Antonen Arto
Keşməkeşli həyat yolu keçən fransalı rejissor, aktyor, ssenarist, şair, dramaturq Antonen Artonun hansısa daha parlaq uğurundan danışmaq çətindir. Çünki o, ümumilikdə sənət nəzəriyyəçisi idi.
Dörd yaşında ikən minengitə tutulan bu sənətçi ömrü boyu psixoloji xəstəlikdən əziyyət çəkib.
Hətta güclü depressiv vəziyyətlərdə yazdıqlarının hamısını yandırırdı. O qədər ziddiyyətli insan idi ki, bu gün yazdığını sabah alt-üst edirdi. Onun uğursuz, bədbəxt kimi təqdim edilməsində ətrafının da böyük rolu var idi. Qəzəblənərkən müxtəlif kəskin fikirlər səsləndirən sənətçi, "yazıçılıq donuzluq kimi bir şeydir, öz zir-zibilində eşələnməyə bənzəyir", - deyirdi.
Bu fikirlərin arasında əsəb böhranı keçirən adamın sayıqlamaları da çox idi. Kinoaktyor kimi də fəaliyyət göstərən Arto, Frits Lanq, Abel Hans, Hersoq Vilhelm Pabst kimi kinorejissorların filmlərinə çəkilmişdi. Amma Arto ən çox teatr nəzəriyyəçisi kimi yadda qalıb. "Qəddar teatr" nəzəriyyəsi dövrünün bir çox sənət adamına böyük təsir göstərsə də, lakin praktik olaraq özünü doğrultmamışdı.
Arto üçün tamaşa qəddarlıq və zorakılıqla dolu olan ritualdan ibarət idi. Onun teatr sisteminin pafosu teatrı inkar etməkdir. Hərçənd, Artonu məşhurlaşdıran onun yaratdığı hər hansı teatr janrı yox, ümumilikdə bu sahəyə olan baxışları idi. Arto teatrı insan varlığının həqiqətlərini açmaq üçün ən uyğun məkan, məqam hesab edirdi. O, tamaşaçıya emosional həyəcan yaşatmağı yox, emosional şok keçirməyi arzulayırdı. Onun fikrincə, məhz bu halda, tamaşaçı ruhən təmizlənə bilər. Rejissor Aristotelin "katarsis"ini reallaşdırmaq istəyirdi.
Fransanın bu məşhur teatr adamı Meksikaya yollanıb bir müddət orda yerli hindu qəbiləsində yaşamış, onların mərasimlərində də iştirak etmişdi. Fasilələrlə psixitrik xəstəxanalarda müalicə alsa da, Arto ömrünün son illərində hətta radioverilişdə iştirak edir və şeirlər yazırdı. Ona elə gəlirdi ki, kimsə onu hər gün təqib edir, daha çox isə polislər tərəfindən izlənildiyindən şübhələnirdi. Bu səbəbdən dəfələrlə ürəktutması diaqnozu ilə xəstəxanaya da yerləşdirilmişdi.
Düz bağırsaq xərçəngindən əziyyət çəkən sənətçi ömrünün son aylarında ağrılarını sakitləşdirmək məqsədilə yüksək dozalı narkotiklər qəbul etmiş, 51 yaşında həyatla əbədi olaraq vidalaşmışdır.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.