|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 18 noyabr 2009-cu il tarixdə Qafqaz Media İctimai Birliyinin xeyriyyəçilik missiyası ilə Gözdən Əlillər üçün Respublika İnternat məktəbinin şagirdlərindən Nurlanə Nursuzun “Körpə ömrüm səninlə bir qocalı”, Mansur Qadirin “Necə sevməyim?” kitablarının təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimində Qafqaz Media İB-nin sədri Azadə Taleh Abbas qızı, müavini X.Rəhman qızı, şairə Nurəngiz Gün, “Həkəri” qəzetinin baş redaktoru Əli Xankişiyev, “Aşıq Pəri” məclisinin yaradıcılarından biri Səadət Məmmədova, Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək İctimai Birliyinin sədri Nazlı Zeynalova, Neft Akademiyasının dosenti Sona Əliyeva, həkim Nəzakət Məmmədova, şahmat üzrə beynəlxalq çempion Haqq Rüstəmovun anası Ceyran Rüstəmova, Azərbaycan Respublikasının xalq artisti Rəhilə Bəndəliyeva, müğənni Rühəngiz Allahverdiyeva, əməkdar mədəniyyət işçisi Arif Muradov, Prezident mükafatçısı Zərəngiz Dəmirçiqayalı iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Azadə Taleh Abbas qızı açıb Qafqaz Media İB-nin fəaliyyətə başladığı ilk gündən xeyriyyəçilik prinsipini əsas tutmasından, bu məqsədlə yüzlərlə imkansıza həm maddi, həm də mənəvi yardım göstərmələrindən danışmışdır. Qeyd etmişdir ki, növbəti xeyriyyə işləri də Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək Ictimai Birliyi ilə birlikdə N.Nursuzun “Körpə ömrüm səninlə bir qocalı” və Mansur Qadirin “Necə sevməyim?” kitablarının nəşr olunmasıdır.
Şairə Nurəngiz Gün öz çıxışında hər iki birliyin cəmiyyətdəki imkansızlara, atılmışlara dayaq durmalarından, onlarla tez-tez görüşüb problemlərini həll etmələrindən danışmışdır. Öz çıxışını M. Qadirin “Dünya, aç qapını qoy çıxım gedim” şeiri ilə bitirmişdir.
Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək Ictimai Birliyinin sədri hər iki gənc şairin yaradıcılığını yüksək qiymətləndirmiş onlardan poeziyaya, şeiriyyətə olan güclü həvəsi alqışlamışdır.
“Həkəri” qəzetinin baş redaktoru Əli Xankişiyev Qafqaz Media İB-nin xeyriyyəçilik məqsədi ilə gördüyü bir sıra xeyirxah işlərdən danışandan sonra hər iki gənc şairin ədəbi yaradıcılığının dərinliklərini xüsusi vurğulamışdır. C.Rüstəmova, R.Bəndəliyeva, R.Allahverdiyeva, Z.Dəmirçiqayalı da Qafqaz Media İB-i və “Azyaşlıların Hüquqi Maariflənməsinə Kömək IB” xeyirxah missiyalarından danışmış M.Qadirin və N.Nursuzun yeni kitabları haqqında öz rəylərini bildirmişlər. Tədbir hər iki müəllifin öz ifalarında söylədikləri şeirlər ilə başa çatmışdır.
|