|
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasının yaxşılaşdırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 |
Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunub saxlanılmasında, tədqiqi və təbliğində Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi xidmətləri vardır.
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində mühafizə olunan mövcud eksponatların restavrasiyası və yenilərinin alınması üçün Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Elmlər Akademiyasına bir milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən vəsaitin Azərbaycan Milli Elmlər Akademiyasına ayrılmasını təmin etsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ayrılmış vəsaitin Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən təqdim olunmuş plana əsasən aidiyyəti üzrə istifadəsinə nəzarəti təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral 2008-ci il
|