|
Mədəniyyət və Turizm Nazirliyinin yenilikləri
Azərbaycan kitabxanaların 77-ci Beynəlxalq Forumunda (İFLA) təmsil olunmuşdur
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev cari ilin 13-18 avqust tarixlərində Puerto-Rikoda keçirilən “İFLA-2011” Beynəlxalq Kitabxana Konfransında iştirak etmişdir.
İFLA (Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyası) Konqresində San Juan şəhərinin Qubernatoru təmsil edən, Puerto-Rikonun Mədəniyyət İnstitutunun icraçı direktoru Mersedes Qomes Marrero, şəhərin merini təmsil edən və həmin institutun direktoru Fernando Akiar-Karraskilo, İFLA-nın İdarə Heyətinin üzvləri, Kitabxana Assosiasiyalarının üzvləri, İFLA-nın üzvləri iştirak edirdilər. Açılış mərasiminin plenar iclasında professor, tarixçi doktor Fernando Piko (Puerto-Riko) çıxış etmişdir.
Konfransın ən maraqlı tədbirlərindən biri “Biliklərə imkan açan kitabxanalar” mövzusu olmuşdur. Burada əhalini keyfiyyətli kitabxana və informasiya xidməti ilə təmin etmək, informasiyanın yeni növlərinin istifadəsi və yaradılması, informasiyanı əldə etməyin mühümlüyü və yeni biliklərin yaradılması məsələləri öz əksini tapmışdır.
2011-ci ilin konfransının mövzusu “Kitabxanalar, kitabxana olmağından daha çoxdur: inteqrasiya, innovasiya və informasiya hamı üçün” devizi altında keçirilmişdir.
Burada müxtəlif peşəkar qruplar formalaşmış və müxtəlif bölmələrdə biblioqrafiya bölməsi, rəqəmsal strategiyalar üzrə İFLA-nın Alyansı, informasiya texnologiyaları bölməsi, milli kitabxanalar bölməsi və s. keçilmişdir.
Mədəniyyət və turizm nazirinin birinci müavini V. Əliyev Baş Konfransda və Kitabxana Assosiasiyalarının və İnstitutların Beynəlxalq Federasiyasında, habelə bir sıra aktual bölmələrin işində (rəqəmsal strategiyalar üzrə İFLA-nın Alyansı, biliklərin idarə olunması bölməsi, informasiya savadlılığı bölməsi) iştirak etmişdir.
Bundan başqa, o, milli kitabxanaların direktorlarının konfransında, habelə “Hökumət kitabxanaları”, “Hüquq kitabxanaları” bölmələrində iştirak etmişdir.
İnformasiya savadlılığı bölməsində çoxmədəniyyətli əhali üçün informasiya savadlılığının mühümlüyü: tələbat, strategiya, proqramlar və kitabxanaların rolu geniş müzakirə olunmuşdur.
İFLA-nın baş katibi Cennifer Nikolson İFLA-nın konfranslarının kitabxana və informasiya peşəsində, beynəlxalq şəbəkələrin yaranmasında rolunu xüsusi qeyd etdi.
Konfrans günlərində beynəlxalq Kitabxana Sərgi Yarmarkası təşkil olunmuşdur. Bu yarmarkada kitabxana-informasiya sahəsində tətbiq olunacaq yeni texnologiyalar, çap və elektron formada ən yeni nəşrlər nümayiş olunmuşdur.
Tədbirdə müəllif hüquqları haqqında xüsusi məruzələr dinlənildi. İFLA-nın müəllif hüquqları komitəsinin sədri Viktoriya Ouen qeyd etdi ki, materialların və xidmətlərin daha çox elektron formada hazırlanmasına müəllif hüquqlarının kitabxanaların həyatında daha əhəmiyyətli rol oynamasına səbəb olur.
O, qeyd etmişdir ki, bugün onlar kitabxanalararası abonement, surətlərin saxlanılması, elektron nəşrlərinin təqdim edilməsi ilə məşğul olurlar.
Bildiririk ki, dünyanın 3 bölgəsində İFLA-nın 3 regional ofisləri (Amerika və Karib ölkələri, Asia və Okeaniya, Afrika) fəaliyyət göstərir.
İFLA-nın 77-ci konfransında dünyanın 140 ölkəsindən qonaqlar iştirak etmişdir.
Azərbaycan kitabxanalarının yeni beynəlxalq əlaqələri
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektoru Bosniya və Hersoqovina Federasiyasının kitabxanaları ilə əlaqə yaratmışdır.
Bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun nümayəndəsi Bosniya və Hersoqovinaya səfər etmişdir. Səfər çərçivəsində Tuzla şəhərinin meri cənab Jasmin İmamoviç, Tuzla kantonunun baş nazirinin mədəniyyət və informasiya sahəsi üzrə köməkçisi Jasna Hifziefendiç, Tuzla Kantonunun mədəniyyət, təhsil, elm sahəsi üzrə köməkçisi Zlatko Dukiç, “Dervis Susic” Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç və bir sıra kitabxana rəhbərləri ilə görüşlər keçirilmişdir. Görüşlərdə Azərbaycan, onun zəngin mədəniyyəti, kitabxanaları, habelə respublikamızda aparılan quruculuq işləri, ölkəmizin inkişafı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektorunun məsləhətçisi Samir Abbasov “Dervis Susic” Kütləvi və Universitet Kitabxanasında Azərbaycan guşəsinin yaradılması təklifi ilə çıxış etmiş və sözügedən təklif şəhər rəhbərliyi, kitabxananın rəhbərliyi tərəfindən qəbul olunmuşdur. Azərbaycan guşəsi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı və s. mövzularda müxtəlif nəşrlərin göndərilməsi razılaşdırılmışdır.
Səfər çərçivəsində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır. Memoranduma əsasən iki tərəf arasında əməkdaşlıq əlaqələrinin qurulması, kitabxana-informasiya sahəsinin aktual məsələlərinə dair təcrübə mübadiləsinin aparılması, birgə layihələrdə iştirak, birgə nəşrlərin hazırlanması, qarşılıqlı təşkil olunan seminar və konfranslarda iştirak, hər iki kitabxanada dövlətlərin mədəniyyətini, tarixini, turizmini, ədəbiyyatını təbliğ etmək məqsədi ilə sərgi və guşələrin yaradılması nəzərdə tutulmuşdur.
“Dervis Susic” Kütləvi və Universitet Kitabxanasının direktoru xanım Enisa Zuniç Balkan Kitabxanalar Birliyinin koordinatoru və ölkə nümayəndəsidir. Bu məqsədlə Azərbaycan kitabxanalarının Balkan Kitabxanalar Birliyində təmsil olunması müzakirə edilmiş və bu təşkilata üzvlüklə bağlı Azərbaycan kitabxanalarına müvafiq köməkliyin göstərilməsi razılaşdırılmışdır.
Bundan başqa, Bosniya və Hersoqovinanın “Dervis Susic” Kütləvi və Universitet Kitabxanası və Azərbaycanın F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Qardaşlaşmış Kitabxanalar” elan olunmuşdur.
Səfər müddətində Bosniya və Hersoqovina müharibəsi nəticəsində şəhid olan “Serbinidza” qurbanlarının uyuduğu toplu məzarlıq və memorial kompleks ziyarət edilmişdir.
|