|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanası 26 may 2010-cu il tarixdə 28 may Respublika günü münasibəti ilə “Azadlığı qazanmışıq qram-qram” başlığı altında elmi-praktik konfrans keçirmişdir.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin nəzdindəki ağsaqqallar şurasının sədr müavini, pedoqoq R.Cavadov, Bakı Bələdiyyə Teatrının direktor müavini, əməkdar incəsənət işçisi Y.Məmmədov iştirak edirdilər.
Elmi-praktik konfrans Azərbaycan dövlət himninin oxunması və istiqlaliyyət, azadlıq uğrunda şəhid olanların ruhlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Konfransı giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva açıb qeyd etdi ki, müsəlman şərqində Azərbaycan ilk demokratik respublikadır. 1918-ci ilin mart ayında təşkil edilmiş qırğınlardan sonra Azərbaycan milli qurtuluş üçün yeganə yolun istiqlaliyyət uğrunda mübarizə, milli hakimiyyət yaratmaq olduğunu dərk etmiş, həmin ilin may ayının 28-də Tiflisdə Azərbaycanın istiqlaliyyəti elan olunmuşdu.
Kitabxanaçı Z.Əhmədova “Xalq Cümhuriyyətinin yaranma tarixi” adlı məruzəsində qeyd etdi ki, Xalq Cümhuriyyəti həmçinin yüksək istedad və qabiliyyəti, özünəməxsus mədəniyyəti ilə seçilən xalqımızın siyasi şüur səviyyəsini, intellekual və idarəçilik potensialının göstəricisi oldu.
Kitabxanaçı R.Vahabzadə “Xalq Cümhuriyyəti” adlı məruzəsində Gəncənin Xalq Cümhuriyyətinin ilkin paytaxtı seçilməsindən, 1918-ci ilin sentyabr ayınadək orada fəaliyyət göstərməsindən danışdı.
R.Cavadov “Müsəlman şərqində ilk demokratik respublika” adlı məruzəsində qeyd etdi ki, ulu öndər Heydər Əliyev söyləmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifəsi kimi qalacaq və yaşayacaq.
Y.Məmmədov respublikanın istiqlaliyyət qazandığı dövrdən bu günədək Azərbaycan incəsənətinin inkişafından danışdı.
Şöbə müdirləri X.Məmmədova, Z.Mehdiyeva, baş kitabxanaçı X.Əsgərova, kompüter üzrə operator Ş.Zeynalova Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından keçən bu dövr ərzində Respublikanın inkişafı, tərəqqisi, sivil Avropa dövlətləri səviyyəsinə çatmasından danışdılar.
Elmi-praktik konfransın sonunda “Azərbaycan Cümhuriyyəti” başlığı altındakı kitab sərgisinə baxış keçirildi.
|