Adil İsgəndərov
Ondan söhbət gedəndə daha çox "Axırıncı aşırım" filmində canlandırdığı Kərbəlayi İsmayıl və "Qanun naminə"də yaratdığı Kamilov obrazı yada düşür. Əynində mundir, başında papaq əllərini qaldırıb köhnə kişilərə xas "çal, mənim havamı çal, "Heyvagülü" deyib, ağır-ağır oynamağa başlayır Kamilov... Söhbət erməni ssenaristini Bakıdan qovan, mükafatdan imtina edən, gizlincə dəfn edilən Azərbaycanın görkəmli teatr və kino rejissoru, Xalq artisti Adil İsgəndərovdan gedir...
Kərbəlayi İsmayıl kimi ötkəm, Kamilov kimi kövrək və sadəlövh obrazların yaradıcısı Adil Rza oğlu İsgəndərov Gəncədə bəy ailəsində dünyaya gəlib. Soyadı İsgəndərov yox, İsgəndərbəyli olub. Sovet hökumətinin təzyiqləri ilə qarşılaşmamaq üçün Rza bəy soyadını dəyişib. Adilin 6 yaşı olanda atası rəhmətə gedib. O, Teatr Texnikumu və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb, Moskvada rejissorluq təcrübəsi keçib. 1936-cı ildə Akademik Dövlət Dram Teatrına gələn Adil İsgəndərov çox keçmədən bu sənət məbədinə baş rejissor, sonra isə direktor seçilir. 25 ilə yaxın bir dövrdə bu teatrda öz məktəbini yaradır. Heç təsadüfi deyil ki, o vaxtlar bu sənət ocağını "Adil İsgəndərov teatrı" adlandırıblar.
Ağır təbiətli idi, ancaq həmişə qeyri-adi, özünəməxsus zarafatları ilə insanlara xoş ovqat bəxş etməyi sevərdi. Sənət adamları ona "Ədil müəllim" deyə müraciət edirdilər. Zabitəli insan idi. Onunla təmas yaratmaq o qədər də asan deyildi, ancaq dostları, yaxınları deyirdilər ki, Adil müəllimə yaxınlaşdınsa, ondan aralanmaq müşkül işə çevrilir. "Köhnə kişilər"in təbiəti var idi onda. Elə kinoda rol seçəndə də, görünür, təbiətindəki bu ştrixləri nəzərə alırdı. Bu böyük sənətkar həm də güclü təşkilatçı idi, insanlarla dil tapmağı bacarırdı.
Teatrda direktor işlədiyi illərdə tamaşaların keyfiyyəti yüksəlir, repertuarı zənginləşirdi. Yəqin ki, onun bu qabiliyyətini nəzərə alıb C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına direktor təyin etmişdilər.
Həyat yoldaşı Zinaida Fyodorovna ilə tanışlığı dram dərnəyində baş tutub. Adil müəllim ondan 7-8 yaş böyük olub. Bu izdivacdan cütlüyün iki qız övladı - Dilarə və Nigar dünyaya gəlib. Adil müəllim həyat yoldaşının işləməyinə razı olmayıb. Xanımı onun xasiyyətini bildiyindən bu məsələdə israr etməyib.
Onun üçün sənət şəxsi münasibətlərin fövqündə olub. Bu qayğıkeş insan şəxsi münasibətlərlə sənət müəyyən etməzmiş. Bir dəfə Xalq artisti Rza Əfqanlı ilə sözləri çəp gəlir. Bir neçə gün sonra Hüseyn Cavidin "Şeyx Sənan" əsərini tamaşaya qoymaq üçün rol bölgüsünə başlayan Adil İsgəndərov baş rolu Rza Əfqanlıya həvalə edir. Dostları rejissoru qınayır, etiraz edirlər ki, sənin üzünə ağ olan adama niyə baş rol verirsən? Cavab verir ki, qada, mən o obrazda yalnız onu görürəm. "Otello" tamaşasında da baş rolu Ələsgər Ələkbərova verəndə onunla qanlı bıçaq imiş. Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında "On sozdal menya" - deyirmiş.
Məlik Dadaşovla da araları yaxşı olmayıb. Lakin buna baxmayaraq, "Axırıncı aşırım" filmindəki Kərbəlayi İsmayıl obrazına görə layiq görüldüyü mükafatdan imtina edərək Qəmlo obrazını yaradan Məlik Dadaşova verilməsini məsləhət görüb.
Onunla işləyən aktyorların ailə vəziyyəti, sosial həyatı ilə həmişə maraqlanarmış. O dövrdə çətin şəraitdə yaşayan evsiz-eşiksiz xeyli aktyor Adil İsgəndərovun köməkliyi ilə ev alıb. Mərhum sənətkar Şahmar Ələkbərov sağlığında həmişə Adil İsgəndərovun onu ev-eşik sahibi etməyindən danışardı.
68 yaşında Tanrının Adil İsgəndərova verdiyi vaxt sona çatıb. Həmin gün "dahi sovet rəhbəri" L.İ.Brejnev Bakıya növbəti rəsmi səfərə gəlibmiş. Onun bayram əhvali-ruhiyyəsi pozulmasın deyə, sənətkarı gizlin-gizlin axşamın qaranlığında divar dibi ilə aparıb indiki İkinci Fəxri Xiyabanda səssiz-səmirsiz torpağa tapşırıblar...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.