Aşıq Ələsgər
Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgər... Öləcəyi günü əvvəlcədən bilən, ilk məhəbbəti daşa dəyən, yuxusunda vergi verilən, gördüyü gözəllərin hərəsinə bir tərif yağdıran Aşıq Ələsgər yaradıcılığı ilə yanaşı, özünəməxsus xüsusiyyətləri ilə də yaddaşlarda qalıb...
Aşıq Ələsgər özünəməxsus təbii gözəllikləri ilə seçilən, qədim yurd yerlərimizdən olan Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Atası Alməmməd kəndin hörmətli şəxslərindən sayılırdı. Əsas məşğuliyyəti dülgərlik idi. Eyni zamanda, bədahətən söz demək, şeir qoşmaq istedadı vardı. Ara-sıra qoşma, bayatı, gəraylı söyləyərdi. O, öz dövründə övliya kimi tanınıb.
Deyirlər aşığın ilk məhhəbəti daşa dəyib. Kəndlərinin zəngin kişilərindən biri olan Kərbalayi Qurban Alməmməd kişinin gözünün ağı-qarası bircə qızı Səhnəbanuya vurulan Aşıq Ələsgər sevdiyinə qovuşa bilməsə də sonralar onun sayəsində aşıq olur. Belə ki, bir gün sevdiyi qıza qovuşa bilmədiyi üçün qəm dəryasına düşən aşıq möhkəm yatır və yuxuda Həzrət Əlinin onu cənnətə apardığını görür. Yuxudan ayılanda gördüklərini danışır və ona vergi verildiyi təsdiq edilir. Düzdür, istedadı elə əvvəldən olub, amma vergisi həmin yuxuda verilir. Bundan sonra Ələsgər evdə özünə yer tapa bilmir. Atası ona saz alır ki, başı qarışsın. Az müddətdə o, özü sazda ifa etməyi öyrənir. Atası onu Aşıq Alının yanına şəyirdliyə verir. Hardasa beş il ona şəyirdlik edir, mükəmməl şəkildə Aşıq Alının məktəbini keçir.
Aşıq Ələsgər 40 yaşından sonra ailə qurub. Kəlbəcərin Yanşaq kəndindən Anaxanım adlı bir qızla evlənib. Amma Səhnəbanunun məhəbbəti ona elə böyük zərbə vurub ki, bütün şeirlərində sanki ona xitab edib, çox yanğılı yazıb. Səhnəbanu alagöz qadın olub. Fikir vermisinizsə, Ələsgərin bütün məhəbbət şeirlərində "alagöz" sözü işlədilir. Alagöz qadın görəndə, sanki Səhnəbanunu görürmüş. Onun beş oğlu, altı qızı olub. Oğlanlarından ikisi Həsən və Həşim cavan ikən dünyasını dəyişir. Üç oğlu - Bəşir, Abduləzim və Talıb qalır. Hər üçünün şeir demək qabiliyyəti varmış. Təəssüf ki, onların yaradıcılığı haqqında məlumat xalqa istənilən qədər çatdırılmır.
Aşıq Ələsgər yaradıcılığı ilə tanış olduqda açıq-aydın görünür ki, günü gözəllərlə keçən aşıq harada bir gözəl görübsə, ona şeir yazıb. Hətta deyilənlərə görə, aşığın əli o qədər düşərliymiş ki, hansı gözələ tərif deyirmişsə həmin gözəl tez bir müddətdə sanki bir ulduza dönür, tezliklə ərə gedirmiş. Bəzən, onun şeirlərində açıq-saçıqlıq sezmək olur, amma dərinliyinə gedəndə başqa aləm görünür.
Deyirlər, Aşıq Ələsgər savadsız olub, yazı-pozu bilməyib. Amma əslində bu, belə deyil. Aşıq Ələsgər savadsız yox, təhsilsiz idi. O, həddindən artıq savadlı, mütaliəli insan olub. Din adamları ilə söhbətlər edirmiş, şeirlərində İtaliyadakı hadisələrdən söhbət açıb, dünyada gedən proseslərdən məlumatlı imiş.
Hətta haqq aşığı olduğu üçün bəzən bir sıra şeyləri yuxusunda görürmüş. O, şeirlərində Məhəmməd peyğəmbərdən, Əlidən bəhs edirdi. Onları da yuxusunda görürmüş. Əlini həmişə özünün ustadı sayıb. Aşıq Ələsgər təkcə şair yox, həm də övliyadır. Onun alqışı, qarğışı yerinə yetərmiş. Nədənsə narazı qalsa, həmin iş baş tutmaz, hansı işə razı olsa, onun çox gözəl nəticəsi olarmış.
Xasiyyətcə çox mehriban, zarafatcıl adam olan aşıq, şit şeyləri xoşlamayıb. O qədər mehriban imiş ki, yanına düşən hər kəs ilk gündən ona isinişirmiş. Ən özəl xüsusiyyətlərindən biri qətiyyən tamahkar olmamasıdır. Toylarda özündən yox, Xəstə Qasımdan, Qurbanidən, Şəmkirli Aşıq Hüseyndən şeirlər oxuyurmuş. Təvazökar olduğundan öz yaradıcılığına çox az müraciət edirmiş. O, məqamı çatanda şeirlərini bədahətən deyirmiş. Çox işlək adam olub. Kəndin əkin-biçinindən qalmayıb. Sağlamlığını da işləməklə qoruyub. Həmişə deyirmiş, insan gərək özü-özünün həkimi olsun. Hətta sağlamlığını qorumaq məqsədilə ildə iki dəfə qonşudakı dəlləyi çağırıb başından bir cam dolusu qan aldırırdı. Özü dəlləyə başının hansı tərəfini çərtmək lazımdır, ona qədər göstərirmiş.
105 il ömür sürən Dədə Ələsgər öləcəyi günü də qabaqcadan hiss edib. Belə ki, ölməmişdən bir neçə gün əvvəl evdəkiləri çağırır, deyir, mən öləcəm, indidən ehtiyatınızı görün. Deyiblər, axı sənin heç nəyin yoxdur. Deyir, mən sizə deyirəm, hazırlığınızı görün, qonaq-qara yanında peşman olmayın. Hətta, kimdən yağ, kimdən bal, kimdən düyü almağı belə məsləhət görür. Bilirmiş, kim halal, kim haram adamdır. Ölümünə az qalmış, deyir, Bəşir gəlsin Quran oxusun. Üçüncü salavatı çəkəndə Ələsgər dünyasını dəyişir. Hətta ölümündən əvvəl deyir ki, mən Kəlbəcərdə öləcəkdim. Vaxtım o vaxtıydı. Allahdan möhlət dilədim ki, məni qürbət eldə öldürmə, elə et, öz torpağımda - Göyçədə ölüm, Allah da diləyimi tutdu. Ölümündən əvvəl bir əhvalat da olur. Qohumları Aran tərəfdən onlara qonaq gəlir, Ələsgərə nar gətirirlər. Göyçə soyuq yerdir, orada nar yetişmir. Narı xurcundan çıxarıb Ələsgərə verəndə alıb yanına qoyur, deyir, çox şükür Allaha, ürəyimdən nar keçirdi. Sonra həmin narı evdəkilərə verib deyir, bu narı kəsin, burada nə qədər adam varsa, hamısına verin. Hamıya nar çatandan sonra özü də bir dənə götürüb yeyir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.