Tədbirlər - RYL

Go to content

Main menu:

Tədbirlər
Ümumi tədbirlər


  • 30-cu Beynəlxalq Kitab Sərgi-Yarmarkası.
Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 06 -10 sentyabr  2017-ci il tarixlərdə  30-cu Beynəlxalq Kitab Sərgi-yarmarkası keçirildi. Tədbirdə  Azərbaycandan dəvət olunan nümayəndə heyəti ilə birlikdə  Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov da iştirak etdi. Sərgi-yarmarkada Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə qurulan stenddə ölkəmizin kitabları da nümayiş edildi.  Azərbaycan stendində ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elm və turizm imkanlarını əks etdirən nəşrlər,- ümumilikdə yüz əlli adda kitab və çap məhsulları nümayiş olundu. Sərgidə Qarabağ həqiqətlərini əks etdirən ədəbiyyatlara da xüsusi yer ayrıldı. Sərgi-yarmarka başa çatdıqdan sonra bütün kitablar ölkəmizin Rusiyadakı səfirliyinə təqdim edildi.
  • Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci konfransı.
Həştərxan Vilayətində 25 avqust  2017 - ci il tarixdə  “Kitabxana işinin gənc peşəkarlığı” mövzusuna həsr olunmuş “Kitabxana işi üzrə Xəzərətrafı ölkələrin Assambleyasının 5-ci  konfrans”ı keçirilmişdir. Konfransda   Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov “Azərbaycanda Azərbaycan  Respublikası Gənclər Kitabxanasının  İnformasiyalaşdırması ” mövzusunda çıxış etmişdir. Tahir Sadıqov öz çıxışında Azərbaycanda Gənclər Kitabxanasının müasir fəaliyyətinin əsas parametrlərindən biri olan daxili iş proseslərinin informasiyalaşdırılması sahəsində yeni informasiya – kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini konfrans iştrakçılarının nəzərinə çatdırdışdır. Həmçinin, cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında kitabxanaların əvəzsiz rolundan, bu sahədə əsaslı islahatların aparılmasından, 06 oktyabr 2008-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasında kitabxana- informasiya sahəsinin 2008-2013 -cü illərdə inkişafı üzrə dövlət proqramının əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının Beynəlxalq  əlaqələrini,  Soçi-Adler, Anapa, Moskvada keçirilən beynəlxalq konfranslarda iştraklarını, eləcə də Azərbaycanın Gəncə şəhərində keçirilən “Gənclər – innovasiyalar Kitabxanalar”  Azərbaycan-Rusiya elmi- praktiki konfransını xüsusi qeyd etmişdir. Əldə edilmiş şifahi razılığa  əsasən çox qısa zamanda Həştərxan Vilayəti Gənclər Kitabxanası və digər kitabxanalarla əməkdaşlığa dair müqavilələrin imzalanması nəzərdə tutulur. Konfrans materialları 2017-ci ilin axırına kimi çap ediləcək və bir nüsxə kitabxanamıza göndəriləcək.
  • 23 Avqust
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  23 avqust 2017-ci il tarixdə Füzuli və Cəbrayıl rayonlarının işğalının 24 illiyi münasibəti ilə “Faciəli tarix” mövzusunda tədbir keçirildi. Tədbiri  giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini  Xalidə Musayeva açıb qeyd etdi ki, 1988-ci ildən başlayan Ermənistan silahlı birləşmələrinin təzavüzü nəticəsində 1993-cü ilin avqust ayının 23-də  mühüm coğrafi  mövqeyə, təbii sərvətlərə, çoxəsrlik tarixə malik olan  Füzuli və Cəbrayıl rayonları da işğala məruz qaldılar. Hər iki rayon darmadağın edildi, ərazisi zəbt olundu, nahaq qanlar töküldi. Azərbaycana qarşı ədalətsiz müharibə aparıldığını, onun ərazi bütövlüyünün pozulduğunu və torpaqlarının ermənilər tərəfindən işğal olunduğunu BMT də təsdiq etmişdir. BMT Təhlükəsizlik Şurası 1993-cü il oktyabrın 14-də Füzuli, Cəbrayıl rayonlarının  işğalını pisləyən və həmin ərazilərin tərk edilməsini tələb edən 874 və 884 №-li qətnamələr qəbul etsə də  əvvəlki qətnamələr kimi, bu qətnamələr də yerinə yetirilməmişdir. Tarixçi-tədqiqatçı Nazim Tapdıqoğlu Füzuli və Cəbrayıl rayonlarının işğal tarixi, bu işğalın nəticəsi kimi itirilən ərazilərimiz, maddi sərvətlərimiz, həmçinin, şəhidlərimiz haqqında geniş məlumat verdi. Müəllifi olduğu  “Cəbrayıl rayonu və onun toponimiyası”, “Füzuli rayonu və onun toponimiyası”, “Azərbaycan faciələrinin təqvimi” kitablarını kitabxanaya hədiyyə verdi. “Ərgünəş” mətbəəsinin direktoru Oqtay Əliyev Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsindən, zəngin Qarabağ torpaqlarının zəbt olunmasından, maddi-mədəni sərvətlərimizin məhv edilməsindən faktlarla çıxış etdi. “Heydər Əliyev və Azərbaycanın milli qəhrəmanları. Müqəddəs amal”, iki cildlik “Seçilmiş əsərləri”, “Çinarlaşan ömür” kitablarını kitabxanaya hədiyyə verdi. Füzuli rayonunun sakinləri Xanlar Qasımov, Rasim Hüseynov, Cəbrayıl rayonunun sakini Vaqif Rüstəmov hər iki rayonun erməni qəsbkarları ilə müharibədə şəhid olan qəhrəmanlarından, itirilən ərazilərimizdən danışdılar. Tədbirdə həmçinin, BMT-nin Miqrant Qaçqınlar Mərkəzinin rəhbəri Zəminə Səfərova, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Elmi Tədqiqat İnstitutunun baş eimi işçisi, polkovnik-leytenant Nərgiz Abdullayeva, Füzuli rayonunun sabiq icra başçısı Şakir Abbasov, “Azərbaycan tribunası” qəzetinin baş redaktoru Səbuhi Mehdiyev, iqtisadçı İftixar Zeynalov, “Klassik Xalq Cəbhəsi” partiyasının təmsilçiləri İman İmanov, Mayis Muradov,  jurnalist  Mehbalı Alışoğlu, şəhid atası Tahir Axundov, ADR hərəkatının üzvləri Asif İsmayılov, Zakir Hüseynov, Teymur Məmmədov, “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə, Füzuli və Cəbrayıl rayonlarının sakinləri də iştirak edirdilər. Tədbir “Milli qəhrəmanlar”  adlı foto-stendə baxışla sona çatdı.
  • 19 İyul
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  19 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası” və “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin xətti ilə “Unudulmaz incəsənət və kino xadimlərimiz” silsiləsindən  xalq artisti, “Şöhrət” ordenli  Canəli Əkbərovla  görüş keçirildi. Tədbiri  giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb   Canəli Əkbərovun həyatı, Azərbaycan muğam sənətinin inkişafında, təbliğində fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi ki, görkəmli sənətkar muğamın sirrlərini atasından öyrənmiş, müəllimləri Seyid Şuşinski və Xan Şuşinskidən muğam ifaçılığının qayda-qanunlarını mənimsəmiş, öz ifaçılıq qabiliyyətini təkmilləşdirmişdir. Musiqi təhsilini  Azərbaycan Dövlət Musiqi Məktəbində almış, Dövlət Filarmoniyasında,  Dövlət Opera və Balet Teatrında solist kimi uğurlar qazanmışdır. Xanəndə  teatr səhnəsində uzun illər Məcnun, İbn Səlam, Şah İsmayıl,  Aşıq Qərib kimi obrazlar yaratmışdır. Canəli Əkbərov hal-hazırda muğam müəllimi kimi gənc xanəndələr nəslini yetişdirir. “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə Canəli Əkbərovun vətənini, xalqını sevən və onun dəyərlərinə dəyər qatan bir insan olduğunu bildirdi. Respublikanın xalq artisti Simarə İmanova ifaçılıq sənətində qazandığı uğurlara görə Canəli Əkbərovun dəstəyini xüsusi vurğuladı. Çıxışını  muğam  ifası ilə bitirdi. Respublikanın əməkdar artisti Nuriyyə Hüseynova, görkəmli xanəndə Canəli Əkbərovun tələbələri bir neçə musiqi nömrəsi ilə çıxış etdilər. Respublikanın xalq artisti, “Şöhrət” ordenli Canəli Əkbərov Azərbaycan muğam sənətindəki çoxillik fəaliyyətindən, yaradıcılıq uğurlarında müəllimilərinin, xüsusilə, Xan Şuşinskinin böyük dayağından danışdı. Tədbirdə həmçinin, “Xəbər Press az.” saytının jurnalisti Esmira Mirzəyeva, “Bütöv Azərbaycan” qəzetinin redaktor müavini Azadə Bayramova, həkim Elxan Babayev, Azərbaycan Texniki Universitetinin müəllimləri Nailə Mirzəyeva, Rəhilə Teymurova, “İlham çeşməsi” qəzetinin şöbə müdiri, şairə, publisist Mahirə Zahidli, həkim, şair Şahlar Baba, şair Nadir Qədimli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edirdilər.
  • 18 İyul
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 18 iyul 2017-ci il tarixdə   “Ağdam rayonunun işğalı. Qarabağ mövzusu şair və yazıçılarımızın yaradıcılığında” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən Qarabağın mübarizlik istinadgahı olan Ağdam rayonu işğal edilmişdir. Artıq o qanlı tarixdən düz 24 il ötür. İşğaldan əvvəl Ağdamda yüzlərlə sosial-iqtisadi tikinti obyekti, sənaye,  ticarət, ictimai iaşə, məişət müəssisəsi, sosial bina, həmçinin, məktəbəqədər uşaq, ümumtəhsil müəssisələri, bir neçə ali məktəb filialı, mədəniyyət evi, muzeylər, klublar, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan “Çörək muzeyi” var idi. İndi onların hamısı dağıdılaraq məhv edilmişdir. Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir. Biz əminik ki, tezliklə bu haqsızlığa mütləq son qoyulacaq, məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar. Veteran jurnalist Rey Kərimoğu Qarabağın işğal tarixindən danışandan sonra Qarabağ müharibəsinin qazısı, şair, publisist Rafael Tağızadənin yaradıcılığı, bu yaradıcılığın əsas xüsusiyyətləri ətrafında öz fikirlərini söylədi. Azərbaycanın əməkdar artisti Azad Şükürov şair, publisist Rafael Tağızadənin Qarabağ mövzusunda yazdığı bir neçə şerini söylədi. “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs Qarabağ müharibəsində hadisələrin ilk günlərindən ən böyük ağırlıqların məhz Ağdamın üzərinə düşməsindən danışdı. Asif Məhərrəmovun (Fred Asif) qardaşı Ədalət Məhərrəmov Ağdamsız ötən illərin ağrı-acısından danışaraq Qarabağ döyüş məktəbini kişilik məktəbi adlandırdı. Tədbirdə həmçinin, şair Nadir Qədimli, politoloq Taleh Əliyev, “Qarabağ azadlıq təşkilatı”nın üzvü Rəsmiyyə Qarayeva, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, müğənni, bəstəkar Elxan Rəsuloğlu, “Respublika veteranlar təşkilatının üzvü Vəfa Həbibzadə, şair-publisist Şahlar Baba,    “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, yazıçı Eyvaz Zeynalov, məcburi köçkünlər Fəxrəddin Rəcəbov, Nadir Qədirli, Vasif Qurbanzadə də iştirak edirdilər. Tədbirin sonunda “Ağdamsız 24 il” adlı kitab sərgisinə baxış keçirildi.
  • 23 İyun
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 iyun 2017-ci il tarixdə  Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü manasibəti ilə “Qüdrətli Azərbaycan ordusu” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1918-ci il iyun ayının 26-da Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə korpus yaranmışdır. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin milli ordusunu yaratmasına hüquqi əsas vermişdir. 1991-ci il oktyabr ayının 9-da Milli Ordunun yaranması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 22 may 1998-ci il tarixli qərarına əsasən, 26 iyun – Silahlı Qüvvələr Günü elan olunmuş və hər il Azərbaycan xalqı bu günü bayram kimi qeyd edir. Bu gün mübariz ruhda köklənən, tarixi təməl üzərində sürətlə inkişaf edən Azərbaycan ordusu tezliklə Qarabağı da düşmən əsarətindən xilas edəcəkdir. Qarabağ müharibəsi veteranı Rafael Tağızadə çıxışında bildirdi ki, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətlənməsi və işğal olunmuş ərazilərimizi istənilən an azad etməyə qadir mükəmməl bir orduya çevrilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən göstərilən yüksək əzmkarlıq ulu öndər Heydər Əliyev ideyalarının davam etdirilməsi deməkdir. Qarabağ müharibəsi veteranı Ədalət Məhərrəmov qeyd etdi ki, bizim hamımızın əsas məqsədimiz vətənə, dövlətə, millətə, bayrağımıza sadiqliyi, milli-mənəvi dəyərlərimizi, dövlətçiliyimizi qorumaq, müasir gənc nəsli də bu istiqamətdə tərbiyə etməkdir. Şairə Şərafət Dağıstanlı, şair Zakir Ağdamlı, şair-publisist Şahlar Baba  qüdrətli Azərbaycan ordusunun yaranması, mübarizəsi haqqında danışandan sonra müəllifləri olduqları şerlər söylədilər. Tədbirdə həmçinin,  şair-publisist Rauf İlyasoğlu, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, Qarabağ müharibəsi veteranları Fəxrəddin Rüstəmov, Salman Xudaverdiyev, ictimaiyyətçi Xalidə Dəmirəl də iştirak edirdilər. Tədbir boyu Azərbaycan ordusunun sücaətini əks etdirən slaydlar nümayiş olundu.
  • 14 İyun
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 iyun 2017-ci il tarixdə  15 iyun Milli Qurtuluş gününün 20-ci ildönümünə həsr olunmuş  “Azad Azərbaycanım” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri kitabxananın direktoru Tahir Sadıqov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi  “Bu gün Heydər Əliyev bizimlə deyil. Ancaq o, ürəyimizdə yaşayır, qəlbimizdə yaşayır, onun əməlləri, ideyaları yaşayır, onun siyasəti yaşayır və əbədi yaşayacaqdır" sözləri ilə açdı.  Qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu ildən-ilə daha da artır. Şairə Şərafət Dağıstanlı çıxışında bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı  xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur.  Şərafət Dağıstanlı çıxışını müəllifi olduğu “Müstəqil Azərbaycan” şeri ilə bitirdi. Şair-publisist Şahlar Baba  bildirdi ki, dahi öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaratmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesinin başlanmasına səbəb olmuşdur. Heydər Əliyevin zəhməti və siyasəti nəticəsində hazırda Azərbaycan güclü inkişaf dövrünü yaşamaqdadır. Şahlar Baba çıxışınının sonunda “Dünyamız” şerini söylədi. Gənc şairə Ülkər Piriyeva “Bu aprel ayında” şeri, müğənni, bəstəkar Elxan Rəsuloğlu “Ey vətən” mahnısı ilə çıxış etdilər. Tədbirdə həmçinin, “Ana və uşaq” ictimai birliyinin mətbuat katibi Şeyla Nəsirova, “Məktəb” qəzetinin redaktoru Xuraman Əzizova, 7 saylı Bakı Peşə Liseyinin müəllimi Əkbər Rüstəmov, məcburi köçkün Fəxrəddin Rəcəbov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə də  iştirak edirdilər. Tədbir boyu ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı, Milli Qurtuluş gününə həsr olunmuş  qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirildi.
  • 25 May
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 25 may 2017-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycanım mənim” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 28 may 1918-ci il  tarixi müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan etmiş və ölkənin müstəqilliyi yenidən bərpa olunmuşdur. Xalqımız ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq müstəqil Azərbaycan dövlətini yaratmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Prezident İlham Əliyevin 06 may 2017-ci il tarixdə verdiyi Sərəncama əsasən isə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqdır. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə  üçrəngli bayrağımızın yaranmasından danışandan sonra bildirdi ki, xalqımız 1918-ci il mayın 28-də çar Rusiyasının bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən azad oldu, Şərqin ilk demokratik respublikasının təməlini qoydu. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu. Şair-publisist Şahlar Baba çıxışında bildirdi ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz ulu öndər Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən bu dahi rəhbərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcəkdir. Şahlar Baba çıxışını Respublika gününə həsr etdiyi şerlə bitirdi. Müğənni, bəstəkar Elxan Rəsuloğlu iki musiqi nömrəsi ilə çıxış etdi. Tədbirdə həmçinin, Azərbaycan EA Memarlıq İnstitutunun dosenti Səyyad Bayramov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, N.Nərimanov rayonu “Qarabağ Əlilləri, Şəhid Ailələri və Veteranları” ictimai birliyinin sədri Salman Xudaverdiyev, “Şəhid Ailələrinə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Respublika Veteranlar Təşkilatı”nda təşkilatçı Vəfa Həbibzadə, “Ana və Uşaq” ictimai birliyinin mətbuat katibi Şölə Nəsirova, şairə Şərafət Dağıstanlı da iştirak edirdilər. Tədbir boyu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunmuş qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Yaşa Azərbaycan” adlı kitab sərgisinə baxış keçirildi.
  • 22 May
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 22 may 2017-ci il tarixdə            “Gənclər narkomaniyaya “yox” deyirlər” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” ilə əlaqədar Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2017-ci il üçün iş Planı ilə əlaqədar kitabxanada təşkil edilən bir sıra tədbirlər haqda danışandan sonra bütün gəncləri narkotiksiz sağlam həyata, sağlam gələcəyə səslədi. Kompüter üzrə operator Emil Əliyev narkomaniyanın dərəcələrindən, simptomlarından danışandan sonra hər bir ailədə böyüyən gənc nəslin hansı mühitdə əylənmələrinə, dostlarının pis vərdişlərinə qoşulmamalarına xüsusi nəzarət edilməsinin zəruriliyini vurğuladı. Qeyd etdi ki, narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri stabil şəraitin yaranmasına səbəb olur. Əsrin bəlası sayılan narkomaniya ilə mübarizə aparmaq hər bir kəsin borcudur. Kitabxanaçı Rəvanə Məlikova narkotik vasitələr, onların qanunsuz dövriyyəsi, narkomanlığa qarşı mübarizəyə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları haqqında məlumat verdikdən sonra bildirdi ki, gələcəyi məhvə sürükləyən narkomaniya Azərbaycan gəncləri arasında da geniş yayılıb. Çox çətin də olsa həm ailədə, həm də cəmiyyətdə bu istiqamətdə ən güclü mübarizə aparılmalıdır. Böyük kitabxanaçı Tamilla Məmmədova hazırladığı “Gələcəyimizi birlikdə qoruyaq, narkomaniyaya “yox” deyək” adlı otuz səhifədən ibarət biblioqrafik göstəricinin oxucuların istifadəsinə verildiyini bildirdi. Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər. Tədbir boyu “Ölümü sifariş edənlər” adlı qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Narkomaniya,- ağ ölüm” adlı kitab sərgisinə baxış keçirildi
  • 10 May
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 10 may 2017-ci il tarixdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü  münasibəti ilə “Xalqın yaşadacaq, tarix unutmayacaq” mövzusunda anım günü keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, ümummilli lider Heydər Əliyev 1923-cü il may ayının 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində dünyaya gəlmişdir. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır. Başlanan müharibə ona təhsilini başa çatdırmağa imkan verməmişdir. O, Naxçıvan MSSR-da  Xalq Daxili İşlər Komissarlığında, Xalq Komissarları Sovetində xidmət edəndən sonra Leninqrad və Moskva şəhərlərində xüsusi ali təhsil almış və həmçinin,  Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1969-cu ildə  dahi rəhbər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilmişdir. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1990-cı ildə yenidən Azərbaycana qayıtmış, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olmuş,  1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.  Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında bildirdi ki, ümümmilli lider Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmışdır. BDU-nun tələbəsi Jalə Mustafazadə dahi rəhbərin Azərbaycanın daxili və xarici siyasətindəki xidmətlərindən danışıb bütün gəncləri dahi rəhbər Heydər Əliyev dühasından bəhrələnməyə səslədi. Tədbirdə Bakı Dövlət Universitetinin  “Kitabxanaçılıq və informasiya” fakültəsinin tələbələri iştirak edirdilər. Tədbir boyu ümummilli lider, dahi öndər Heydər Əliyevin Azərbaycanın rifahı, daxili və xarici siyasəti sahəsində fəaliyyətini əks etdirən kadrlar nümayiş olundu. Anım gününün sonunda “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda kitab sərgisinə baxış keçirildi.
  • 08 May
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 08 may 2017-ci il tarixdə Şuşanın işğalının 25 illiyi münasibəti ilə “Şuşa həsrəti” mövzusunda tədbir keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb qeyd etdi ki, 1977-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında" qərar qəbul edilmişdi. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir bəy Hacıbəyovun, Xurşidbanu Natəvanın və Bülbülün ev muzeyləri yaradılmış, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdı. 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu.   Nəticədə minlərlə eksponatın olduğu muzeylər talan edildi, yüzlərlə tarix-mədəniyyət abidələri dağıdıldı,  çox sayda nadir əlyazma nümunələri məhv edildi, təhsil və səhiyyə ocaqları xarabazara döndərildi, bir vaxtlar təkrarolunmaz təbiətinə görə «Qafqazın cənnəti» adlandırılan yerlər xarabazara çevrildi. Tarixçi-tədqiqatçı, BDU-nin müəllimi Nazim Tapdıqoğlu çıxışında bildirdi ki, bütün dünyanın, beynəlxalq təşkilatların işğalçı ölkə kimi tanıdığı Ermənistanın silahlı qüvvələri Qarabağın konservatoriyası adlandırıln, vaxtilə iyirmi üç min əhaliyə,  iki yüz səksən doqquz kvadrat kilometr əraziyə malik, otuz yeddi kənddən ibarət, Qarabağın üzük qaşı, gözəl havası, ecazkar memarlığı, təkrarsız gözəlliyi ilə öyündüyümüz  Şuşa şəhərində Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atmışlar. Şair-publisist Şahlar Baba qeyd etdi ki, Şuşanın inzibati mərkəz olması onun iqtisadi cəhətdən yaxşı inkişaf etməsi, həm də şəhərin füsunkar coğrafi mövqeyi buranın uzun müddət Azərbaycanın elm, poeziya, xüsusilə də musiqi mədəniyyəti mərkəzi olmasına böyük təsir göstərmişdir. Lakin çox ağır olsa da həqiqət budur ki, Şuşa kimi tarixi diyarımız, gözəl yurdumuz  artıq iyirmi beş ildir ki, erməni qəsbkarları tərəfindən tamamilə məhv edilmişdir. Şahlar Baba çıxışını uşaqlıq illərinin xatirələri ilə yaddaşına həkk olunan Şuşaya həsr etdiyi  “Şuşa”, “Şuşanın” şerlərini söyləməklə bitirdi.     Tədbirdə həmçinin, “Sahibkarlıq və hüquq” qəzetinin redaktoru Məhərrəm Şəmkirli, “İlham çeşməsi” qəzetinin şöbə müdiri Mahirə Zahidli, Laçın rayonu sakini Sücaət Hüseynova, “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə, BDU-nun tələbələri də iştirak edirdilər. Tədbir boyu  Şuşaya həsr olunmuş mahnılar səsləndirildi, işğaldan əvvəlki və sonrakı görünüşünü əks etdirən süjetlər nümayiş olundu. Tədbirin sonunda “Şuşa- İtirilmiş cənnət” adlı kitab sərgisinə baxış keçirildi.
  • 05 May
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 may 2017-ci il tarixdə Azərbaycanın kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin xatirə gecəsi keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb görkəmli sənətkarın həyatı, aktyorluq və rejissorluq fəaliyyəti haqqında geniş məlumat verərək qeyd etdi ki, Ceyhun Mirzəyev 1946-cı ildə Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirdikdən sonra Moskva şəhərində təhsilini davam etdirib. Onun 46 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi, rejissor vəzifələrində işləyib, həmçinin, aktyor kimi Azərbaycan tamaşaçılarının rəğbətini qazanıb. “Ögey Ana”, “Görüş”, “Lətifə”, “Yol əhvalatı”, “Yenilməz batalyon”, “Koroğlu”, “İstintaq davam edir”, “İşarəni dənizdən gözləyin”, “İmtahan” və bu kimi doxsana yaxın filmlərdə çəkilib. Son çəkdiyi və həmçinin, baş rolun ifaçısı olduğu “Fəryad” filmini isə özü görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Azərbaycan Dövlət Mükafatı laureatı, kino operatoru Kənan Məmmədov Ceyhun Mirzəyevin rejissor kimi son filmi “Fəryad”ın çəkilişləri zamanı baş vermiş maraqlı, təsirli anlardan danışdı. Azərbaycanın əməkdar artisti Elxan Qasımov bildirdi ki, Ceyhun Mirzəyev çox səmimi və vətənpərvər insan idi. Kinostudiyada onunla görüş zamanı həmişə vətənpərvərlik mövzusunda söhbətlərimiz olardı. Geyhun Mirzəyevin ürəyi daima Qarabağla döyünürdü. Azərbaycanın xalq artisti Şamil Süleymanlı Ceyhun Mirzəyevlə bağlı xatirələrindən, kino çəkilişlərində onun böyük əməyindən söhbət açdı. Vaxtsız qırılan aktyor ömrünün Azərbaycan kino sənətində ağır itki olduğunu bildirdi. Tədbir boyu görkəmli kino aktyoru və rejissoru Ceyhun Mirzəyevin çəkildiyi və özünün rejissoru olduğu filmlərdən fraqmentlər göstərildi. Tədbirdə həmçinin, Azərbaycanın xalq artisti Eldost Bayramov, AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı, kinoşünas İlqar Əsgərov, iqtisadçı İftixar Zeynalov, iki şəhid anası Dürnisə Əliyeva, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, müğənni, bəstəkar Elxan Rəsuloğlu, Ağdam rayonunun məcburi köçkünü Fəxrəddin Rəcəbov, şairlər Zakir Ağdamlı və Şahlar Baba, BDU-nun tələbələri də iştirak edirdilər.
  • 12 Aprel
Azərbaycanın Əməkdar artisti Elxan Qasımovla görüş keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb görkəmli aktyor Elxan Qasımovun həyatı və Azərbaycan kino salnaməsindəki əvəzsiz xidmətləri haqqında məlumat verdi. Bildirdi ki, Elxan Qasımov  M.A.Əliyev adına ADİİ-nun aktyorluq  fakültəsini bitirdikdən sonra təhsilini   Leninqrad DT MKİ-nun rejissorluq fakültəsində davam etdirmişdir. 1969-cu ildən C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasında kino fəaliyyətinə başlamışdır. Bədii-sənədli filmlərin, eləcə də "Mozalan” süjetlərinin müəllifidir. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov aktyor Elxan Qasımovun kino fəaliyyətində 18 yaşında ikən çəkildiyi “Əhməd haradadır” filmində yaratdığı Əhməd obrazının özünəməxsus yer tutmasından danışdı. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz  Dəmirçiqayalı Elxan Qasımovu hər zaman bizə örnək olan sənətkar adlandırdı. Qeyd etdi ki, Elxan Qasımov kino sənətindəki bütün obrazlarını  sevərək yaratmışdır. Şair Oqtay Rza Elxan Qasımovun kino aktyorluğu və rejissorluğu sahəsində fəaliyyətindən danışıb onu kino cəngavəri, Azərbaycan kinosunun dəyərli qəhrəmanı adlandırdı. Çıxışını ona həsr etdiyi şerlə bitirdi. Azərbaycanın Əməkdar artisti Elxan Qasımov həyatı, əlli dörd illik aktyorluq və rejissorluq fəaliyyəti haqqında geniş məlumat verdi. Çəkildiyi və çəkdiyi filmlər haqqında danışandan sonra tədbir iştirakçılarının suallarını cavablandırdı. Tədbir boyu “Əhməd haradadır”, “Biz qayıdacağıq” filmlərindən fraqmentlər nümayiş etdirildi. Tədbirdə həmçinin,  “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva, “Yada düşdü” jurnalının əməkdaşı Elşad Dağlı, İrəvan Teatrının aktyorları Zülfiyyə Eldar qızı, Əjdər Zeynalov,  “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva,  müğənni, bəstəkar  Elxan Rəsuloğlu, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə, ADMİU-nun müəllimi Aqşin Babayev, şairə Mərcan Şahbuzlu, Solmaz Kürçaylı, şairlər Şahlar Baba, Zakir Ağdamlı, jurnalist Əhməd İsayev, yazıçı Məhərrəm Şəmkirli, 163 saylı orta məktəbin müəlliməsi Xatirə Kərimova, BDU-nun tələbələri  də iştirak edirdilər.
  • 31 mart
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 mart 2017-ci il tarixdə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş  “Soyqırım, milli faciə” mövzusunda tədbir keçirildi. Tədbir vətənin azadlığı, suverenliyi uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları hələ1905-1907-ci illərdən azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. 1918-ci ilin 30 mart 03 aprel tarixləri arasında əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanmışdır. Nəticədə minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə azərbaycanlıların ermənilər tərəfindən soyqırım faktları ətrafında çıxışından sonra  gənclərimizi tariximizi dərindən öyrənməyə səslədi. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva   erməni vandalizmindən danışandan sonra “Qarabağ. Közərən xaç” filmi haqqında geniş məlumat verdi. Şair Oqtay Rza gənclərdə vətənpərvərlik hissini gücləndirməyə səslədi və Qarabağ mövzusunda yeni yazdığı şerlərini oxudu.
    Azərbaycan Pedaqoji Kollecin tələbələri Xəyalə Əliyeva, Nailə Baxşəliyeva, Ləman Vəlixanlı  Azərbaycana, Qarabağa həsr olunmuş şerlərdən ibarət ədəbi kompozisiya ilə çıxış etdilər. Tədbir boyu erməni vəhşiliklərinin sübutu olan sənədli film nümayiş etdirildi. Tədbirdə həmçinin, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva,  AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz  Dəmirçiqayalı, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva,  Şəhid Ailələrə Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, 7 saylı Peşə Məktəbinin müəllimi Əkbər Rüstəmov, şairlər  Zakir Ağdamlı və Şahlar Baba, müğənni, bəstəkar  Elxan Rəsuloğlu, “Azad Qələm” cəmiyyətinin üzvü  Şükür Müseyiboğlu, “Qarabağ Əlillər Cəmiyyəti”nin üzvü Salman Xudaverdiyev, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “İnsan Hüquqları Müdafiə Mərkəzi”nin üzvü Səyyd Bayramov da iştirak edirdilər. Tədbirin sonunda “Milli soyqırım” adlı kitab sərgisinə baxış keçirildi.
  • 23 Fevral
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 fevral 2017-ci il tarixdə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Xocalı faciəsi, faciəli Xocalı” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda  şəhid olanların əbədi xatirələrinin  bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Kitabxananın direktoru Tahir Sadıqov tədbiri ümummilli lider, dahi öndər Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir"- sözləri ilə açdı. Qeyd etdi ki,   ümummilli lider Heydər Əliyevin  1 mart 1994-cü il tarixdə verdiyi Sərəncama əsasən  26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir. Bu qanlı hadisə Azərbaycanda "Xocalı soyqırımı", digər ölkələrdə isə "Xocalı qətliamı" kimi anılır. “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə çıxışında bildirdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinin işğalı  etnik azərbaycanlılara qarşı törədilmiş ən qanlı faciədir. Qarabağ müharibəsi iştirakçısı Arif Məhərrəmov çıxışında qeyd etdi  ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.  Hər bir xalq onun yolunda canından keçənlərin sayəsində yaşayır və ucalır. Azərbaycanı da daim qəhrəmanlar yaşadacaqlar. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır. AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz  Dəmirçiqayalı Xocalı hadisələrində hərbi telefonçu Dürdanə Ağayevanın səkkiz gün ermənilərin əlində əsrlikdə qalarkən gördüyü dəhşətlərdən, işgəncələrdən danışdı. Qeyd etdi ki, vətənpərvərlik ruhunda böyüyən gənc nəsil bilməlidir ki,  Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Şair Qəşəm İlqar Ruhdaş Xocalı faciəsinin tarixi, əsas səbəbkarları, erməni xəyanətindən danışandan sonra müəllifi olduğu “Xocalı yarası” şerini söylədi. Tədbirdə həmçinin, fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanov,  Qarabağ müharibəsi veteranı Sabir Məmmədov, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, “Şəhid Ailələrə Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, Ağsaqqallar Məclisinin Binəqədi Təşkilatının üzvü Vəli Qarabağlı, şair-publisist Rauf İlyasoğlu, “Peşə Yönümlü Təhsilin İnkişafına Yardım” birliyinin sədri İradə Əlili, Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışinski, “Dünya” Ana və Uşaq ictimai birliyinin direktoru Validə Vəliyeva, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva,“Yada düşdü” jurnalının təsisçisi Nəzakət Məmmədova, Nərimanov rayon “Veteranlar Şurası”nın üzvü Zemfira Mustafayeva, mühasib Hafiz Səfərov, jurnalist Nəzakət Bədirova, yazıçı Məhərrəm Şəmkirli, şairə Solmaz Kürçaylı, şair  Zakir Ağdamlı  da iştirak edirdilər. Tədbir boyu Xocalı faciəsini əks etdirən slaydlar nümayiş etdirildi. Tədbirin sonunda “Xocalı fəryadı” adlı kitab sərgisinə baxış keçirildi.
  • 20 Fevral
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 fevral 2017-ci il tarixdə “Günaz.az” saytının redaktoru, “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlunun “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının təqdimatı keçirildi. Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda  şəhid olanların əbədi xatirələrinin  bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Təqdimat mərasimini giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının  Rusiya Federasiyasında hərbi xidmətini başa vurub Azərbaycana qayıdan kimi könüllü olaraq Qarabağ uğrunda gedən müharibəyə qoşulan,  şəhid olduğu 7 iyun 1992-ci il tarixə qədər əsl qəhrəmanlıq yolu keçən Bayram Məmmədovun qısa, lakin şərəfli döyüş yolundan bəhz etməsindən danışdı. Həmçinin, qeyd etdi ki, Bayram Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2005-ci il 30 iyun tarixli sərəncamı ilə  ölümündən sonra Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı ilə təltif edilib. Şair-publisist Rauf İlyasoğlu çıxışında bildirdi ki,  “Bayramsız Laçın, Laçınsız Bayram” əsəri  2008-ci ildə çap olunmuş “Heyf səndən, ay Laçın” kitabının davamı olaraq yenidən işlənmiş və əlavə materiallar da daxil edilməklə oxuculara təqdim edilmişdir. Kitaba Bayram Məmmədovun atasının xatirələri, nəsihətamiz kəlamları, eləcə də igid qəhrəman haqqında məqalələr, şerlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilmişdir. Bayram Məmmədovun atası Məhəmməd Məmmədov çıxışına oğlunun cəbhəyə gedərkən son dediyi “Əgər şəhid olsam bütün Azərbaycan sənin balan olacaq” sözləri ilə başladı. Birinci Qarabağ müharibəsində ön cəbhəyə yollanan Bayramın ilk döyüş yolunun Ağdam istiqamətindən düşməsindən və bu yolu şərəflə davam etdirməsindən danışandan sonra  “Oğlumun şəhid olması mənim üçün baş ucalığıdır” dedi.     Professor, yazıçı-publisist Ziyadxan Nəbibəyli,  Aytam”  Uşaqların Mədəni  Maarifləndirilməsi ictimai birliyinin   sədri  Aygün Zamanlı,  şairə Mərcan Şahbuzlu, “Şəhid ailələrinə Dəstək” ictimai birliyinin üzvü Almaz Zeynalova, “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində çöx böyük əhəmiyyət kəsb etməsini, bu kitabın bütün orta məktəblərdə mütləq təbliğ olunmasının vacibliyini xüsusi vurğuladılr. Təqdimat mərasimində həmçinin,  Azərbaycan Kooperasiya Universitetinin müəllimi, professor Zahid Məmmədov, professor  Tofiq Seyidzadə, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Məmmədov, Əmək və Müharibə veteranı, daxili xidmət polkovniki Həmid Cəfərov, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov, əməkdar jurnalist Bəbir Yusifov, Bayram Məmmədov adına Minkənd orta məktəbin direktoru İlqar Şahverdiyev,  şair-publisist Məmməd Qəhrəmanoğlu, türk şair-publisist Fəsi  Alıoğlu,  “Qarabağ Əlillər Cəmiyyəti”nin sədri Salman Xudaverdiyev,  Nərimanov rayon “Şəhid ailələrinə Dəstək” ictimai birliyinin sədri Elçin Əzizov,  şair Oqtay Rza, şairə Mənsurə Alışlı, Bayram Məmmədovun ailə üzvləri, döyüş yoldaşları  da iştirak edirdilər. Təqdimat mərasimində orta məktəb şagirdləri Ayxan İmanov və Fatimə Fitayeva qəhrəmanlıq mövzusunda şerlər söylədilər, Minkənd məktəbinə həsr olunmuş film nümayiş etdirildi.
  • 02 Fevral
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 02 fevral 2017-ci il tarixdə “Gənclər gələcəyimizdir” mövzusunda görüş keçirildi. Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb 2 fevral  tarixinin Gənclər Günü kimi elan edilməsinin  ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, məhz ulu öndərin ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuş,  prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim  hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz  dahi rəhbər  Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilmiş, 1997-ci ildən isə verdiyi  sərəncama əsasən  2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlamışdır.  Tahir Sadıqov həmçinin, çıxışında Azərbaycan gənclərinin inkişafımızın hər sahəsində uğurlarından və torpaqlarımızın toxunulmazlığı naminə göstərdikləri qəhrəmanlıqlardan da danışdı. Yasamal Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Məmmədov bildirdi ki, bu günün gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsi  çox yüksəkdir. Gənclərimiz öz uğurları ilə dünyanın hər yerində Azərbaycan bayrağını qaldırırlar. Əgər Rusiya Federasiyasında Vladimir Putinin sərəncamı ilə bir Azərbaycan gənci İqtisadi İnkişaf Nazirinin müavini təyin olunursa, bu yalnız respublikamız üçün böyük fəxrdir. Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva  çıxışında qeyd etdi ki, bu günün gəncliyi Azərbaycanın sabahı, gələcəyidir. Azərbaycanın öz gəncləri ilə fəxr etməyə sözün əsl mənasında haqqı vardır. Çünkü, bu günkü gənclik Azərbaycanı hər bir sahədə dünya miqyasında təmsil etməyə qadirdir. Bakı Dövlət Universitetinin tələbəsi Ədilə Ramazanova, Pedaqoji Universitetin tələbəsi Çinarə Nağıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Leyla Əsədullayeva 2 fevral Gənclər Gününün elan olunma tarixindən danışandan sonra  bu günkü Azərbaycan gənclərinin idman, elm, incəsənət və digər sahələrdə respublikamızın adına uğur, qələbə yazmalarından, himnimizi səsləndirib bayrağımızı qaldırmalarından söhbət açdılar. Tədbirdə həmçinin, “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə, Respublika Qadınlar Cəmiyyəti Nərimanov rayon şöbəsinin üzvləri Rəna Xudiyeva, Təranə Qasımova, Yeganə Ələkbərova, psixoloq, psixoterapevt Şəfəq Qurbanova, şair-publisist Şahlar Baba, şairə Mərcan Şahbuzlu, AMEA-nın əməkdaşı Cahangir Qocayev, Azərbaycan Radiosunun diktoru Eldost Bayramov, “Şəhid Ailələrə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Ədalət.az” saytının rəhbəri Yasəmən Qəyyumlu,  Bakı milyonçusu Ağamusa Nağıyevin nəvəsi Dilarə Ağamusa, BDU-nun, Azərbaycan Dillər Universitetinin tələbələri də iştirak edirdilər. Bədii hissədə aktyor Əli Nur şer söylədi, “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin üzvü, müğənni, bəstəkar  Elxan Rəsuloğlu və  Asəf Zeynallı adına Kollecin tələbə ansamblı musiqi proqramı ilə Ceyhun Qənbərovun ifasında bir neçə mahnıyla  çıxış etdilər. Tədbirin sonunda “Azərbaycan gəncliyi, Azərbaycanın gələcəyi” adlı kitab sərgisinə baxış keçirildi.
  • 19 Yanvar
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 19 yanvar 2017-ci il tarixdə qanlı yanvar faciəsinin 27- ci ildönümünə həsr olunmuş “Qara yanvar, qanlı tarix” mövzusunda anım günü keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə ötən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır. 1994-cü il mart ayının 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi” ictimai birliyinin prezidenti Tofiq Əlizadə çıxışında qeyd etdi ki, 20 Yanvar Azərbaycanın taleyinə yazılmış təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Artıq 20 yanvar faciəsindən 27 il ötməsinə baxmayaraq günahkarlar mütləq cəzalandırılmalıdırlar. “Carçı nyus” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda günahsız insanların qətlə yetirilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqının milli oyanışını, ərazi bütövlüyünü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi olmuşdur. Tədbirdə həmçinin, yazıçı-publisist Şahlar Baba, Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinin tələbələri də iştirak edirdilər. Tədbir boyu 20 yanvar faciəsini əks etdirən qısa metrajlı film nümayiş olundu. Tədbirin sonunda “Azərbaycanın qan yaddaşı- 20 yanvar” adlı kitab sərgisinə baxış keçirildi.
 
 
html counterсчетчик посетителей сайта
Back to content | Back to main menu