Avraam Linkoln
"Düşməni uzaqlaşdırmağın ən yaxşı yolu - onu dosta çevirməkdir". Bu idi dahi siyasətçinin həyat şüarı. Amma əfsuslar olsun ki, nə qədər uzaqgörən, tədbirli olsa da, o da taleyin qismətindən yaxa qurtara bilmədi...
ABŞ-ın 16-cı prezidenti, Respublikaçılar Partiyasının banisi - Avraam Linkoln tarixdə ən yaxşı prezidentlərdən biri kimi yadda qalıb. Yəqin çoxlarınız onu 5 dollarlıq əzkinazın üzərindəki şəklindən tanıyırsınız. Amerikada quldarlığın bütövlükdə ləğv olunması məhz onun adı ilə bağlıdır. Onun prezidentliyi dövründə cənub ştatları Amerika Konfederativ Ştatları adı altında birləşərək Amerikanın tərkibindən çıxmaq istəsələr də, dörd il davam edən müharibə prezident Avraam Linkolnun siyasi məharəti sayəsində onun qələbəsi ilə nəticələnib, ölkənin parçalanmasının qarşısı alınıb.
Kasıb bir fermer ailəsində dünyaya göz açan Linkoln maddi çətinlik ucbatından məktəbdə yalnız bir il təhsil alsa da, zamanının çox hissəsini ciddi şəkildə elmə sərf edərək hüquqşünas olmağı bacarmışdı.
O, Amerika prezidentləri arasında ən hündürboylusu idi. Boyu 193 sm olmasına baxmayaraq, bunu nəzərə almayan Linkoln üstəlik uzun şlyapa qoymaqla daha da hündür görünməyi üstün bilirdi. Deyilənə görə, bunun səbəbi tamamilə başqa bir şeylə əlaqəli imiş. Maraqlıdır ki, şlyapanı təkcə dəb naminə deyil, içərisində məktub, vacib qeydlərini və pulunu saxlamaq üçün qoyurmuş. Yəqin, tədbirli prezident seyf qutusuna da etibar etmirmiş...
Linkoln mahir siyasətçiliyi ilə yanaşı, həm də həssas yumor hissinə malik olmağı ilə fərqlənib. Prezident olduğu dövrdə siyasətçilərdən biri ona "siz ayaqqabılarınızı özünüz təmizləyirsiniz?" kimi sərsəm bir sual verəndə çox maraqlı cavabı olub: "Bəli, mən öz ayaqqabılarımı özüm təmizləyirəm, bəs siz kimin ayaqqabılarını təmizləyirsiniz?"
Onun saqqal saxlamağının da qəribə bir tarixçəsi var. Qreys adlı 11 yaşlı amerikalı qız bir dəfə ona məktub yazaraq saqqal saxlamağını xahiş edib. Çox qəribə də olsa, həmin gündən etibarən Linkoln qızcığazın xahişini yerə salmayaraq saqqal buraxıb.
Deyilənlərə görə, məşhur siyasətçi həm də çox həssas və hər şeyi qabaqcadan duyan biri olub. Hətta Linkoln qətlə yetirilməmişdən bir neçə gün əvvəl öz ölümünü yuxuda görüb və bu yuxunu mühafizəçisinə də danışıbmış.
56 yaşlı Avraam Linkoln teatrda tamaşaya baxarkən həmin teatrın aktyoru Con Uilks But tərəfindən qətlə yetirilib. Qətl siyasi xarakter daşıyıb. Tamaşanın ən səsli-küylü səhnəsində prezidentə atəş açan aktyor həmin andaca binanı tərk edib qaçmağa nail olub. Qısa bir müddətdən sonra onun fermada gizləndiyi müəyyənləşdirilib. Ferma mühasirəyə alınanda o təslim olmaq istəməyib. Buna görə də ferma yandırılıb və saysız-hesabsız açılan atəşlər aktyorun həyatına son qoyub. Beləliklə də, Avraam Linkoln qətlə yetirilmiş ilk ABŞ prezidenti olub.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.