19 dekabr, 2022
Paylaş:

Abraham de Muavr

Fransız əsilli ingilis riyaziyyatçısı, İsaak Nyutonun tələbəsi və köməkçisi- Abraham de Muavr... Öləcəyi tarixi hesablayan bu alim həyatda heç nəyin təsadüf olmadığını, müəyyən hesablamalarla gələcəyi təxmin etməyin mümkünlüyünü sübut edib...

Fransada protestant ailəsində anadan olan Muavrın atası cərrah, anası isə evdar qadın olub. Riyaziyyatçı əslən  fransız olsa da,  Fransada protestantlıq ləğv edildiyi üçün ailəsi ilə birlikdə İngiltərəyə köçüb və ömrünün sonuna kimi Londonda yaşayıb. Analitik həndəsə, ehtimal nəzəriyyəsi sahələrinin inkişafında qabaqcıl işlər görən riyaziyyatçı,  bütün işinə, qətiyyətinə, nüfuzuna baxmayaraq, həyatınının sonuna kimi özünə iş tapa bilməyib. Ömrü boyu kasıbçılıqdan əziyyət çəkən Muavr dolanışığını təmin etmək üçün varlıların uşaqlarına fərdi riyaziyyat dərsləri keçməli olub. Hətta deyilənlərə görə, pul qazanmaq üçün şahmat yarışlarına da  qatılıb.

İşləmək üçün az vaxtı olsa da, zamanla riyaziyyatda irəliləyiş əldə etmiş və dövrünün dahi şəxsiyyətlərindən olan İsaak Nyuton və  Edmond Halley ilə dostluq əlaqələri qurmuşdur.

Rəvayətə görə, bir dəfə Nyuton yanına riyazi xarakterli sualları araşdırmaq üçün  gələnlərə belə deyib: "Muavrın yanına gedin, o bunu məndən yaxşı ayırd edə bilir".

“Letargiya” kimi tanınan  yuxu pozğunluğundan  əziyyət çəkən alim  mümkünsüz olan nəzəriyyəni möcüzə ilə deyil, riyazi hesablamalarla göstərməyi bacarıb. Belə ki, həyatının sonlarına yaxın hər gecə 15 dəqiqə çox yatdığını dərk edib. Alimin hesablamalarına görə, yuxusu hər gecə 15 dəqiqə uzanırsa, 24 saat yuxu yatdığı gün ölməli idi. Maraqlıdır ki, De Muavr 27 noyabr 1754-cü ildə – tam olaraq hesabladığı gündə də  ölüb. Təbii ki, bu nəzəriyyəni sübut etməsə də, mümkün olduğunu göstərə bilib.

Bu mövzuda məşhur fikirlərdən biri də budur ki, Muavr əslində, ölüm tarixini hesablamayıb, sadəcə hər hansı bir tarixdə öləcəyini şərtləndirib. Ehtimala görə, alim Plasebo effektinin zərərli versiyası olan “nosebo” effektindən 87 yaşında vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()