15 may, 2023
Paylaş:

Antonio Qaudi

Dahi ispaniyalı memar Antonio Qaudi... Bu memarın işləri sanki insanı sehrli, fantastik bir aləmə aparır... O aləmin adı isə Barselonadır... Orada  "Qaudi ya dəlidir, ya da ki, dahi" ... frazası olduqca məşhurdur. Çünki memarın yaradıcılığını və həyatını təsvir edərkən məhz bu ifadədən istifadə olunur. Niyə də yox? Axı memar dünyanın quruluşunu öyrənməyə çalışmış, hətta onu Tanrının özü ilə birgə qurmağı da düşünmüşdü...

Memar Tarraqona əyalətinin Reus şəhərində misgər ailəsində doğulub. Atasının gördüyü işlərlə daim maraqlanması gələcək memarın yaradıcılıq istedadına öz təsirini göstərmişdi. Qaudinin işləri təkcə müəllifin sərhəd bilməyən zəkasının yox, həmçinin yaradıcılıq axtarışlarının və müxtəlif materiallarla apardığı eksperimentlərin məhsuludur. Məhz buna görə Qaudiyə, o vaxta qədər heç kimə məlum olmayan inşaat strukturlarını və heykəltəraşlıq formalarını yaratmaq müyəssər olub.

Onu modernizmin, arxitekturanın və dəmirin kralı adlandırırlar. Onun şəxsiyyəti heç bir təsnifata sığışmır. Layihələrinin unikallığı və sənətkarlığının qəribəliyi Qaudini müasirlərindən xeyli fərqləndirir. Modernizmin dahisi sayılan Qaudi çox maraqlı və orijinal layihələrin müəllifidir. Öz doğma şəhəri Barselonaya hədiyyə etdiyi 18 əsəri artıq neçə illərdir ki, unikallıq və novatorluğun üstü sayılır.

Həyatı boyu heç vaxt evlənməyən memar ömründə bir  dəfə Jozefa Moro adlı müəlliməni sevib, lakin onların izdivacları baş tutmayıb. Ömrünün son illərində özünə qapanan məşhur memar  səliqə-sahmanına fikir vermədiyi üçün  dilənçini xatırladırmış. Elə onun bu görkəmi dolayı da olsa ölümünə səbəb olub. Belə ki, Qaudi Barselonada  tramvayın çarxları altında qalaraq faciəli şəkildə həlak olub. Deyirlər, 72 yaşlı sənətkar yolun ortasında dayanıb, özünün layihələndirdiyi məbədə baxarkən yavaş sürətlə hərəkət edən tramvayın altına düşüb. Ətrafdakılar onu dilənçi və kimsəsiz biri  zənn edərək vaxtında həkimə çatdırmadıqları üçün memar daxili qanaxma səbəbindən həyatını itirir. Sonra faciələrin sayı çoxalmasın deyə, həmin tramvay xəttini ləğv ediblər. Çünki dünyanın müxtəlif ölkələrindən Barselonaya gələn çoxsaylı turistlər hər gün məbədin ətrafına toplaşaraq başlarını qaldırıb, heyranlıqla məbədə baxırlar...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()