|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 5-13 iyun 2010-cu il tarixlərində Ukrayna, Krım Muxtar Respublikasının Sudak şəhərində, kitabxanalar və informasiya resursları müasir aləmdə, mədəniyyət, təhsil, elm – 17-ci Beynəlxalq Konfransda iştirak etmişdir. Konfransı təbrik sözü ilə Krım-2010 Beynəlxalq konfransının təşkilat komitəsinin sədri Y.L.Şrayberq açdı və bütün konfrans iştirakçılarını o cümlədən, Azərbaycan nümayəndə heyətini də salamladı. Konfransın işi müxtəlif seksiya, seminar, dəyirmi masalar və prezentasiyalar şəklində təşkil edilmişdi.
Konfransın gedişatında 7 iyunda Azərbaycan nümayəndələrinin iştirakı ilə “Qara dağ” auditoriyasında “Azərbaycan günü” adlı tədbir keçirildi və orada 50- dən artıq xüsusi olaraq dəvət edilmiş konfrans iştirakçıları və təşkilat komitəsinin işçiləri və digər nümayəndələr iştirak etdilər. C. Cabbarlı adına Respublika Gənclər kitabxanası tərəfindən hazırlanmış “Azərbaycan-odlar yurdu” mövzusunda viderolik nümayiş etdirildi. Videorolikdə Azərbaycanın tarixi keçmişi, dövlət atributları, sərhəd və qonşuları, qədim kitabxanaları, ADR, Azərbaycan ikinci dünya müharibəsi illərində, ümummilli lider Heydər Əliyev, 1988-1993-cü illərdə Erməni terroristləri tərəfində işğal olunan torpaqlar, Xocalı faciəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondu, Mehriban Əliyeva-Azərbaycanın birinci xanımı, Bakı-Azərbaycanın paytaxtı, memarlıq, musiqi, incəsənət, muğam və musiqi alətləri, tolerantlıq, turizm, istirahət zonaları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mədəniyyət sahəsində imzaladığı sərəncamlar, Azərbaycan Milli Kitabxanası, C. Cabbarlı adına Respublika Gənclər kitabxanası (tarixi, strukturu, oxucusu, fondu), İctimai Hüquqi İnformasiya Mərkəzi (yaranması, strukturu, treninqləri) və digər mövzular konfrans iştirakçılarının diqqətinə çatdırıldı.
Eyni zamanda kitabxanamızın İ. Kaspirinski adına Krımtatar kitabxanası ilə gələcəkdə təcrübə mübadiləsi, birgə layihələrin keçirilməsi, kitabxanamızda Krımtatar xalqı haqqında güşələrin yaradılması eyni zamanda qeyd etdiyimiz Kaspirski adına Krımtatar kitabxanasında Azərbaycan haqqında güşənin yaradılması mövzusunda fikir mübadiləsi aparıldı.
Konfransın sonunda ELNİT Beynəlxalq Assosiasiyasının Prezidenti və idarə heyətinin seçilməsi üçün iclas təşkil edildi. ELNİT Beynəlxalq Assosiasiyanın icraçı direktoru, Rusiya Dövlət Elmi-texniki kitabxanasının elm və strateji inkişaf üzrə direktor müavini B.İ.Marşak iclası açaraq, iştirakçılara yeni prezidentin və idarə heyətinin seçilməsinə dair məlumat verdi. B.İ. Marşak Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin mədəniyyət sahəsinə göstərdikləri qayğı və diqqətin təqdirəlayiq olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırdı və qeyd etdi ki, Azərbaycanda İRBİS 64 proqramının tədbiqi çox sürətlə gedir. Bundan sonra Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova ELNİT Assosiasiyasının İdarə Heyətinə açıq səsvermə yolu ilə üzv seçildi. Beləliklə, ELNİT Assosiasiyasının İdarə Heyətinə 11 nəfər üzv seçilmişdi (sədr daxil olmaqla). Sözügedən məsələ Azərbaycan kitabxanaçılarının daha bir böyük uğuru hesab edilir.
|