“Azərbaycan Milli Musiqi günü”nə həsr olunmuş kitab sərgisi
Sentyabrın 18-də Azərbaycan xalqının dahi bəstəkarı, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Həmin gün, sadəcə, musiqisevərlərin yox, həm də xalqımızın bayramıdır. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanmış və dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın “Milli Musiqi günü” kimi qeyd olunması qərara alınmışdır. Çünki milli musiqimiz Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olan Üzeyir Hacıbəyova, onun yadigar qoyduğu zəngin irsinə borcludur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 sentyabr 2018-ci il tarixdə “Milli musiqimiz” adı altında təşkil edilən kitab sərgisi oxucuların böyük marağına səbəb olmuşdur. Sərgidə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Cövdət Hacıyev və digər bəstəkarların əsərlərindən ibarət kitab və not yazıları yer almışdır.
Oxucular “Milli musiqimiz” adlı kitab sərgisinə maraqla baxış keçirmiş, öz rəylərini, Azərbaycan musiqisinin dünəninə, bu gününə olan münasibətlərini bildirmişlər.


