|
|
Azərbaycanın Milli qəhrəmanı Məmmədov Nizami Murad oğlunun anım gününə həsr olunmuş dəyirmi masa
|
C. Cabbarlı adına Respublika Gənclər kitabxanasında 27 fevral 2010-cu il tarixdə Azərbaycanın Milli qəhrəmanı Məmmədov Nizami Murad oğlunun anım gününə həsr olunmuş dəyirmi masa keçirilmişdir.
Milli qəhrəmanının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Tədbiri giriş sözü ilə açan Respublika Gənclər kitabxanasının direktoru T. Sadıqov qonaqları salamlamış və bir Azərbaycanlı kimi belə qəhrəman oğulların anım gününün qeyd olunmasını mənəvi borcu hesab etdiyini bildirmişdir. Belə bir missiyanı öz üzərinə götürdüyünə görə “Milli Qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadəyə təşəkkür etmişdir.
Dəyirmi masada “Milli Qəhrəman” qəzetinin redaksiya heyəti, milli qəhrəman N. Məmmədovun qardaşı R. Məmmədov, döyüşçü yoldaşları, həmyerliləri, şəhid ailələri iştirak etmişdilər.
Qəzeti baş redaktorun müavini N. Vəliyev milli qəhrəman N.Məmmədovun doğma Xankəndindəki uşaqlıq illərindən, hərbi xidmətdən, könüllü döyüşə getməyindən, botalyon komandiri kimi şüçaətindən danışdı, həmçinin belə qəhrəman oğullar haqqında kitablar yazılmasını, filmlər çəkilməsini arzuladı.
O, millət vəkili Qənirə Paşayevanı və WEB PORTAL-ın açılmasında dəstək olan bir neçə təşkilatın köməkliyini yüksək qiymətləndirdi.
Şəhid ailəsində olan D. Rəhimova bəzi insanların şəhidlərin adından sui-istifadə etməsindən,
onlara qarşı etinasız və biganə münasibətindən gileyləndi.
Şəhid atası Abdulla müəllim bildirdi ki, belə oğullar böyüdən valideynlər, övladlarının qəhrəmanlığı ilə fəxr etməlidirlər. O hamını “Milli Qəhrəman” qəzeti ətrafında sıx birləşməyə və onu tanımağa çağırdı.
Anım gününü “Milli Qəhrəman” qəzetinin baş redaktoru M. Seyidzadə yekunlaşdıraraq qeyd etdi ki, “Milli Qəhrəman” dövlətin ən böyük fəxri adıdır və o bütün orden və medallardan yüksəkdə durur. Biz bu gün qəhrəmanlarımızı cəmiyyətə tanıtmalıyıq ki, gələcək nəsil də bu ənənəni yaşatsın. O bütün ailələri şəhidlərin xatirəsini uca tutmağa səslədi.
Kitabxananın direktoru T. Sadıqov dəyirmi masa iştirakçılarına keçirilən tədbirlərin kitabxananın web-saytında əks olunacağını xatırlatdı.
Tədbir keçirilən müddətdə şəhid qəhrəman Məmmədov Nizaminin döyüş yolu haqqında ekran görüntüləri nümayiş etdirildi.
Şəhid ailələri, milli qəhrəmanın döyüşçü yoldaşları “Milli Qəhrəman” qəzetinin redaksiya heyətinə, kitabxananın direktoru T. Sadıqova təşkilatçılıq dəstəyinə görə öz təşəkkürlərini bildirdilər.
|
|
|
|