yuxarı həddinin cinayətin törədildiyi ölkənin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddi ilə məhdudlaşdırılması cinayətə görə məsuliyyətin, cəzanın məhz əməlin ictimai münasibətlərə vurduğu zərərə, bununla da ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsindən irəli gəlir.
Əks yanaşma, yəni şəxsin, əməlinin baş verdiyi ölkədə ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq nəzərdə tutulmuş məsuliyyət həddindən artıq məsuliyyətə cəlb edilməsi cəzanın mahiyyət və məqsədlərinə uyğun olmazdı.
Bu Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Həmçinin qeyd edilmişdir ki, törədilmiş əmələ görə təyin edilən cəza ilə həmin əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında gözlənilən proporsionallıq cəzanın ədalətlilik meyarı kimi çıxış edir. Odur ki, ədalətin bərpası təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olduğu təqdirdə mümkündür.
Adıçəkilən Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edərək göstərmişdir ki, cəzanın aşağı həddinin, habelə daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinə nail olmağa imkan verdiyi və şəxsin islah olunmasına kifayət etdiyi hallarda onun tətbiqi ədalətli cəza kimi müəyyən edilmişdir.
Fərhad Abdullayev,
“Xalq qəzeti”