Azərbaycan qlobal iqlim hədəflərinə töhfə verir
Azərbaycanın qlobal siyasətdə nüfuzunun artması, beynəlxalq tədbirlərin keçirilməsi ölkəmizin öncül mövqeyə çıxmasına şərait yaratdı. Bu, təkcə iqtisadi və siyasi cəhətdən deyil, mədəni və idman sahələrində də Azərbaycanı qlobal diqqət mərkəzinə çevirdi. Xüsusilə, 2015-ci ildə keçirilən Birinci Avropa Oyunları bu sahədə böyük əhəmiyyət kəsb edir. 50-dən çox ölkədən 6 minə yaxın idmançının və 2 minə yaxın rəsmi qonağın iştirak etdiyi bu oyunlar, Azərbaycanın təşkilatçılıq bacarığını, infrastrukturunu və beynəlxalq səviyyədə böyük tədbirlər keçirmək qabiliyyətini nümayiş etdirdi.
Beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanınan Azərbaycan həm də qlobal tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. Artıq heç bir şübhə yoxdur ki, ölkəmiz üzərinə götürdüyü öhdəlikləri tam məsuliyyətlə yerinə yetirir və noyabr ayında COP29-a uğurla evsahibliyi edəcək. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan və Bolqarıstan Azərbaycanın xeyrinə öz namizədliyini geri götürdü. Bu barədə Prezident İlham Əliyev demişdir: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik".
COP29 tədbirinin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq siyasətdəki mövqeyini və əhəmiyyətini bir daha təsdiq edir. Bu tədbirə dünyanın 190-dan çox ölkəsindən 80 mindən artıq qonağın gəlməsi gözlənilir ki, bu da həm miqyasına, həm də siyasi əhəmiyyətinə görə çox mötəbər bir hadisədir. Belə qlobal tədbirə ev sahibliyi etmək, Azərbaycanın yalnız iqtisadi və enerji sahələrində deyil, həm də qlobal ekoloji məsələlərdə üstün mövqeyə sahib olduğunu göstərir.
İki aydan sonra bütün dünyanın nəzərləri yenidən Bakıda olacaq. Azərbaycan bu qlobal tədbirin ən yüksək səviyyədə baş tutması üçün var gücü ilə çalışır. Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Dövlət başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq ərazisində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyatın hazırlığı, qonaqların yerləşdirilməsi və digər işlər barədə məlumat verilib. Həmçinin 8 hektar ərazidə qurulan "Yaşıl Zona" ilə bağlı görülən işlər məruzə edilib. Qeyd olunub ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.
Azərbaycanın bu cür beynəlxalq tədbirə ev sahibliyi etməsi dost ölkələri sevindirsə də, bir sıra qərb ölkələri və təşkilatları xeyli vaxtdır ki, ölkəmizə qarşı qərəzli xəbərlər yayırlar. Bəzi beynəlxalq təşkilatlar və dövlətlər, o cümlədən "Transparency International", "Amnesty International", "Human Rights Watch" və Fransanın bəzi siyasi dairələri COP29 çərçivəsində ölkəmizə qarşı mənfi təbliğat kampaniyaları aparırlar. Bu cür tənqidlərin əsasını Azərbaycanın enerji resurslarından istifadəsi təşkil edir və onların iddialarına görə bu, BMT-nin iqlim dəyişmələri hədəflərinə uyğun gəlmir. Lakin belə ittihamların ikili standartlara əsaslandığı aydın görünür. COP26-nın Böyük Britaniyada keçirildiyini nəzərə alsaq, bu ölkənin də neft və qaz istehsalçısı olduğu halda, onun iqlim hədəflərinə qarşı çıxılmadığını xatırlatmaq vacibdir. Eyni zamanda digər böyük enerji istehsalçısı ölkələr bu tənqidlərə məruz qalmadığı halda, Azərbaycanın hədəf alınması açıq-aşkar qərəzliliyi göstərir. COP29-a Azərbaycanın ev sahibliyi etməsi, ölkəmizin iqlim dəyişmələri sahəsində beynəlxalq əməkdaşlıqda fəallığını nümayiş etdirir və bu, qlobal iqlim hədəflərinə uyğun fəaliyyətin təşviqi deməkdir.
Musa Bağırlı
“Respublika” qəzeti