Aleksandr Fadeyev
O, təkcə ədəbiyyatda yox, Kremldə də söz sahibi olub. Bu ixtiyarı isə ona şəxsən İosif Stalin verib. Tanınmış yazıçı olmaqla yanaşı, həm də kifayət qədər populyar dövlət məmuru sayılan bu adamı "ədəbiyyat naziri", "ədəbiyyatın marşalı" da adlandırıblar. O, uzun illər SSRİ Yazıçılar Birliyinin idarə heyətinin baş katibi, dəfələrlə SSRİ Ali Sovetinin deputatı, iki dəfə "Lenin" ordeni, "Stalin mükafatı" laureatı, ən əsası isə Stalinin şəxsi məsləhətçisi və sevimlisi olub. Söhbət daha çox "Tarmar", "Gənc qvardiya" kimi əsərləri ilə məşhurlaşan, repressiyada iştirak edən, həyatına intiharla son qoyan tanınmış rus yazıçısı Aleksandr Fadeyevdən gedir...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.
Tver əyalətinin Kirmi kəndində inqilabçı ailəsində anadan olan Aleksandr Fadeyev yeniyetmə yaşlarından inqilabi hərəkata qoşulub. Partizan dəstələrinin tərkibində uzaq Şərqdə döyüşlərdə iştirak edib, bir neçə dəfə yaralanıb. Fadeyev Moskvada Dağ-Mədən Akademiyasında təhsil alıb. Tələbəlik illərindən yaradıcılıqla məşğul olub, maraqlı yazıları ilə tanınıb və sevilib. Ona ən çox "Tarmar" ("Razqrom") və "Gənc qvardiya" adlı romanları uğur gətirib. O, bu əsərlərdən sonra həm ədəbi mühitdə, həm də siyasi elita arasında böyük şöhrət qazanıb, diqqət mərkəzinə gəlib. Ciddi yaradıcılıq işləri Fadeyevi zaman-zaman məşhurlaşdırıb və bununla yanaşı, o, Kremlin sifarişlərini də böyük həvəslə icra edib. Mövcud vəziyyətdə partiyanın tələblərinə cavab verə bilməyən, yaxud da vermək istəməyən yaradıcı insanlar onun vasitəsilə cəzalandırılıb.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi fəaliyyət göstərən yazıçını Stalinə böyük sevgisi, partiyaya olan sonsuz sədaqəti daha yüksək pilləyə qaldırıb. Stalinin göstərişlərini böyük ustalıqla və müzakirəsiz həyata keçirən Fadeyev bu ərəfədə bir çox yazıçı və şairləri, mədəniyyət və incəsənət nümayəndələrini ölkənin ədəbi mühitindən sıxışdıraraq uzaqlaşdırıb, digərlərinin isə sürgünə göndərilməsini canfəşanlıqla təmin edib. Maraqlı faktlardan biri odur ki, Fadeyev gündüzlər cəza hökmünə imza atdığı qələm dostlarını axşamlar evlərində ziyarət edib, onlara maddi yardım göstərib, məişət problemlərinin həllində yardımçı olub. Bəlkə də xaraktercə çox həssas bir insan olan Fadeyev partiyaya və dostlara olan sevgisini bu üsulla balanslaşdırıb... Sərbəstliyi və azadlığı sevən Fadeyev üçün gərgin sovet rejimi heç də ürəkaçan olmayıb. Yəqin elə bu səbəbdən yazıçı hədsiz dərəcədə içkiyə meyilli olub. O, bəzən həftələrlə sərxoş vəziyyətdən ayılmayıb. Sözsüz ki, bu da onun nüfuzuna ciddi şəkildə mənfi təsir göstərib.
Deyilənlərə görə, İosif Stalin Fadeyevlə bir neçə gün əlaqə yarada bilmir, nəhayət, xeyli müddətdən sonra onu iş yerində tapır. Stalin soruşur: "Yoldaş Fadeyev, neçə gündür mən sizi axtarıram, hara yoxa çıxmısınız?". Yazıçı çəkinmədən cavab verir: "Yoldaş Stalin, içirdim, "zapoy", ayıla bilmirdim. "Sizdə bu "zapoy" neçə gün çəkir?". Yazıçı deyir: "Düz on iki gün".
Stalin isə gülümsəyərək cavab verir: "Yoldaş Fadeyev, siz çalışın bizim digər kommunistlərimiz kimi "zapoy" müddətini üç günə endirin...
Stalinin vəfatı Fadeyevin həyatını bötövlükdə dəyişir. Xruşovun hakimiyyəti dövründə Fadeyev əvvəlki kimi nüfuza sahib olmur və vəzifəsindən çıxarılır. Bu ərəfədə o, bağ evinə köçərək özünü cəmiyyətdən təcrid edir. Stalin repressiyası qurbanlarının bəraət alması, sürgünə göndərilənlərin geri dönməsi Fadeyevi mənən qorxudur, onlarla üz-üzə gəlmək təhlükəsi onu sarsıdır. Çünki zamanında Fadeyev də Stalinin göstərişi ilə bir çox haqsız sənədlərə imza atmışdı...
Nəhayət, Fadeyev bütün tərəddüdlərdən, qeyri-müəyyənlikdən, vicdanı qarşısında suallara cavab verməkdən qurtulmaq üçün son çıxış yolunu seçir. 54 yaşlı yazıçı tapança ilə sinəsinə atəş açaraq intihar edir. İntihardan qabaq isə Mərkəzi Komitənin ünvanına məktub yazır. Məktubda qeyd olunurdu: "Mənim həyatım bir yazıçı kimi bütün mənasını itirir və mən alçaqlıq, yalan və böhtan kimi üzərimə düşən bu murdar mövcudluqdan böyük sevinclə xilas olaraq həyatdan gedirəm. Son ümidim, bunu heç olmasa, dövləti idarə edən insanlara demək idi, amma 3 il ərzində xahişlərimə baxmayaraq, məni heç kim qəbul edə bilmir. Xahiş edirəm, məni anamın yanında dəfn edəsiniz...".
Bu məktub 44 il məxfi saxlanılsa da, onun vəsiyyəti yerinə yetirilir. O, Moskvada, Novodeviçye qəbiristanlığında anasının yanında dəfn olunur...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.