Amadeo Modilyani
Amadeo Modilyani - gözəllik düsturunu axtaran yəhudi kökənli italyan heykəltəraşı və rəssamı... Həyatı qısa və faciəli olsa da yaradıcılığı məhsuldar olan bu rəssamın əsərləri sanki kədəri izləyirdi. Onun qadın obrazları quyu kimi qaranlıq, kədər kimi dərin gözlü idi. O, qadınların gözlərini çəkməzdi. Çünki qadınların ruhuna gedən yol onun gözlərindən keçmirdi...
Cəmi 14 il yaratmasına baxmayaraq XX əsrin ən tanınmış rəssamlarından olan Modilyani Pablo Pikassonun yaradıcılığından təsirlənmişdi. Pikasso onun haqqında "o bir Tanrıdır" deyərdi.
Məşhur rəssam istedadlı olmaqla yanaşı, həm də çox yaraşıqlı biri idi. Daha çox qadınları çəkən rəssam, elə ilk və son sevgisi ilə də bu ərəfədə qarşılaşmışdı. Belə ki, qadın gözəlliyini fərqli, özünəməxsus tərzdə yaradan rəssam, Janna adlı gənc bir qızın portretini çəkərkən ona vurulur və həmin gündən onların saf məhəbbət hekayəsi başlayır. Jannanın ailəsi katolik olduğu üçün qızlarının yəhudi bir gənc ilə ailə qurmasına etiraz etsələr də, Janna məhəbbətindən dönmür. Ömrünün sonunadək rəssam Modilyani ilə qeyri-qanuni birgə yaşayır.
Modilyani Jannadan 14 yaş böyük idi. Aralarındakı yaş fərqi heç nəyi dəyişmirdi, əksinə, Modilyani qadınının ruhunu daha yaxşı oxuyurdu. Jannanın portretlərini çəkən rəssam sonra hamını təəccübləndirmişdi. Artıq portretdəki gözlər quyu kimi boş deyildi. Bəli, Amadeo Modilyani ilk dəfə bir qadının gözlərini, ruhunu görə bilmişdi. Rəssam sevgisini, gözlərdəki kədəri çəkirdi...
Hələ uşaqlıq illərindən vərəm xəstəliyindən əziyyət çəkən rəssam, sonralar içki və narkotikə aludə olur. Bu isə onun səhhətini daha da pisləşdirir. Daim maddi çətinlik çəkən 36 yaşlı rəssam, səfalət içində ölümü ilə hamını sarsıdır. Dünyanı bir rəssam, bir məhəbbət tərk edir...
Həyat yoldaşının ölümündən sonra bətnindəki 8 aylıq körpəsi ilə pəncərədən özünü atıb intihar edən Janna sədaqəti ilə sevginin zirvəsinə ucalır. Ən təəssüfləndirici məqam isə odur ki, yalnız 10 il sonra Jannanın katolik valideynləri qızlarının cəsədinin yəhudi rəssam ilə yanaşı basdırılmasına razılıq verirlər.
Bir dəfə Amadeo 16 yaşında olarkən dostuna məktub yazır: "Mən həqiqətləri və romanlara sıxışdırılmış gözəlliklərin düsturunu tapıb insanlara təqdim edəcəyəm. Artıq bütün gizli həqiqətlər mənə aşkardır"... Bəlkə də uşaqlıq yaşlarından kədəri və həqiqəti kəşf edən dahi rəssam tapdığı düsturu elə Jannanın gözlərində gizlədibmiş...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.