|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 14 may 2010-cu il tarixdə M.Seyidzadənin yeni nəşr olunan “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimini giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb qeyd etdi ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Q.Paşayevanın baş məsləhətçi olduğu dörd min tirajla çapdan çıxan bu nəfis tərtibatlı kitab Azərbaycan xalqının milli qəhrəmanlarına, onların torpaqlarımızın toxunulmazlığı uğrunda apardıqları mübarizəyə həsr olunmuşdur. Əlbəttə ki, bu kitab bizim hamımızın stolüstü kitabımız olmalı, gözümüzün önündə durmalıdır.
Mərasimdə kitabın müəllifi M.Seyidzadə, redaktoru N.Vəliyev, kitabda qəhərmanlıqları əks olunan milli qəhrəmanların yaxın qohumlarından Ə.Məhərrəmova, A.Rəsulov, Ə.Əliyev, C.Abdullayeva, G.Məmmədov, L.Hüseynova və başqaları iştirak edirdilər.
Kitabın müəllifi M.Seyidzadə çıxışında qeyd etdi ki, milli qəhrəmanların həyatının hər bir anını bütövlükdə əhatə edib kitab üzərinə köçürmək çox çətin və ağrılıdır. Bütün adlardan, orden və medallardan üstün Azərbaycanın Milli Qəhrəmanı adıdır. Hər bir nazirlik öz ixtiyarında olan struktura bu kitabı tanıtsa məqsədimizə qismən nail olmuş olarıq.
Milli qəhrəmanların qohumları A.Rəsulov, Ə.Əliyev, C.Abdullayeva, G.Məmmədov, L.Hüseynova hər biri öz çıxışında bu əsərin yüksək dəyər kəsb etdiyini söyləyib belə bir kitabın qələbəmiz haqda yazılacağı günün tezliklə çatmasını arzuladılar. Qeyd etdilər ki, bu kitabın əsl qiymətini qəhrəmanlarımızın ruhu verəcəkdir. Çünki, burada yazılanlar ermənilərə qarşı yönəldilən bir silahdır. Bu kitab hər bir şəhid oğula qoyulan abidədir.
Məktəbli A.Quliyeva özünün şəhidlərə həsr etdiyi şerini söyləmişdir.
Təqdimat mərasiminin sonunda bütün tədbir iştirakçılarına, həmçinin kitabxanaya M.Seyidzadənin “Milli qəhrəmanlar zirvəsi” kitabı hədiyyə kimi verilmişdir.
|