|
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 24 dekabr 2010-cu il tarixdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri namizədi, fəlsəfə doktoru, Əli Eyvazovun “Bir batalyonun tarixi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirlə əlaqədar “Vətən mənə oğul desə...” başlığı altında kitab sərgisi açılmışdı.
Təqdimat mərasimini kitabxananın direktoru T.Sadıqov açıb, torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizəyə həsr olunmuş bu kitabda qəhrəmanlıqları bəhs olunan Azərbacan oğullarından, kitabın mütləq nəsillərdən-nəsillərə keçəcəyindən danışdı.
Tədbirdə hüquq elmləri namizədi, yazıçı Əli Eyvazov, mədəniyyət və turizm nazirliyinin kitabxana işi sektorunun müdiri Lətifə Məmmədova, filologiya elmləri namizədi Esmira Şükürova, əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, “Milli qəhrəman” qəzetinin baş redaktoru Mirbəşir Seyidzadə, yazıçı-publisist İntiqam Mehdizadə, yazıçı-publisist Nüşabə Məmmədli və KİV nümayəndələri iştirak etmişlər.
L.Məmmədova bu kitabın yaranmasında, nəşr olunmasında Mədəniyyət və Turizm naziri cənab Ə.Qarayevin xüsusi xidmətindən, redaksiya heyətinin əvəzsiz zəhmətlərindən danışmışdır. Qeyd etmişdir ki, 17 il bundan qabaq yaranan 23 nömrəli Quba-Qusar özünümüdafiə könüllülər batalyonunun döyüş yolunu əks etdirən bu kitab dəqiq faktlar, real hadisələr əsasında yazılmış elə bir əsərdir ki, onu tək Quba-Qusarın deyil, Azərbaycanın tarixi adlandırmaq olar. İnternet məkanında da hər bir kəs bu kitabı izləyə bilər.
X.İsmayılova dedi ki, mən çiyinlərimdə həmişə Vətən, xalq yükünü daşımışam. Kitabın yaranmasına da öz xidmətimi əsirgəməmişəm. Mən təklif edirəm ki, bu kitab bütün məktəb kitabxanalarına verilsin, orada hər bir şagirdin stolüstü ədəbiyyatına çevrilsin.
Ə.Şükürova kitaba ön söz yazarkən keçirdiyi ağır hisslərdən Quba-Qusar batalyonunun simasından, Azərbaycanın mərd, mübariz, ölümü vətənsizlikdən uca tutan oğulların tərənnümündən danışmışdır.
M.Seyidzadə, Y.Sadıqlı, İ.Mehdizadə, R.Cavadov da Quba-Qusar batayonunun torpaqlarımızın toxunulmazlığı uğrunda mübarizə yolundan, bu şərəfli yolun “Bir batalyonun tarixi” kitabında geniş əhatə olunmasından danışdılar.
Müəllif Ə.Eyvazov qəhrəmanlığın təcəssümü olan bu kitabın təqdimatını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum gününə düşməsini xüsusi vurğuladı. Qeyd etdi ki, ulu öndərimiz Heydər Əliyevin göstərişi və tövsiyəsi ilə hər il 27 dekabr günü 23 nömrəli Quba-Qusar özünümüdafiə könüllülər batalyonunun yaranma günü kimi qeyd edilir. Batalyonun itkin düşən və şəhid olan əsgərləri Azərbaycan xalqının ürəyində daim yaşayacaqdır.
Tədbir boyu Quba-Qusar batalyonunun döyüş səhnələrini əks etdirən slaydlar nümayiş etdirilmişdir. Bədii hissədə prezident təqaüdçüləri, gənc ifaçılar Z.Quliyeva və N.Qəhrəmanovanın ifasında xalq mahnıları səslənmişdir.
|