Artur Konan DOYL
Artur Konan Doyl... Detektiv ədəbiyyatın ən məşhur nümayəndələrindən biri olan bu ingilis yazıçısı “Baskervillərin iti”, “İtmiş dünya”, "Qorxu vadisi" kimi məşhur əsərlərin müəllifi, eyni zamanda Şerlok Holms və professor Çellencer kimi sevilən obrazların yaradıcısıdır. Uydurduğu detektiv qəhrəmanları sayəsində qucaq-qucaq pullar qazanan yazıçı ədəbiyyat aləminin ən məşhur alver simasına çevrilməyi bacarıb. Belə ki, bir zamanlar Böyük Britaniyanın ən zəngin yazıçılarından olan Konan Doyl “Ginnesin Rekordlar Kitabı”na obrazları ən çox ekranlaşdırılan yazıçı olaraq düşüb. İndiyə qədər qəhrəmanları haqda 210 film çəkilib. Hələ bu harasıdır, ölülərlə də "rabitə" yaradan bu yazıçının əbəs yerə məzar daşı üzərindəki adının qarşısında "ser" sözü yazılmayıb. Demək ki, o, buna layiq imiş...
Şotland əsilli Konan Doyl həyatını əsl ingilis centlmeni kimi yaşamışdı. Anası oğlunun adını Çarlz Dikkensin, Valter Skottun əsərlərindən tanıyıb sevdiyi tarixi şəxsiyyət - kral Arturun şərəfinə qoymuşdu. O, Edinburq Universitetində tibb təhsili almış, bir müddət gəmi həkimi işləmişdi. Yazıçı bacarıqsız terapevt kimi tanınsa da bir müddət oftalmoloq kimi böyük şöhrət qazanmışdı. Lakin sonralar pasient qıtlığı üzündən uğursuzluğa düçar olan Konan Doyl yazıçı kimi fəaliyyət göstərməyə başlayıb.
Konan Doyl həm də yaxşı idmançı idi, daha çox kriket, qolf və xizək sürməklə ad çıxarmışdı. Boksu idmanın ən yaxşı növü hesab edən yazıçı bəzən axşamlar evə gələrkən kostyumunu soyunmadan boksla məşğul olurmuş.
Həkim işlədiyi ərəfələrdə pasientlərindən birinin bacısı, Luiza Hokins adlı xanımla evlənən Doylun bu izdivacda bəxti gətirməmişdi. Belə ki, qısa müddət sonra vərəm xəstəliyi üzündən həyat yoldaşını itirən yazıçı bu azmış kimi, Birinci Dünya müharibəsində oğlunun və qardaşının da ölüm xəbərini almışdı. Yaxınlarının ölümü ona o qədər pis təsir etmişdi ki, o, rasional düşüncə tərzini bir kənara qoyub, spiritisizmə, bir qədər sonra isə okkultizmə meyillənmiş, ölülərlə rabitə yaratmağa çalışmışdı. Yazıçının rasional təfəkkürə meyli onun həyatında dönüş yaratdı. Ədəbiyyat cameəsinin gülüş hədəfinə çevrilən yazıçı yeganə dəstəyi ikinci dəfə ailə həyatı qurduğu Cin Lekki adlı xanımından aldı. Ən maraqlısı isə odur ki, 71 yaşlı yazıçının ürək tutması səbəbindən ölümündən sonra qadın mərhum əri ilə spiritistik seans keçirmək üçün göylərə və ruhlara yaxın olmaq məqsədilə xüsusi təyyarə də almışdı...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.