03 mart, 2025
Paylaş:

Arif Babayev

Milli kino tariximizdə elə rejissorlar var ki, onların çəkdiyi filmlər, rəng qatdığı obrazlar bu gün də sevilir, xatırlanır. Amma onların özləri nadir hallarda yad edilir. Çoxlarımız maraqla izlədiyimiz ekran əsərlərində onların adlarını titrlərdən bəzən heç oxumuruq. Haqqında söhbət açacağımız bu rejissorun da özündən çox, çəkdiyi filmləri tanıyırıq. Söhbət "İnsan məskən salır", "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Arxadan vurulan zərbə" kimi filmləri bizlərə ərmağan etmiş, ərli qadına aşiq olan, ömrü boyu evlənə bilməyən, dünyadan subay köçən rejissor Arif Babayevdən gedir.

Arif Hacıağa oğlu Babayev Bakıda dünyaya gəlib. Anası Səriyyə xanım evdar qadın, atası Hacıağa kişi bir müddət partiya təşkilatının rəhbəri, daha sonra isə bazar müdiri olub. Rejissor kiçik yaşlarından futbol oynamağı və kinoteatrda filmlərə baxmağı xoşlayıb. Hətta məhşur futbolçuların şəkillərini cibində gəzdirirmiş. Caz musiqilərinin populyarlıq qazandığı o illərdə Arif də truba çalırmış. Vaqif Mustafazadə ilə dost olması onun caza olan sevgisini daha da artırıb. Atası "adə, yekə kişisən, az çal bu zurnanı. Get, əməlli iş gör", - deyə etiraz edib. O isə "ata, bu zurna deyil, trubadır," - deyə cavab verib.

Çəkdiyi filmlərin bir çoxunda özünün müəyyən cizgiləri olurdu. Anarın "Gürcü familiyası" hekayəsi əsasında çəkdiyi "Gün keçdi" filminin qəhrəmanı Oqtay isə Arif Babayevin özü idi. Orada öz dünyasını, öz yalnızlığını çəkmişdi kinorejissor. Elə buna görə Anar etiraf etmişdi ki, ekran əsərinə baxanda öz ssenarisini tanımayıb. Deyilənə görə, bu filmdə kadrlar həddindən artıq çox olduğu üçün rejissorla kinostudiyanın direktoru Adil İsgəndərov arasında narazılıq yaranıb. Buna görə də Moskvadan montajçılar çağırılıb. "Uşaqlığın son gecəsi filmindəki Davud isə qardaşı Akifin obrazıdır. Rejissor damda göyərçin saxlayan, başında aerodrom formalı kepka gəzən Akifə həmişə qəzəblənib belə deyirdi: "Məni bütün ölkədə biabır elədin".

Arif müəllim son dəblə geyinməyi xoşlayardı. O dövrdə onun kimi geyinən gənclərə "stilyaqa" deyərdilər. Saçları uzun, şalvarlarının balağı dar olardı. Çox bədxərc adam idi. Qazandığı pulların çoxunu geyim-keçiminə xərcləyirdi. Sovet dövründə xaricdən çətinliklə gətirilən paltarları alverçilərdən baha qiymətə alırdı. "Paltarların, ayaqqabıların köhnələndə təzələmək həvəsin qalmayıbsa, demək, ölümün yaxınlaşıb", - deyirdi. 70-ci illərin kinematoqrafiyasına romantika, sadəlik və reallıq gətirən Arif Babayev tək yaşayırdı. Karyerası uğurlu olsa da, rejissor heç zaman ailə qurmadı. Ətrafında bir-birindən gözəl xanımlar var idi. Onu sevən, ailə qurmaq istəyənlər də az olmurdu. Hətta bəziləri özləri Arif Babayevə evlilik təklifi edirdilər. Bir dəfə Nəcibə Məlikovayla evliliyinin astanasından döndü. Çünki Arif Babayev özü ilə birgə televiziyada redaktor kimi çalışan yəhudi əsilli Nina adlı qadını sevirdi. Sevgisi qarşılıqsız deyildi. Nina da onu sevirdi. Ancaq o ailəli idi. Arif Babayev Ninanın həyat yoldaşını və övladlarını tanıyırdı. Tez-tez onların evinə gedirdi. Onların ailəsinin dağılmasını istəmirdi. Amma bir neçə il sonra Nina ərindən boşanır və başqasıyla evlənir. Arif Babayev Ninanın ikinci həyat yoldaşına: "Onu qoru, Nina dünyanın ən yaxşı insanıdır", - demişdi.

Rejissor şəkər xəstəliyindən əziyyət çəkib. Ömrünün sonlarına yaxın xəstəlik taqətini kəssə də, nifrət etdiyi xəstəxanalara yenidən üz tutmur, səhhətinə fikir vermir, pəhriz yeməkləri yemirdi. Xəstəxanaya getmək məcburiyyətində qalanda isə onun həm də vərəmə yoluxduğu məlum olur. Bir müddət sonra 54 yaşlı rejissorun səhhətindəki dəyişikliklər onun ölümü ilə nəticələnir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()