 |
C.Cabbarlı adına Respublika Gənclər kitabxanasında 16 noyabr 2011-ci il tarixdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin kitabxanaşünaslıq kafedrasının müdiri, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Prezidentin fəxri təqaüdçüsü, “Şöhrət” ordenli, tarix elmləri doktoru, professor Abuzər Xələfovun anadan olmasının 80 illir yubileyi münasibəti ilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru T.Sadıqov açıb qeyd etdi ki, Professor A.Xələfov mədəniyyət, kitabxana işi, kitabxanaşünaslıq, təhsil və informatika sənədlərinin tarixinə, inkişafına və nəzəriyyəsinə dair 300-dən artıq monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifidir. T.Sadıqov Abuzər Xələfovun elmi yaradıcılığı ilə bərabər onun insani keyfiyyətlərindən xüsusilə danışdı. O qeyd etdi ki, “80 yaşın ucalığı” kitabında 218 nəfər alim və dəyərli ziyalılar Abuzər Xələfov haqqında ürək sözlərini yazmışlar. Mən inanıram ki, kiçik bir təşəbbüs olsa 218 nəfər yox bəlkə də 2 milyon nəfər bu dahi alim haqqında fikir söyləyə bilər.
T.Sadıqov çıxışını Abuzər müəllimdən dərs aldığı tələbəlik illərinin xatirələri ilə bitirdi və arzu etdi ki, ona uzun ömür can sağlığı və 100 illik yubileyini qeyd edək.
 |
Görüşdə pedaqoji elmlər namizədi, dosent M.Məmmədov A.Xələfovun həyat və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış etdi. M.Məmmədov geniş məruzəsində A.Xələfovun elmi, pedaqoji fəaliyyətini, Azərbaycanda kitabxanaşünaslıq elminin, kitabxana işinin inkişafının hüquqi normalarının işlənib hazırlanmasındakı böyük əməyini əhatə etdi. Onun cəmiyyət qarşısındakı xidmətlərinin bir sıra orden və medallarla, dövlət orqanlarının və ictimai təşkilatların fəxri fərmanları ilə mükafatlandırılmasını qeyd etdi.
Tədbirdə pedaqoji elmlər namizədi, dosent K.Aslan,tarix elmləri doktoru, pofessor B.Allahverdiyev, tarix elmləri üzrə fəlsəfə doktoru P.Kazımi, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin müəllimi R.Qardaşov, Xətai MKS-nin direktoru O. Quliyev, Yasamal Rayon Heydər Əliyev adına Muzey Mərkəzinin direktoru S.Seyidzadə, “Dünya Azərbaycanlı gənclərinin beynəlxalq həmrəyliyi” cəmiyyətinin prezidenti T. Əlizadə iştirak etdilər.
 |
Kitabxananın elmi işlər üzrə direktor müavini X.Musayeva Abuzər müəllimin elmi arayışlarında Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiyanın tarixi və nəzəri problemlərinin mühüm yer tutmasını xüsusi vurğulayandan sonra söylədi ki, onun Azərbaycan kitabxanaşünaslığının inkişafı sahəsindəki xidmətləri Azərbaycan kitabxanası tarixində mühüm yer tutur.
B.Abdullayev öz çıxışında görkəmli akademikin elmi arayışlarından danışandan sonra qeyd etdi ki, fəaliyyət sferası həddindən artıq geniş olan Abuzər müəllimi BDU-nun elmi pedaqoji və ictimai həyatında təsəvvür etməmək mümkün deyildir.
K.Aslan, T.Əlizadə, X.Məmmədova, R.Qardaşov da A.Xələfovun əvəzsiz xidmətlərindən, Azərbaycan kitabxanaşünaslığına gətirdiyi yeniliklərdən, elmi-pedaqoji fəaliyyətindən danışdılar.
Akademik A.Xələfov uzun illərin gərgin axtarışlarla keçən pedaqoji və elmi fəaliyyət yolundan xatirələr danışıb bütün qalan ömrünü də məhz bu yola sərf edəcəyini fəxrlə söylədi.
Görüşün sonunda A.Xələfovun həyat və yaradıcılığı əks etdirən “Abuzər Xələfov - 80” kitab sərgisinə baxış keçirildi.
Tədbirdə KİV nümayəndələri də iştirak etmişlər.
|