Abbas Səhhət
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi Abbas Səhhət...Onu daha çox orta məktəb illərində oxuduğumuz "Vətənimdir" adlı şeiri ilə xatırlayırıq. Çoxlarımız onun tərcümeyi-halı ilə bağlı bir o qədər də geniş məlumata sahib deyilik. Yalnız Şamaxıda doğulduğunu, Azərbaycanın ilk ali təhsilli həkimlərindən olduğunu, məktəblilər üçün şeir yazdığını və vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Bəs bu böyük mütəfəkkirin hansı şəraitdə öldüyündən xəbəriniz varmı? Çox qısa illik ömrünü başdan-başa faciələr içərisində yaşayan şairin ermənilər tərəfindən evinin yandırıldığını, günlərlə ac-susuz qaldığını, ailə üzvlərinin hamısını itirdiyini bilirdinizmi?..
Abbas Əliabbas oğlu Mehdizadə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc şair Şamaxıda həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən də dərs deyib. İxtisasca həkim olduğu üçün "Səhhət" təxəllüsündən istifadə edib.
Sadə, namuslu və istedadlı bir insan olan A.Səhhət fövqəladə bir hafizəyə və dərin biliyə sahib idi. Maraqlı dərs təcrübəsinə malik olan müəllim daima tələbələri tərəfindən sevilərdi. Bir dəfə ondan "siz həkimsiniz, niyə uzun illərdir müəllimlik edirsiniz?", - deyə soruşublar. O isə belə cavab verib: "Mən müəllimlik etməklə xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm...".
Günlərin biri Şamaxıda, maddi vəsait olmadığı üçün 7-ci sinifdə oxuyacaq uşaqlara kömək etmək məqsədilə Abbas Səhhət bir neçə nəfərlə ətraf kəndlərdən xeyli pul toplayıb, geri dönəndə, Şərididən meşəliyində 4 nəfər əli tüfəngli onların yolunu kəsir, faytondan düşürürlər. Səhhət deyir: "Bu saat biz sizin ixtiyarınızdayıq. Siz nə cür istəsəniz, elə də bizimlə rəftar edə bilərsiniz. Ancaq bir neçə kəlmə sözüm var, icazə verin, onu sizə deyim". Səhhət kim olduqlarını, nə məqsədlə kəndləri dolaşdıqlarını söyləyir və deyir: "O iş üçün ki, biz çıxmışıq, onda şəxsən nə mənim xeyrim var, nə də yoldaşlarımın. Mən həkiməm, yoldaşlarım daha hörmətli adamlardır. Bizim çalışmağımız ancaq körpə balalardan, sənin, onun uşağından ötrüdür. Biz istəyirik onlar oxuyub elmli olsunlar, elin-obanın dərdinə qalıb onlara kömək edə bilsinlər. İndi baxın, fikirləşin, bizimlə nə cür rəftar etmək istəyirsiniz, ixtiyar sizindir". Səhhətin sözündən sonra tüfənglilərin başçısı utancaq halda söyləyir: "Həkim, bu sözləriniz bizə kifayətdir. Üzr istəyirik, yolunuzu davam edin".
Deyilənlərə görə, şair Mirzə Ələkbər Sabir ilə yaxın dost olub. Hər ikisinin Şamaxıda yaşamağı bu dostluğun güclənməsində böyük rol oynayıb. Onlar bəzən birlikdə Bakıya da gəliblər.
Abbas Səhhətin ölümünə səbəb tək aclıq, səfalət və vəba xəstəliyi deyil, 1918-ci ildə bolşeviklərin törətdikləri qətliam idi. Ermənilərin 1918-ci ildə Bakıda törətdikləri qırğınlar Şamaxıda təkrarlandı, 7 min dinc insan qətlə yetirildi. Bu qanlı qırğınlar zamanı Abbas Səhhətin evinə də od vuruldu. Şair əlyazmalarını belə götürməyə macal tapmadı. Ailəsi ilə birgə Gəncəyə üz tutdu. Qana susamış erməni-bolşevik silahlıları onları yolda yaxalayıb əmanətlərini, azuqələrini əllərindən aldılar.
Ermənilərin zülmündən sonra psixoloji gərginlik keçirən, vəba xəstəliyinə düçar olan 44 yaşlı Abbas Səhhət 40 gün yataqda qalmış, səfalət və yoxsulluq içərisində insultdan dünyasını dəyişmişdir. Ağlamaqdan gözünün nurunu itirmiş şairin atası Gəncənin Səbiskar qəbiristanlığında, - oğlunun qəbrini ziyarət edən zaman çuxura yıxılır, təəssüf ki, onun köməyinə gələn olmur, elə quyudaca canını tapşırır, digər ailə üzvləri isə vəbadan ölürlər. Səhhətin ölüm səbəbi kimi məzarı da uzun müddət naməlum qalır.
Nəhayət, illər sonra ədəbiyyatşünas-alim Ə.Səidzadə şairin məzarının axtarışına çıxır və onun dəfn olunduğu yeri tapır. Onun rəhbərliyi və ictimai təşkilatların yardımı ilə həmin yerə məzar daşı qoyulur. Sonralar isə onun məzarı Gəncənin Sahil bağına köçürülür, şairə büst qoyulur...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.