“Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir

19 yanvar, 2026
Paylaş:

“Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib.

Tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, 225 nömrəli tam orta məktəbin direktor müavini Zemfira Nusalova, ADMİU-nun Tələbə Gənclər Təşkilatının sədri  Fidan Məlikzadə, Vətən Müharibəsi iştirakçıları, Bakı Dövlət Universitetinin, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Biznes Universitetinin və digər ali təhsil müəssisələrinin, müxtəlif  tələbə-gənclər təşkilatlarının nümayəndələri, orta məktəb şagirdləri iştirak edirdi.

Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbirdə Respublika Gənclər Kitabxanasının Elmi işlər üzrə direktor müavini Günay Həsənova 20 Yanvar hadisələrinin müstəqillik tariximizdəki müstəsna əhəmiyyətini qeyd edərək,  20 Yanvar gününün həm hüzn, həm də qürur günü olduğunu bildirdi.  Gələcək nəsillərin vətənpərvər ruhda tərbiyə olunmaları, qan yaddaşımız olan tarixi günlərin daim yad edilməsi üçün bu cür tədbirlərin əhəmiyyətindən danışaraq, 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqilliyi yolunda ilk dönüş nöqtəsi olduğunu və  bu günün heç zaman unudulmayacağını, gələcək nəsillərin faciə qurbanlarının xatirəsini daim ehtiramla yad edəcəklərini bildirdi. 

Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə Gənclər və idman sektorunun aparıcı məsləhətçisi Rəna  Ağayeva 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymətin məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini söyləyərək Ulu Öndərin həmin günlərdə Moskvada Bakıya sovet qoşunlarının yeridilməsini SSRİ rəhbərliyinin ağır cinayəti kimi qiymətləndirdiyini və bu qanlı hadisələrə görə məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etdiyini bildirdi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin müstəqillik və azadlıq uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin, o cümlədən 20 Yanvar şəhidlərinin qanının yerdə qalmadığını bir daha sübut etdiyini söylədi.

Professor Zemfira Nusulova Azərbaycan xalqının tarixində ən faciəli, ən ağrılı, eyni zamanda ən şərəfli günlərdən biri olan 20 Yanvar faciəsinin dərin hüzn və ehtiramla yad edildiyini və bu hadisələrin bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu bildirdi.

Tələbə Gənclər Təşkilatının sədri  Fidan Məlikzadə 20 Yanvar hadisələrinin xronologiyasına nəzər salaraq Sovet qoşunlarının təcavüzü nəticəsində ümumilikdə Bakıda 131 nəfər mülki vətəndaşın qətlə yetirildiyini, 744 nəfərin yaralandığını, 841 nəfərin qanunsuz həbs olunduğunu söylədi. 1990-cı ilin yanvar qırğınının nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədiyini dilə gətirdi.

Tədbirdə 225 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər və Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Milli qürur dastanı” adlı videomaterial nümayiş etdirildi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()