Ana səhifə Haqqımızda Hüquq mərkəzi Elektron kataloq Elektron kitabxana     Foto qalereya Əlaqə
 


Gənclər hərəkatı

    Ümummilli lider
kitabxanalar haqqında


Prezident və mədəniyyət

Yeni kitablar

Aktual mövzular

Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri

Bu ay teatrlarımızda

Təhsil

Qəzet və jurnallar

Azərbaycan kitabxanaları
internetdə


Dünya kitabxanaları
internetdə



Azərbaycan

Tarixi

Xəritəsi

Dövlət rəmzləri

Azərbaycanın turizm
gözəllikləri


Dağlıq Qarabağ problemi

31 Mart-Soyqırım günü
 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 may 2016-cı il tarixdə yazıçı Şahlar Babanın Azərbaycan muğam sənətinin korifeyi, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndəsi Xan Şuşinskinin həyatı və ifaçılıq sənətinə həsr olunmuş “Mən tanıyan Xan əmi” kitabının təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, dəyərli musiqini, gözəl ifanı yüksək qiymətləndirən xalqımız bu il Azərbaycan muğamının ən dərin incəliklərinin bilicisi, mahir xanəndə Xan Şuşinskinin anadan olmasının 115 illiyini qeyd edəcək. 1901-ci ildə Şuşa şəhərində anadan olan görkəmli xanəndə, muğam ustası İsfəndiyar Cavanşir 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə Təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını verir. 1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirir. Xanəndənin repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər də geniş yer alır. Xan xalq mahnılarını xüsusi bir ustalıqla oxuyur, onlara yeni çalarlar əlavə edir. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi Xan Şuşinskidir.

Yazıçı Şahlar Baba Xan Şuşinski ilə 1946-cı ildə ilk görüşündən, onunla bağlı xatirələrindən danışandan sonra “Şuşanın” şerini söylədi. Qeyd etdi ki, ana dilimiz xalqımızın əzəmət və varlığının dayağı olduğu kimi Azərbaycan muğamlarımız da milli musiqimizin dayaq sütunlarıdır. Xan Şuşinski həmişə deyərdi ki, “Musiqi bütün incəsənət növlərinin birincisidirsə, muğamat da bütün musiqilərin tacıdır. Ona görə də o, adına və yerinə layiq oxunmalıdır”. Xan Şuşinski nəinki respublikamızda, həmçinin digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Telman Əliyev çıxışında bildirdi ki, Xan Şuşinski 1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirlərini öyrətmişdir.O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.

Şair Zakir Ağdamlı qeyd etdi ki, çox ecazkar, qeyri-adi səsə malik olan Xan Şuşinski Azərbycan musiqisinin ən uca zirvəsidir. Simfonik orkestrin müşayiəti ilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır.Xan Şuşinski Üzeyir Hacıbəylidən başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub. Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi günümüzə onun cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb.
Tədbirdə həmçinin, “Dünya İctimai Birliyi”nin icraçı direktoru Validə Vəliyeva, “Azərbaycan-İraq” cəmiyyətinin sədri Tahirə Məmmədova, “Həkəri” qəzetinin şöbə müdiri Ənvər Məmmədov, Ağdam rayonu 42 saylı orta məktəbin müəlliməsi İntizar Mustafayeva, Binəqədi rayonu 30 saylı orta məktəbin müəlliməsi Ülkər Nəbiyeva, Bakı Dövlət Universitetinin müəlliməsi İradə Əlili, Türkiyəli qonaq Sevgi Yıldırım, “Respublika” qəzetinin xüsusi müxbiri Rauf İlyasoğlu, Respublika Qadınlar Cəmiyyətinin tələbə və gənclər şöbəsinin üzvü Abutel Mirzəyeva, Respublika Veteranlar və Ağsaqqallar Şurasının üzvü Sevil İsrafilova, 7 saylı Peşə liseyinin idman rəhbəri Əkbər Rüstəmov, “Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəyliyi” ictimai birliyinin sədri Tofiq Əlizadə, şairlərdən Qəşəm İlqar, Oqtay Rza, Şükür Müseyiboğlu, şairə-publisist Mərcan Şahbuzlu, yazıçı-şair Ramiz Əliyev, xanəndə, bəstəkar Oqtay Hacıyev də iştirak edirdilər.
Tədbir boyu görkəmli xanəndə Xan Şuşinskinin ifasında “Şuşanın dağları”, “Kürd-Şahnaz”, “Mİrzə Hüseyn Segahı” səsləndirildi.





  <