17 fevral, 2023
Paylaş:

Azərbaycan mədəniyyətinin misilsiz himayədarı

“Xalq qəzeti”

Əvvəlcə onu deyim ki, dostlarımdan biri mənim ulu öndərimiz haqqında qələmə aldığım yazıya belə sərlövhə verməyimi istəmirdi. Yəni, onun fikrincə, misilsiz sözü yerində deyildi. O, arqumentini belə əsaslandırırdı ki, Prezident İlham Əliyev də Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasını, təbliğini və mədəniyyət xadimlərinin xidmətinin lazımınca qiymətləndirilməsini daim diqqət mərkəzində saxlayır. Ancaq mən öz sözümün üstündə durdum. Çünki cənab Prezidentin özü də ulu öndərimizi “Azərbaycan mədəniyyətinin misilsiz himayədarı” adlandırmışdır.

Əvvəlcə məsələnin bilavasitə özümlə bağlı olan bir neçə detalını xa­tırlatmaq istərdim. Belə ki, ulu öndər çıxışlarından birində demişdi ki, Xəzər neftçilərinin həyatı və fədakarlığı ən dəyərli sənət əsərlərinin mövzusu ol­malıdır. Mən o böyük dövlət xadiminin həmin ifadəsindən ruhlanaraq “Xəzər balladası” adlı birpərdəli balet yazdım və həmin səhnə əsəri mənə dünya şöhrəti qazandırdı. Bu əsər Azərbaycan Dövlət Opera və Balet Teatrında tama­şaya qoyulduqdan sonra tezlikdə Mosk­va, Sankt-Peterburq, Kiyev və keçmiş SSRİ-nin digər şəhərlərində, eləcə də, Fransanın bir neçə şəhərində, Lüksem­burqda və Monte-Karloda göstərilmişdir. Əlamətdar haldır ki, “Xəzər balladası” baleti Moskvanın Qurultaylar Sarayın­da da oynanılmışdır. Xaricdə isə bu ba­let 30 dəfədən çox nümayiş etdirilmiş, Fransanın Amyen, Bezanson, Dijon, Le-Krezo, Nansi, Eks-Provans, Monpel­ye şəhərlərində tamaşaya qoyulmuşdur. Əsər Parisdə keçirilən VII Beynəlxalq Rəqs Festivalında “Şan Elize” Teatrında oynanılaraq böyük uğur qazanmışdır.

Bu, Heydər Əliyevin bir tövsiyəsinin mənə gətirdiyi şöhrətin miqyasıdır. İndi görün, nə qədər bəstəkar, yazıçı, rəssam var və tam qətiyyətlə deyirəm, ulu öndər onun dövründə yaradıcılıqla məşğul olmuş sənətkarlarımızın hamı­sını ruhlandırmış, xidmətlərini yüksək qiymətləndirmişdir.

Mənim ulu öndərin 90 illiyi münasibəti ilə yazdığım “Naxçıvan” simfonettası əsərim də yüksək qiymətə layiq görül­müş, sənətkarlar tərəfindən böyük ma­raqla qarşılanmışdır.

Yadımdadır, ulu öndər 2000-ci ildə mənə “Şöhrət” ordenini təqdim edərkən heç zaman unutmayacağım bir fikir səsləndirmişdi. Demişdi ki, Tofiq haq­qında danışmazdan əvvəl Bakıxanovlar nəslini yada salmaq istəyirəm: “Xalqı­mız dünya elminə öz töhfəsi ilə fəxr edə bilər. Nəsirəddin Əbülhəsən Tusinin, Bəhmənyarın, Mirzə Fətəli Axundovun, Abbasqulu ağa Bakıxanovun və baş­qa mütəfəkkirlərin adları dünya elminə yaxşı məlumdur”. Mən ulu öndərin bizim şəcərəmizə verdiyi həmin qiyməti heç zaman unuda bilməyəcəyəm. Üstəlik, onu da xatırladım ki, mən həmin günə qədər böyük alimimiz Tusini məhz Nəsirəddin Tusi kimi tanıyırdım. Heydər Əliyev isə onun adını, soyadını tam söyləmişdi.

Mənim ulu öndərin də iştirak etdiyi çoxsaylı mədəniyyət tədbirləri haqqın­da zəngin xatirələrim var. İndi onlardan birini qələm alacağam. Ancaq əvvəlcə onu qeyd edim ki, Heydər Əliyev hər za­man xüsusi olaraq vurğulayırdı ki, xalqın mədəni irsi, eləcə də mənəvi dəyərlərimiz milli-siyasi varlığımızın əsasını təşkil edir. Bir tədbirdə demişdi: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur his­si keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini ya­şatmalıyıq”. Qətiyyətlə deyə bilərəm ki, o, milli varlıq, milli mövcudluq məsələsini hakimiyyətdə olduğu bütün dövrlərdə özünün həyat amalına çevirmiş, həmçinin SSRİ zamanında həmin quruluşun im­kan və şərtləri daxilində mədəni irsimizin himayədarı və təbliğatçısı olmuşdur.

Elə yada salmaq istədiyim bir xatirə də məhz SSRİ dövründə keçirilmiş tədbirlərdən biri barədədir. Heydər Əliyevin Moskvada işlədiyi illər idi. Kremlin Qurultaylar Sarayında hansı­sa əlamətdar günlə bağlı möhtəşəm tədbir keçirilirdi. Tədbirdə ölkənin bütün rəhbərləri iştirak edirdilər. Müttəfiq res­publikalardan birinin folklor kollektivinin solisti olan sazəndə öz ifasının nəqərat yerində rus dilində olduqca pis məna verən ifadəni dönə-dönə təkrarlayırdı. Ölkənin birinci adamı da başda olmaq­la hamı gülürdü. Heydər Əliyev isə əli çənəsində, musiqiçiyə elə diqqətlə qulaq asırdı ki, sanki heç nə olmayıb. Sonra moskvalı həmkarlarım həmin faktı dəfələrlə xatırlatdılar ki, Əliyev səhnədəki adam pərt olmasın və ya inciməsin deyə, sadəcə, böyüklük nü­mayiş etdirdi.

Onun böyüklüyünü mən dəfələrlə görmüşəm. İstənilən konsertdən və ya tamaşadan sonra pərdənin arxa­sına keçər, sənət adamları ilə tək-tək görüşər, hər bir solistin və ya aktyorun ifasındakı müsbət cəhətləri xüsusilə qeyd edərdi. Bir dəfə mənim müəllimim, böyük bəstəkar Qara Qarayev demişdi ki, ölkə rəhbəri musiqini bizdən, teatrı aktyorlardan yaxşı bilir.

Onun Azərbaycan mədəniyyətinin qorunması, təbliği və sənət adamla­rının fəaliyyətinin qiymətləndirilməsi istiqamətində atdığı addımlar barədə hələ bundan sonra yüz il də yazılsa, yenə azdır. Yüz il demişkən, cənab Prezident İlham Əliyevin 2023-cü ili Azərbaycanda “Heydər Əliyev İli” elan etməsini bütün mədəniyyət xadimləri yüksək qiymətləndirirlər. Məmnunam ki, “Xalq qəzeti” mənim həmin faktla bağlı sevincimi öz oxucularına təqdim edib.

İnanıram ki, Heydər Əliyevin ömrü Azərbaycan mədəniyyətinin ömrü qədər uzun olacaq.

Tofiq BAKIXANOV,

Xalq artisti, professor,

“Şöhrət” və “Şərəf” ordenli bəstəkar,

Prezident təqaüdçüsü

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()